Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Paşinyan Putinə meydan oxuyur

Paşinyan Putinə meydan oxuyur


10-07-2024, 15:26
Paşinyan Putinə meydan oxuyur
Ermənistan növbəti dəfə ABŞ ilə hərbi təlim keçirəcək.

Belə ki, 15-24 iyul tarixlərində Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimlərinin keçiriləcəyi açıqlanıb. Qeyd olunub ki, təlimin keçirilməsində əsas məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.

Maraqlıdır, Ermənistan bu addımı ilə Rusiyaya meydan oxumağa çalışır?

Bəs bütün bunların fonunda rəsmi Moskva İrəvana qarşı hansısa addım ata bilər?

Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, ABŞ bir neçə dəfə Ermənistanda hərbi təlimlər keçirib:

“Əlbəttə ki, bu gün rəsmi səviyyədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyən və Rusiyanın hərbi bazasının olduğu Ermənistanda ABŞ-nin hərbi təlimlər keçirməsi Kremli ciddi şəkildə narahat edir. Bu gün bütövlükdə Ermənistan ərazilərində Qərb kəşfiyyatı üçün geniş imkanlar yaradılıb. Əvvəlcə, Avropa İttifaqının mülki müşahidə missiyası adı altında oraya bir qrup keçmiş hərbçi göndərildi. Bu isə Rusiyanın ciddi formada narahat edirdi. Həmçinin, ABŞ-nin daha əvvəl Ermənistanda keçirdiyi hərbi təlimə də Rusiyanın diplomatik rəhbərliyi kəskin münasibət ortaya qoymuşdu”.

Politoloq qeyd edib ki, rəsmi İrəvan ABŞ ilə yaxınlaşaraq və hərbi təlimlər keçirərək Rusiyaya qarşı meydan oxuyur:

“Təbii ki, rəsmi Moskva bu münasibətlərində İrəvanla arasında yaranan “çat”ların daha da dərinləşməsini müşahidə edir. Amma Rusiyanın hansısa radikal addım atması Ermənistanı tamamilə itirməyi ilə nəticələnə bilər.

Həm də nəzərə almaq lazımdır ki, Ermənistan o qədər böyük güc faktoru deyil ki, Rusiya ona qarşı hansısa hərbi addım atmağa qərar versin. ABŞ-nin Ermənistanda hərbi təlimlər keçirməsinə Rusiya sadəcə iqtisadi təzyiq siyasəti ilə cavab verməyə çalışacaq. Hesab edirəm ki, bu da Ermənistanın iqtisadi cəhətdən Rusiyadan asılılığından xilas olmaq üçün Qərbdən alternativ imkanlar üçün daha çox cəhd göstərməyinə səbəb olacaq”.

Geri qayıt