Əsas Səhifə > Güney Press > "Demokratik, şəffaf seçkilər keçirilməsini istəyirik"

"Demokratik, şəffaf seçkilər keçirilməsini istəyirik"


25-06-2024, 13:09
"Demokratik, şəffaf seçkilər keçirilməsini istəyirik"
“Fikrimcə, öncə ölkədə referendum, sonra parlament seçkiləri keçirilsəydi, daha yaxşı olardı. Ölkənin siyasi, iqtisadi, sosial, idarəetmə problemlərinin həlli yalnız referendum keçiriləndən sonra mümkündür. Əvvəl referendum, sonra parlament seçkilərinin keçirilməməsinin səbəbi isə Ermənistandır. Belə ki, Ermənistanda da konstitusiya dəyişikliyi, referendum məsələsi gündəmə çevrilib. Amma orada Baş nazir Nikol Paşinyan və komandası zəif mövqedədir. Ona görə də öz mövqelərini gücləndirmək üçün referenduma əlavə bir neçə maddə də çıxarmaq istəyirlər ki, bunlardan biri də Avropa Birliyinə üzvlük məsələsidir”.
Bu fikirləri Bakupost.az-a açıqlamasında Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin üzvü, icra katibi Natiq Cəfərli söyləyib.
O bildirib ki, əgər Ermənistanda referendum keçirilsəydi, yaxud sülh sazişi imzalansaydı, o zaman bizdə referendum əvvələ keçirilə bilərdi:
“Görünür, indi referendum və ardınca parlament seçkisi keçirmək üçün zaman da çatmır. COP29 doğrudan da böyük tədbir olacaq. Tədbirdə txminən 90 ölkənin rəhbəri, yaxud ən yüksək çinli vəzifəlisi iştirak edəcək. Beynəlxalq təşkilatların rəhbərləri Bakıya gələcək. Noyabr ayında Bakıda seçki keçirmək texniki olaraq mümkünsüz idi. Ona görə də hakimiyyət növbədənkənar seçkilər qərarı verdi. Nə qədər qəribə səslənsə də, bu seçkilərlə formalaşacaq parlamentin də müvəqqəti olması ehtimalı çoxdur”.
N.Cəfərlinin sözlərinə görə, qarşıdakı seçkilərdən gözləntilər böyükdür:
“Demokratik, şəffaf seçkilər keçirilməsini istəyirik. Bu, vacib məsələdir. Hökumət seçkini necə keçirəcək, bunu indi demək çətindir. Müxalif qüvvələr də seçkilərdə aktiv iştirak etməli, hökumətə mesaj verilməlidir ki, insanlar dəyişiklik, islahat istəyir. Söhbət hakimiyyətin dəyişməsindən yox, idarəetmənin dəyişməsindən gedir”.

Geri qayıt