Əsas Səhifə > Güney Press > Həbsdə olan “yutuber”in cəzası azaldıldı

Həbsdə olan “yutuber”in cəzası azaldıldı


25-06-2024, 10:46
Həbsdə olan “yutuber”in cəzası azaldıldı
“Youtube” platformasında fəaliyyət göstərən “Kanal9” kanalının rəhbəri, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əbdülkərim Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib və 5 il 6 aya endirilib.

Qeyd: Ə.Cəfərov barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırmalar zamanı məlum olub ki, o, İmişli, Biləsuvar, Göygöl və digər rayonlarda çoxsaylı kafe və restoranların sahiblərini şantaj edib. Ə.Cəfərov hədələdiyi şəxslər barəsində rüsvayedici görüntü və məlumatları yayacağını deyərək, pul tələb edib. O, pulları həyat yoldaşı Nuranə Cəfərovanın kartı vasitəsi ilə qəbul edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəfərov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, məhkəmə zalındaca həbs olunmuşdu.

Pravda.az

Geri qayıt