Əsas Səhifə > Güney Press / Ana xəbər > Talış “tətikçiləri”ni Azərbaycanın üstünə kim qaldırır...

Talış “tətikçiləri”ni Azərbaycanın üstünə kim qaldırır...


22-03-2014, 11:25
Talış “tətikçiləri”ni Azərbaycanın üstünə kim qaldırır...
Fevralın əvvəllərində İran hökumətinə bağlı informasiya agentliyi Brüsseldə Azərbaycan talışlarının problemlərinə dair xüsusi konfrans çağırmasına dair məlumat yaydı.

İran qaynaqları konfransın təşkilatçısı kimi nəyə görəsə Avropa Şurasını (AŞ) göstərmiş, talış separatçısı Ələkrəm Hümbətovun orada iştirakını isə xüsusi vurğulamışdılar. Onların bunu qəsdən, yaxud səhlənkarlıqdan belə etdiyini demək çətindir.

Düşünmək üçün material...

Əlbəttə, Hümbətov özünü “talışların azadlığı uğrunda mübarizənin lideri” kimi sırıyır. Amma Azərbaycan siyasətinin incəliklərini bilməyən diletant-ekspertlər də bunu çox gözəl bilirlər ki, nə Hümbətovun, nə də onun “hərəkatı”nın talışların yaşadığı bölgəyə heç bir təsiri yoxdur və heç vaxt da olmayıb.

Xalq Cəbhəsinin mahud əsgər şinelindən sap qırığı sayaq qopub düşən yarımçıq təhsil almış mexanik Hümbətov özünün bütün şüursuz siyasi, sonralar da “səyyar” fəaliyyəti zamanı bəzi daxili və xarici qüvvələrin əlində həmişə santexnika aləti olub. Sonradan sosial-demokrata çevrilən bu arıq cəbhəçi və milli-demokrat nə intellekti, nə erudisiyası, nə xüsusi istedadı, nə şəxsi keyfiyyətləri, nə də xarizması ilə seçilməyib. Onun uzaq 1993-cü ildəki “Talış-Muğan Respublikası” (“TMR”) avantürası hətta lənkəranlıların özlərini də təəccübləndirmişdi. On minlərlə lənkəranlı küçələrə çıxaraq bu əldəqayırma “prezident”in cəzalandırılmasını tələb edirdi.

Uzun illərini məhbəsdə keçirən Hümbətovun ağıllanmaq və biliyini artırmaq üçün xeyli vaxtı olsa da bundan da bir şey çıxmadı. O, elə 1988-ci il səviyyəli mexanik kimi qalırdı - xarici xüsusi xidmət orqanlarının əlindəki kütbeyin oyuncaq olmaqdan bir addım da qabağa gedə bilməmişdi.

Həbsxana illəri Hümbətovun olub-qalan şəxsiyyətini də əlindən aldı. O dərəcədə ki, bir vaxtlar Azərbaycan ordusunun polkovniki olmuş bu şəxs azərbaycanlıların, hərbi xidmət yoldaşlarının Qarabağda axıdılan qanının üstündən adlayıb 20 ildən sonra həmin Qarabağa getdi. Özü də bu dəfə pulla işləyən muzdlu nökər, səfalət içindəki Ermənistanın xüsusi xidmət orqanlarının aşağı əyarlı casusu sifətində...

Hümbətov İrəvan və Qarabağda erməni kimi danışdı, erməni kimi çıxışlar etdi. O, Qarabağ problemini Azərbaycan talışlarının mövcud olmayan problemi ilə eyniləşdirdi. Hümbətovun özünün dünyaya Martin Lüter Kinq obrazında göstərmək cəhdləri çox yersiz və axmaq görünürdü. Bu adam kənardan çox gülməli və zavallı biri kimi göründüyünü hələ də qanmır. Bu adam hələ də qanmır ki, ona elə öz doğulduğu bölgədə də nifrət edirlər. Çünki Lənkərandan və talışların yaşadığı digər bölgələrdən olan minlərlə adam hazırda Azərbaycan ordusunda şərəflə, kişi kimi xidmət edirlər. Onlar vətən uğrunda canlarını verməyə belə hazırdırlar. Çünki onların vətəni Azərbaycandır. Bu dəfə də ermənilərin əlində santexnika açarına çevrilən mexanik Hümbətov isə Azərbaycana düşmən, satqın və əclafdır. Buna artıq heç bir şübhə yoxdur. Erməni xüsusi xidmət orqanlarının bu gerizəkalının əli ilə nəsə etmək üçün göstərdiyi cəhdlər isə öz miskinliyi ilə doğrudan da heyrətamizdir. Görünür, onların informasiya əldə etmək işi lazımi səviyyədə qurulmayıb...

Özləri bilərlər, bizi ayrı məsələ maraqlandırır

“Talış məsələsi”

İranın yaydığı xəbərə qayıdaq. Konfrans barədəki bu qəribə məzmunlu xəbər erməni və bəzi rus saytları tərəfindən göydə qapıldı. Bu da təəccüblü deyil: “talış məsələsi” Azərbaycanda aranı qarışdırmaq istəyən ölkələrin xüsusi xidmət orqanlarının maraq dairəsində qalmaqdadır. Süni şəkildə yaradılan, əslində mövcud olmayan “talış məsələsi”ni süni şəkildə qızışdırmaq istəkləri özünü Moskvadakı piketlərdə, İrəvan Universitetinin auditoriyalarında, yaxud da basırıq Tehranın darısqal tin-bucaqlarında tez-tez göstərib. Son illərdə, xüsusən də “talış dərnəyi”nin rəhbəri Hümbətov siyasi mühacir kimi Haaqaya yerləşəndən sonra isə bu təşəbbüsü avropalı parlamentarların kabinetlərinə keçirmək təşəbbüslərini görməyə başladıq.

Az sonra bəlli oldu ki, “Minsk prosesinə alternativ axtarışı” mövzusundakı konfrans Avropa Şurası tərəfindən yox (görünür, iranlılar Avropa İttifaqı ilə Avropa Şurasını qarışdırırlar), Avropa Parlamentinin binasında, özü də az tanınan rumın deputat, Avropa Parlamentinin üzvü Çaba Şoqorun təşəbbüsü ilə keçirilir. Tanınmış avropalı ekspertlər qismində isə Lion Təhlükəsizlik və Müdafiə Məsələləri Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Talin Papazyan və Aİ məsələləri üzrə məsləhətçi Nikolas Tavityanın adı çəkilir...

Məsələ aydındır. Bu, TXT brendi qarışdırılmış tipik erməni yığıncağıdır. TXT deyəndə söhbət

Tanınmamış Xalqların Təşkilatından gedir. Bu, məqsədi öz dövləti olmayan və işğaldakı, yaxud mübahisəli ərazilərdə yaşayan yerli xalqların maraqlarını müdafiə etmək olan qeyri-hökumət təşkilatıdır. “TMR” 2005-ci ildə çox müəmmalı şəkildə bu QHT-nin tərkibinə daxil olub. Amma 2008-ci ildə oradan eyni dərəcədə müəmmalı şəkildə uzaqlaşıb.

Amma dünyanın ən müxtəlif nöqtələrindən olan “talış tətikçiləri”nin bu konfransa topladılar. Nəyə görəsə Hümmətzodəyə çevrilən Ələkrəm Hümbətov da tədbirə oğlu Tural Hümbətovla birgə gəlmişdi (onlar Ermənistana da bir yerdə getmişdilər). Rusiyada fəaliyyət göstərən “Avesta” talış cəmiyyətinin sədri Adil Nəsirov, keçmiş sosdem və Hümbətovun partiyadaşı Kahin Əbilov da tədbirə gələnlər arasında idi. Azərbaycanın özündən də tədbirə gedənlər var idi - Sabir Hüseynov və qeyri-leqal “Azəri-Talış” ictimai birliyinin sədr müavini Seyran Rəfiyev.

Düşünmək üçün material...

“Azəri-Talış” İB qeydiyyatdan keçmək üçün sənədlərini 2012-ci il, noyabrın 17-də Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim etmişdi. Nazirlik bundan imtina edincə uzun-uzadı məhkəmə çəkişməsi başladı. Lakin məhkəmələr də təşkilatı qeydə almaqdan imtina etdilər. Bu il fevralın 27-də isə təsisçilər bildirdilər ki, İB qeydiyyat problemini həll edənə qədər fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Məsələ aydın idi. Təsisçilər bu addımı separatizmə görə tam haqlı olaraq cinayət təqibinə məruz qalmaqdan qorxduqları üçün atmışdılar. İB təsisçiləri Brüsseldəki gurultulu erməni-talış konfransından sonra belə ehtiyatlı davranmalı idilər. Və onlar Brüsseldən Azərbaycana qayıdandan 6 gün sonra bir növ iz azdırmaq üçün təşkilatın fəaliyyətini dondurduqlarını elan etdilər.

Bəs bu ictimai təşkilatın liderinin kim olduğunu bilirsinizmi? Mehdibəy Səfərov! Bu adam Azərbaycan hakimiyyətinə müxalifətdə olan Milli Şuranın qatı tərəfdarlarından biridir.

Və bomba effektli daha bir informasiya! Siz Mehdibəy Səfərovun müavininin kim olduğunu bilirsinizmi? Bəli, erməni-talış konfransında iştirak edən Seyran Rəfiyev. Bəs o, özünü Azərbaycanda hansı sifətdə təqdim edir, ictimai-siyasi arenaya nə adla çıxır?

Seyran Rəfiyev Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin müşaviridir. Eldəniz Quliyev isə Milli Şuranın və müxalifətçi EL Hərəkatının liderlərindən biridir. Bundan əlavə, S.Rəfiyev EL İdarə Heyətinin üzvlərindən biridir. EL-in rəhbəri isə prezidentliyə keçmiş namizədlərdən biri Eldar Namazovdur...

İlk baxışda məsələ aydındır. Amma yox, tələsməyin, hələ hər şey tam aydın deyil.

Separatizmin amazonkası

Brüsseldəki o bədnam “dinləmələr”ə azərbaycanlı müxalifətçilərlə yanaşı digər məşhur şəxslər də qatılmışdılar. O cümlədən separatçı talış dərnəyinin ideoloqlarından biri, Vestminister Universitetinin məzunu, beynəlxalq məsələlər üzrə ekspert kimi tanınan Fərqiyyə Kərimova (o həm də Fərqiyyə Lankoni kimi tanınır).

“Talış inqilabının nənəsi” separatçı dairələrdə “Amazonka” ləqəbi ilə məşhurdur. Bu adam ifrat dərəcədə fanatikdir, radikaldır və Azərbaycan dövlətçiliyinə kor nifrətini heç cür gizlətmir.

Brüssel konfransına tələsənlər arasında adı Azərbaycan oxucusuna yaxşı tanış olan biri də vardı. Bu, separatizmin alovlu təbliğatçılarından biri olan Rafiq Cəlilovdur. Həmin Cəlilov həbsə atılmış separatçı Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılarından biridir. Amma Cəlilov konfransa gecikib və bədnam dibləmələrdə iştirak edə bilməyib. Onun əvəzinə bədnam “Dağlıq Qarabağ Respublikası”nın iki təmsilçisi konfransa qatılıb. Bu da erməni mətbuatında geniş reklam olunub.

İran, Ermənistan və Rusiya xəbər agentliklərinin öncədən verdiyi məlumata görə, Minsk prosesinə alternativ yolları axtarmalı olan Brüssel konfransı mövzunu qəfildən (?-red.) dəyişərək azsaylı talış separatçılarının yığıncağına və Azərbaycan əleyhinə təbliğat məclisinə çevrilib.

Bəs o konfransda nə baş verib?!

“Talış Martin Lüter” - Hümbətov öz çıxışında “talış Babək”, “talış Şah İsmayıl”, “Qacar talış sülaləsi” barədə eninə-uzununa sayıqlayır. Onun bu çərənləməsi yavaş-yavaş siyasi ekstaz həddinə çatır. Hümbətov Azərbaycanı federallaşdırmağa çağırış edir.

Estafeti daha sonra “amazonka” ələ alır. Fərqiyyə Lankoni Ermənistanla həmrəy olduğunu açıq şəkildə dilə gətirir, talış dilində radio verilişləri təşkil etdiyi üçün bədnam “DQR” rəhbərliyinə təşəkkür edir, deyir ki, bu verilişləri Lənkəranda guya hamı dinləyir. Xanım Lankoni bununla da kifayətlənmir. Onu dayandırmaq mümkün deyil. Lankoni Azərbaycan cəmiyyətini talışları əzməkdə ittiham edir.

Siz hələ “Amazonka”nın dediklərinə fikir verin: “...Hətta öz dostlarınla, yaxud ailə üzvlərinlə talış dilində sakit şəraitdə söhbət edəndə də mütləq hansısa bir Azərbaycan türkü peyda olub səndən bu dildə danışmağı dayandırmağı aqressiv şəkildə tələb edir. Deyir ki, siz özünüzü düşmən kimi aparırsınız...”

Və xanım Lankoni Qarabağ ətrafında yaranmış vəziyyətə faktiki olaraq haqq qazandırır.

“DQR” nümayəndələri də Hümbətovla Kərimovanın çıxışları ruhunda danışırlar. Onların dediklərini nəinki təsdiqləyir, hətta inanılmaz dərəcədə sərsəm fikirlər də irəli sürürlər. Bildirirlər ki, talışlar erməni-azərbaycanlı münaqişəsində vasitəçilik etməlidir...

Erməni xüsusi xidmət orqanlarının yeni etnosiyasi münaqişəni qızışdırmaq üçün qurduğu məkrli oyunlar, onların hazırladığı ssenari göz qabağındadır. Erməni xüsusi xidmət orqanları bu tamaşada təkcə talış separatçılarına yox, həm də Azərbaycan müxalifətçilərinə, o cümlədən bu tamaşanın mahiyyətini bildiyi halda ağzına su alıb duran Seyran Rəfiyevə rol ayırıblar. Susur! Etiraz da etmir! Qəzəbinddən belə müxalifətçilərə və Azərbaycan vətəndaşlarına deməyə söz də tapmırsan!!!

Avropa Parlamentinin divarları arxasında baş verənlərə yalnız Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyinin əməkdaşları etiraz edirlər. Onlar dinləmələrə qatılan şəxslərə Azərbaycanda talış dilində nəşr olunmuş çoxsaylı kitab, dərslik və vəsaitləri əyani şəkildə nümayiş etdirirlər. Bildirirlər ki, Azərbaycanda talış millətindən olan uşaqlar bu kitabları sərbəst şəkildə oxumaq hüququna malikdirlər. Azərbaycanlı diplomatlar həmin kitabları Avropa Parlamentinin Rumıniyadan olan deputatına da təqdim edirlər.

Amma elə bu an daha bir gözlənilməz hadisə baş verir. Əvvəllər Xalq Cəbhəsinin və Azərbaycan Sosial-Demokrat Partiyasının fəallarından olmuş Kahin Əbilov yerindən qalxaraq qəzəblə deyir ki, bütün bu kitab və dərsliklər Azərbaycanda separatizmi qızışdırdığı üçün məhkum edilən və sonradan həbsxanada guya hakimiyyət tərəfindən öldürülən “Tolışi sədo” qəzetinin baş redaktoru, professor Novruzəli Məmmədov tərəfindən nəşr olunmuşdu. Deyib ki, Azərbaycanda guya heç kim bu dərsliklərdən istifadə etmir və s.

Erməni nümayəndə heyəti K.Əbilovun bu çıxışını alqışlarla qarşılayır. Əbilov borcunu yerinə yetirməkdən məmnun qalmış qəhrəman natiq görkəmi alıb yerinə oturur və digər çıxışları dinləməyə davam edir...

Konfransdan sonra...

Dinləmələr başa çatandan dərhal sonra Ə.Hümbətov iclas zalını lovğa şəkildə və müzəffər yürüşlə tərk edir. O, müzakirələri davam etdirmək üçün talış separatçılarını özünün Hollandiyadakı ofisinə dəvət edir.

Bədnam “TMR”-in “xarici işlər naziri”, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və konstitusiya hüququ kafedrasının keçmiş müəllimi, hazırda siyasi mühacir olan Ataxan Əbilov da onlara qoşulur. Bu adam sosial şəbəkə istifadəçiləri arasında öz separatçı baxışları ilə yaxşı tanınır.

Ə.Hümbətov həmfikirlərinin məhdud dairəsindəki görüş zamanı İrəvan və Qarabağa səfərləri, Ermənistan hökumətinin üzvləri, erməni ziyalıları və gəncləri ilə görüşləri barədə hesabat verir. Özünün yaxın dostu, “görkəmli erməni kulturoloqu”, İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri, Qafqaz İranşünaslığı Mərkəzinin direktoru Qarnik Seroboviç Həsrətyandan ağızdolusu və xüsusi şövqlə danışır. Deyir ki, onu İrəvana Həsrətyan dəvət etmişdi. Özü də talışşünaslıq proqramının açılışında iştirak etmək üçün...

Düşünmək üçün material

Ələkrəm Hümbətov öz tərəfdaşlarından və ardıcıllarından erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığını gizlədib. O, çətin ki, bütün həqiqəti deyə və ilk baxışdan izah edilməsi mümkün olmayan faciəvi həqiqəti ortaya qoya bilərdi. Qarabağda qan tökən adam 20 il sonra həmin Qarabağın erməniləşməsinə necə tərəfdar çıxa bilərdi?

Hərçənd ki, tarix keçmiş məhbusun faciəvi seçimini çox sadə izah edir. İllər boyu həbsdə qalan və Hollandiyadakı ailəsinin yanına qayıdan Hümbətov böyük maliyyə çətinlikləri ilə üzləşmişdi. Ancaq həyatda bəxtinin gətirməməsi və maddi ehtiyac keçmiş mexaniki erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq etdi.

Ermənistan KQB-sinin keçmiş əməkdaşı, iranşünas Həsrətyan elə belə ortaya çıxmadı. Onu şeytan kimi öz təsiri altına salan Həsrətyan Hümbətova gələcəyə böyük perspektivlər açan vədlər verdi. Zəif adam olan Hümbətov dözə bilmədi, sındı və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa getdi. Suvorovun dediyi kimi, “sistemə girmək bir rubl, çıxmaq iki rubl”.

Hümbətov möhkəm bağlandı və onun geriyə yolu olmadı.

Qarnik Həsrətyan özü isə uzun illərdir İranın siyasi dairələri ilə birlikdə öz mərkəzi vasitəsilə Azərbaycana qarşı ideoloji mübarizə aparır. “Talış məsələsi” onun çoxsaylı ideoloji diversiyalarından biridir. Yeri gəlmişkən, onun mərkəzinin maliyyələşdirilməsi birbaşa İran mənbələrindən həyata keçirilir. Çoxsaylı antiazərbaycan layihələrinin -Şuşadan translasiya edilən “Talışın səsi” radiosunun, “talışşünaslıq” verilişinin və s. müəllifi məhz odur.

Hümbətovun hekayələri

O, Artsaxın azadlıq mübarizəsini tərifləyir, bunu talışlara nümunə göstərir və eynilə bu cür “qəhrəmanlıq nümunəsi” göstərməyə çağırır. Doğrudan da insanın alçalmasının hüdudu olmurmuş. Hümbətov fəxrlə dostlarına deyir ki, Serj Sərkisyanın təhlükəsizlik xidmətinin mühafizəçilərinin müşaiyəti altında Ağdərəyə necə baş çəkmişdi.

Və həyasızcasına yerli kilsədə erməni keşişləri ilə görüşünü təsvir edir.

Hümbətov dostlarını əmin edir ki, o, “Talışıstan”ın muxtariyyətinə tərəfdardır və müstəqil respublika ideyasına qarşıdır. Əgər talışlar müstəqillik əldə etsələr onlar dərhal İranın təzyiqləri və təsiri altına düşəcəklər. O, tərəfdaşlarını Azərbaycanın federallaşmasının vacibliyinə inandırır və federasiyanın subyekti kimi “Talışıstan”ı nəzərdə tutur. Hümbətov öz arqumentlərini onunla əsaslandırır ki, “Talışıstan”ın müstəqillik əldə etməsi ancaq İranda milli azlıqların öz müqəddəratını təyin etməsi halında mümkün ola bilər. İranda milli azlıqların muxtariyyət əldə etməsi Azərbaycanda da analoji proses başladacaq və talışlar bu situasiyadan istifadə etməlidir.

Və Hümbətov Rusiyada yaşayan radikal talış fəalı Fəxrəddin Abboszadənin müstəqillik uğrunda silahlı mübarizəyə yönələn çağırışlarını pisləyir. Hümbətov əmin edir ki, bu, səhv yoldur. O, yoldaşlarını açıq şəkildə sivil və parlament mübarizə metodlarına çağırır. Hümbətov yoldaşlarına etiraf edir ki, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Abboszadə müqavimət hərəkatının zəif bəndidir. Bundan əlavə Hümbətov İrandan maliyyələşən talış fəalları ilə bağlı da diqqətli olmağa çağırır.

Hümbətov əmin edir ki, talışların xilası Azərbaycanın digər milli ə etnik azlıqları-ləzgilər, avarlar və digərləri ilə konsolidasiyadan keçir. O, Ermənistanın və Qərbin köməyinə ümid etməyə səsləyir.

Holland deputatları ilə görüş

Separatçılar Hollandiya parlamentinin nümayəndələri ilə görüşə tələsirlər. Azərbaycandakı situasiya müzakirə olunur - diqqət mərkəzində yenidən talışların və digər milli azlıqların problemidir.

Hollandlar tez-tez Azərbaycanla Ukrayna arasında paralellər aparırlar, eyham vururlar ki, əgər talışların problemi həll olunmasa, Azərbaycan Ukraynanın taleyi ilə üzləşə bilər...

“Lənkəran Krımın taleyini təkrar edəcək. Azərbaycan cəhənnəmin bütün çevrələrindən keçəcək” - Hümbətov belə gələcəyə səmimi şəkildə inanır. İnanır ki, separatizmə və ilhaqa qarşı nə ictimai müqavimət, nə də ictimai şüur oyanmayacaq.

Hümbətov və onun ətrafı kimin tərəfində vuruşduqlarını özləri də bilməyən tiplərdir...


Eynulla Fətullayev
Geri qayıt