Əsas Səhifə > Güney Press > Rəşadətli Azərbaycan Ordusu Zəfər tariximizi yazdı

Rəşadətli Azərbaycan Ordusu Zəfər tariximizi yazdı


19-06-2024, 09:50
Rəşadətli Azərbaycan Ordusu Zəfər tariximizi yazdı
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi
ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim
qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir,
Ermənistan daha da zəifləyir. Tarixin gedişatı, inkişafı belədir ki,
Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq.
Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına
və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-
Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan
gücümüzdür.
Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın
işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram
tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı
dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun- Silahlı
Qüvvələr Günündə ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə
etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın
ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ
müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər
sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara
səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-
ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun
maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik
hissinin daha da yüksəlməsinə böyük stimul oldu.
Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə
olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu
birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət
nəticəsini göstərdi. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə
Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək
gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs
rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən
mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan
intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi
xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam
edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın,
Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun... 300-ə yaxın
kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni
geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali
Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin,
dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh
yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir,
mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ Ulu Öndər Heydər
Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid
Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdır. Azərbaycanın müstəqil
gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində
formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab
etmişdir. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər
Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan
Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının,
hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Son illərdə imkan və
potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant
və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda
nümayiş etdirirdilər.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun
intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan
torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi.
Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə
aparılması nümunəsi adlandırılır. İşğaldan azad edilən Azərbaycan
torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı
törətdikləri qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına
nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur.
Ötən ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri
isə Qarabağın işğaldan azad edilməsini sona çatdırdı. Torpaqlarımız tan
azad edildi, Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənddə Dövlət
bayrağımız ucaldıldı.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada,
siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan
arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu,
multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz
tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu,
Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş
Komandan İlham Əliyevin vurğuladığı kimi, Müzəffər Azərbaycan xalqı,
qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi
ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir
azərbaycanlınındır.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.İnfo

Geri qayıt