Əsas Səhifə > Güney Press > Ət bazarında nə baş verir?

Ət bazarında nə baş verir?


11-06-2024, 14:54
Ət bazarında nə baş verir?
Son bir həftədir ki, xırdabuynuzlu heyvanların və ətin qiymətində artım var.

Belə ki, quzu ətinin 1 kiloqramı 17-18 manata təklif olunurdusa, hazırda 22 manata təklif edilir. Qəssablar qiymət artımını tək qurban bayramı ilə əlaqələndirmirlər.

Bunu həm də ölkədə xırdabuynuzlu heyvanların azlığı ilə əsaslandırırlar.

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında deyib ki, xırdabuynuzlu heyvan bazarında qıtlıq var:

“Son dövrlər iribuynuzlu və xırdabuynuzlu heyvan bazarında kəskin qıtlıq var. Bu səbəbdən az qalsın hər ay ətin qiyməti artır. Bayramlarda isə tələbat artdığına görə daha kəskin şəkildə quzu ətinin qiyməti qalxır. Bu tendensiyanı davamlı olaraq müşahidə edəcəyik”.

O vurğulayıb ki, ət bazarı inhisardadır:

“Ölkəmizdə quzu əti az olduğu üçün xaricdən idxal edilir. Bu səbəbdən o işlə məşğul olan inhisarçılar var. Onlar ucuz ət alaraq burada dəyərindən baha qiymətə təklif edirlər. Qiymətlə bağlı nəzarət mexanizmi olmadığı üçün istədikləri qiymətə sata bilərlər”.

Ekspert qeyd edib ki, kəsim üçün ən çox xırdabuynuzlu heyvanlardan istifadə edilir:

“Ölkəmizdə ən çox xırdabuynuzlu heyvanlar kəsilir. Yəni 6 aylıq toğlunu kəsirlər.

İribuynuzlu heyvanlardan isə dana və inəkdən kəsim üçün çox istifadə edilir”.

A.Nəsirli əlavə edib ki, bazarda satılan quzu əti deyil, toğlu ətidir:

“Quzu əti adı altında toğlu əti satırlar. Quzu əti 3-4 aylıq heyvanın əti hesab edilə bilər.

Halbuki 7-9 aylıq heyvanı quzu əti adı altında satırlar. Bu baxımdan hesab edirəm ki, quzu əti sözü termindən çıxarılmalıdır. Çünki yaşı 6 aydan az olan heyvanın kəsimi çox nadir hallarda baş verir. Eyni zamanda, qiyməti də baha olur”.

Geri qayıt