Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycana gətirilən yarım milyonluq maşının sahibi məlum oldu

Azərbaycana gətirilən yarım milyonluq maşının sahibi məlum oldu


18-03-2014, 12:32
Azərbaycana gətirilən yarım milyonluq maşının sahibi məlum oldu
ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Hennesey Performance” tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən “Mercedes-Bens G63 AMG Galendewagen” avtomobilinin sahibinin adı məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yer alıb.

Xəbərdə bildirilir ki, avtomobilin sifarişçisi Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib.

Həmin şəxsin familiyası tam göstərilmədiyindən onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb. Bununla belə həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğuna dair hələ təsdiqlənməmiş məlumatlar var.

1987-ci ildə anadan olmuş Aqşin Əhədov həmin vəzifəyə ötən ilin dekabrında təyin olunub və kifayət qədər imkanlı şəxs kimi tanınır. Belə ki, o, Sumqayıtda ötən ilin payızında yanan “Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun kürəkənidir.

Virtualaz.org saytı Bakıya gətirilən “tank gücündə” avtomobilin həqiqətən həmin məmura məxsus olub-olmadığı barədə araşdırmalar aparır.

* * * 03/16/2014. 23:26

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan “Hennessey” tuning şirkəti Azərbaycandan olan müştərinin sifarişi əsasında “Mercedes-Bens Gelandewagen G63 AMG” avtomobilini yenidən yığıb.

Virtualaz.org saytının ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, sifarişinin istəyi əsasında 5.5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb.

Həmçinin sifarişçinin istəyinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində onun eksklüziv olduğunu göstərən yeniliklər edilib.

Amerikalı tüninqçilər avtomobilə həmçinin yeni təkər və disklər qoyub. Amerikanın avtomobil saytlarının birində yer alan xəbərə görə, avtomobil artıq Azərbaycan gömrüyünü keçərək ölkəyə daxil olub və sifarişçiyə çatdırılıb.

Xəbərdə o da vurğulanır ki, 2014-cü ilin modeli olan “Mercedes-Bens G63 AMG” avtomobillərinin “Hennesy” şirkəti tərəfindən tüninq edilmiş variantının qiyməti 500 min dollara qədər çıxa bilər.

Beləliklə, Azərbaycan yollarında hərəkət edən digər nəqliyyat iştirakçıları ehtiyat tədbirlərini daha da artırmalı, mümkün olsa, hətta yola çıxmamalıdır. Çünki onsuz da “tank gücündə” olan “Gelandewagen”in tüninq edilmiş variantına sahib olan naməlum azərbaycanlı oliqarx, yaxud onun oğlu onunla qarşısına keçənləri əzib keçə bilər. Necə ki, Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu “Gelandewagen”i bərk sərxoş vəziyyətdə, quduzcasına yüksək sürətlə idarə edərək xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin idarə etdiyi “VAZ-2106” avtomobilini darmadağın edib. Nəticədə məşhur sənətçinin həyat yoldaşını və azyaşlı nəvəsini öldürüb, üç nəfəri isə yaralayıb.

Söz yox, məmur oğlu bu dəhşətli cinayətə görə artıq həbs olunub. Amma bu, onun günahı, daha doğrusu, əhlikefliyi üzündən həyatını itirən insanları geri qaytarmır axı...

Geri qayıt