Əsas Səhifə > Güney Press > Birotaqlı evə 150 min manat qiymət necə qoyulur?
Birotaqlı evə 150 min manat qiymət necə qoyulur?29-05-2024, 16:36 |
Ölkəmizdə daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Bir neçə il öncəyə nisbətən daha az bina tikilməsinə baxmayaraq, mənzil satanlarla yanaşı, alanların da sayı kifayət qədərdir. Daşınmaz əmlakın alışı və satışı zamanı isə əsas məqamlardan biri mənzilin qiymətləndirilməsidir. Bir çox hallarda mənzil sahibləri mənzilin qiymətləndirilməsindən razı qalmır ki, bu xüsusilə də istismara yararsız binaların sökülməsi zamanı baş verir. Eyniz amanda qiymətlər də kifayət qədər bahadır və hansı əsasda formalaşdığı sual doğurur. Məsələn, birotaqlı mənzlin 120-150 minə təklif edilməsi hallarına da rast gəlinir. Ümumiyyətlə, bu gün ölkədə mənzillərin qiymətləndirilməsi nəyə əsasən aparılır, bu sahədə xüsusi qanun varmı və ev alan şəxsin qiymətləndiricidən hansısa sənəd tələb edə bilərmi? Qiymətləndirmə standartları əsasən hansılardır? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc “Cebhe.info”-ya bildirib ki, bu gün ölkədə qiymətləndirmə fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətləndirmə haqqında” 1998-ci ildəki Qanununa əsasən aparılır. İyulun 1-dən isə yeni qanun qüvvədə olacaq: “30 dekabr 2023-cü ildə cənab Prezident qanunun hüquqi qüvvəyə minməsi ilə bağlı sərəncam verib. Eyni zamanda, həmin qanuna müvafiq olaraq qiymətləndirmə fəaliyyəti həyata keçirilir və beynəlxalq qiymətləndirmə standartı və 9 milli qiymətləndirmə standartına əsaslanır. Ev alan şəxslər dedikdə, əgər söhbət ipotekadan gedirsə, ipoteka kreditləşməsi zamanı mütləq şəkildə alınan mənzil və yaxud fərdi yaşayış evi qiymətləndirici şirkət tərəfindən qiymətləndirilməlidir. Həmin qiymətləndirici şirkət İpoteka Krediti və Zəmanət Fondunun üzvü olmalıdır. Həmin qiymətləndirici şirkət mənzili qiymətləndirəndən sonra müvafiq ödəniş əldə edib, həmin qiymətləndirmə aktını sifarişçiyə verməlidir. Qiymətləndiricidən sənədi o vaxt fiziki və ya hüquqi şəxsin tələb etmək hüququ var ki, bununla bağlı aralarında müqavilə olsun, sifariş verilsin və sifarişin icrası nəticəsində qiymətləndirmə işi aparılsın”. Qiymətləndirmə standartlarına gəldikdə isə V.Orucun sözlərinə görə, ölkədə 9 qiymətləndirmə standartı var: “Peşə etikasından tutmuş, ayrı-ayrı əmlak növlərinin qiymətləndirilməsi ilə bağlı prinsiplər, prosedur qaydaları özündə ehtiva edir. Yəni qiymətləndirici fəaliyyəti “A”dan “Z”yə hansı istiqamətdə qurulması vacibdir, hansı şərtlərə və metodologiyaya əsaslanırsa, məhz bu standartlarda öz əksini tapır. Milli standartlar beynəlxalq standartlar əsasında formalaşıb. Yəni bir-birinə qarşı deyil, demək olar ki, eynidirlər. Qiymətləndirmə prosesi ilk növbədə sənədlərin eyniləşdirilməsindən başlayır. Yəni sənədlər təqdim olunur və sənədlərlə gedib yerində, vizual baxış olmalıdır. Qiymətləndirici sənədlərlə faktiki mövcud olan mənzilin yerləşməsini, mərtəbəsini, onun daxili planlamasını, eyni olub-olmadığını, ondan sonra təmir səviyyəsini müəyyən etməlidir. Qiymətə təsir göstərən amillər bundan əlavə, mənzilin olduğu binanın özünün yerləşdiyi ərazidir. Yəni hansı ərazidə yerləşir, infrastruktur hansı dərəcədə inkişaf edib, metroya, avtobus dayanacağına, tanınmış obyektlərlə yaxınlığı nə dərəcədədir. Yanında prestijli dövlət və qeyri-dövlət obyektləri yerləşirmi, ümumiyyətlə, həmin ərazidə qiymətlər hansı səviyyədədir, yəni yüksək qiymətlər varmı? Mənzilin yerləşdiyi binanın tikintisini həyata keçirən MTK-ların, şirkətlərin də burada rolu var. Elə olur ki, yanaşı yerləşən binalar biri yüksək, digəri isə nisbətən aşağı qiymətə satılır. Bu da ondan irəli gəlir ki, hər bir binanın öz tarixi keçmişi, istifadə olunan materialların keyfiyyəti var. Məsələn, elə şirkətlər var ki, onların tikinti apardığı binalar artıq yüksək imicə və prestijə malikdirlər. Onlar buna görə bazara yüksək qiymətə təkliflər edirlər. Qeyd edilən məsələlər- təmir səviyyəsi, küncdə və ya ortada yerləşməsi, mərtəbəliliyi, mənzərəsi, tikilmə keyfiyyəti kimi amillər nəzərə alınır”. Geri qayıt |