Əsas Səhifə > Güney Press > Kilsə hakimiyyətə gəlsə, nə dəyişəcək?
Kilsə hakimiyyətə gəlsə, nə dəyişəcək?27-05-2024, 16:24 |
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Zərdüşt bəy, Ermənistanda yenidən keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə aksiyalara start verilib. Sizcə, kilsə öz istəklərinə hansı halda nail ola bilər? Hakim komandanın bu hadisələrə münasibəti necə olacaq? - Hazırda Ermənistanda kilsənin siyasi cəhətdən ortaya çıxmasında maraqlı olan qüvvələr var. Bu xüsusda keçmiş “Qarabağ klanı” daha fəal görünür. Eyni zamanda Rusiya və münaqişənin heç bir halda sona çatmasını istəməyən beynəlxalq aləmdəki qüvvələr də bu sırada yer alıb. O cümlədən erməni diasporası və varlı ermənilər bu prosesə mümkün qədər dəstək verir. Məqsədləri hakimiyyəti mümkün qədər gözdən salmaqdan ibarətdir. İstəklərinə nə dərəcədə nail olacaqlarını söyləmək birmənalı olardı. Sözsüz ki, real hakimiyyət ən son məqamda özünün inzibatı imkanlarını ortaya qoyacaq. - Nikol Paşinyanın dəstəkçilərinin indiki halda proseslərə müdaxilə imkanları varmı? - Ermənistan cəmiyyətində müharibədən doymuş, sülh, əmin-amanlıq istəyən, övladlarını itirmək istəməyən erməni əhalisi Paşinyan hakimiyyətinin arxasında dayanıb. Ona görə də, bu kimi aksiyalar və təxribatlar getdikcə öz əhəmiyyətini itirəcək. Nəticədə Paşinyan tərəfdarları prosesdə üstün tərəf olduqlarını göstərəcəklər. - Proses uzandıqca təxribat və terror elementləri ilə bağlı da proqnozlar səslənir... - Təbii ki, Ermənistanda da əhalinin əksəriyyəti bu münaqişədən bezib. Ona görə də, erməni cəmiyyətində siyasi proseslərə biganə münasibət var. Sözsüz ki, əhalinin fəal hissəsi Paşinyanı dəstəkləyir. Bu o deməkdir ki, indiki iqtidara dəstək olanları sayı müharibə istəyənlərdən daha çoxdur. Üstəlik də Paşinyanın əlində dövlət cihazı var. Dövlət cihazı belə naməlum, nataraz cəmiyyətlərdə əsas rol oynayır. Terror, təxribat elementləri isə erməni cəmiyyəti üçün yad bir anlayış deyil. - Ermənistanda baş verən bu gərgin durumun Azərbaycanla davam edən delimitasiya və sülh prosesinə nə kimi təsirləri ola bilər? - Sözsüz ki, bu hadisələr təsirsiz ötüşmür. Müharibədən ötən 4 ilə yaxın müddətdə proseslərin yubanması buna misaldır. Ermənistanda sülh istəməyən qüvvələr Azərbaycanın bütün sülh təkliflərinin qəbul edilməsinə maneə olur. Tələb edirlər ki, münaqişə davam etsin, Ermənistan öz əsassız ideyalarından əl çəkməsin, Türkiyə ilə münasibətlər yaxşılaşmasın. Beləliklə, əvvəlki xülyalarının üzərində dayanaraq yenidən münaqişə vəziyyətinə qayıtmaq istəyirlər. - Faktiki olaraq Ermənistanda kilsə siyasi proseslərin önündə getməyə, moderatorluq etməkdə iddialıdır. İndiki iqtidarla kilsə arasında əvvəlcədən də münasibətlər yaxşı olmayıb. Bu halda Paşinyan nəhayət kilsənin oyundankənar saxlanılması üçün hansısa addımları atması gözlənilirmi? - Paşinyan kilsəyə qarşı ciddi tədbirlər görəcəyini elan edib. Bunu edib-etməyəcəyini isə zaman göstərəcək. Bir müddət öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan da kilsənin vergiyə cəlb edilməsini gündəmə gətirmişdi. Digər dövlət rəsmiləri də kilsənin özü işi ilə məşğul olması ilə bağlı açıqlamalar vermişdi. Hətta Paşinyanın özü kilsəyə “işlərinizin yaxşı getməsi üçün Allahla aranızı düzəldin” mesajı vermişdi. Bütün bunlar indiki hakimiyyətin kilsə ilə bağlı təsirli addımlar atacağı ehtimallarını gücləndirir. - Kənar təsirlərin rolu ilə bağlı danışdıqda konkret hansı ölkələrin adlarını çəkmək olar? - Fransa, Rusiya burada qarışdırıcı mövqedədir. ABŞ-da prosesə müdaxilə etmək istəyir. Avropa Birliyi, İran da öz təsir imkanlarını işə salmağa çalışır. Hər bir böyük oyunçu yaranacaq gərginlikdən öz payını götürməkdə maraqlıdır. Geri qayıt |