Əsas Səhifə > Güney Press > Qəzaya uğrayan helikopterlə bağlı daha bir təfərrüat açıqlanıb

Qəzaya uğrayan helikopterlə bağlı daha bir təfərrüat açıqlanıb


23-05-2024, 17:58
Qəzaya uğrayan helikopterlə bağlı daha bir təfərrüat açıqlanıb
Ötən bazar günü helikopter qəzasında həlak olmuş İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərlə bağlı daha bir təfərrüat açıqlanıb.

Reyting.az xəbər verir ki, bu mövzuda yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş danışıb.

O bildirib: Bazar günü, mayın 19-u Qız Qalası bəndinin açılışından və günorta namazından sonra Təbriz neft emalı zavodu istiqamətində uçduq və mühəndis Ouci (İranın neft naziri – red.) o ərazidə bizi gözləyirdi.

3 helikopter saat 13:15 radələrində Təbrizə uçdu və prezidentin helikopteri protokol və anqar standartına görə ortada uçan helikopter idi. Cənab və xanım Mehrabian, prezident aparatının rəhbəri Esmaili və digər yaxınları, aparat rəhbərinin müavinləri, müxbirlər və prezidentin bəzi mühafizəçiləri ön helikopterdə olublar.

Saat 13:40 radələrində uçuş heyətlərinin bir-biri ilə danışdığını gördüm və bunun səbəbini helikopterimizin göyərtə mühəndisindən soruşdum. Dedi ki, arxamızca uçan prezidentin helikopterini itirmişik.

Bizim helikopterin pilotu ərazidə axtarış apardı, lakin heç bir iz tapmadı və biz ən yaxın nöqtəyə, Sunqun mis zavodunun ərazisinə, saat 13:50 radələrində eniş etdik. Axtarış başladı və helikopterdəki şəxslərin telefonlarına zəng etdik. Əmir-Abdullahianın, Vilayət valisinin (Malik Rəhməti – red.) və cənab Ali-Haşimin (Təbrizin imam-cüməsi – red.) telefonlarına zəng vurduq, amma cavab verən olmadı və biz narahat olduq.

Bu zənglər saat 14:30 radələrinə qədər davam edib.

Məhz o vaxt ölkənin Kosmik Fəzanı İdarəetmə Mərkəzi ilə minimal əlaqə quruldu və biz helikopterin təxmini mövqeyini öyrəndik. Hələ də xilasedicilərə məlumat verməmişdik və uzaqda, Vərzeqan rayonunda idik.

İşi bölüşdürdükdən sonra zavodun sexində olan 5-6 maşınla dağa doğru yola çıxdıq və eyni zamanda, helikopterin yerini tapmaq üçün əyalət mərkəzinə və əlavə olaraq xilasedici qüvvələrə məlumat verdik.

Axtarış əməliyyatına saat 14:30 radələrində başladıq və bir saat sonra hava yağışlı və dumanlı oldu. Yaxını görmə vəziyyəti pozuldu, kömək alınsın deyə, ətraf kəndlərə səpələndik.

Mobil telefon antenası (GPS) əsasında ərazini dəqiq müəyyən etmək üçün həmin ərazidə üç BTS antenası lazım idi. Ətraf ərazinin və Uzi (Vərzeqan ərazisindəki yaşayış məntəqəsi – red.) kəndinin sərhədlərini müəyyən etmək üçün bir BTS antenası var idi.

Biz koordinasiya qərargahı toplantısı təşkil etdik və Tehrandan rəsmilər gəldilər. Artıq gecə idi və biz vilayətin, Təbriz Universitetinin, özəl sektorun və s. dronlarından istifadə etdik. Hava tamamilə dumanlı idi. O cür havada işləmək çətin olan termal dron istisna olmaqla. Ümumən dronla axtarış çətin idi.

Tədricən yeni qüvvələr əlavə olundu. “Sepah” Quru Qoşunlarının komandanı general Pakpur və “Sepah”ın baş komandanı general Səlami bölgəyə gəldi və ərazidə axtarış əməliyyatı sürətləndi. Qırmızı Aypara qüvvələri, ordu, “Sepah”, “Bəsic” və könüllülər işə girişdi.

Pilotsuz təyyarələrin qabiliyyəti helikopterin yerini daha dəqiq müəyyənləşdirməyə kömək etdi.

Saat 22:00 radələrində diqqəti geniş radiuslu bir nöqtəyə yönəltdik. Ərazinin meşə olması ucbatından sıx bitki örtüyü ilə birlikdə duman görmə qabiliyyətini çətinləşdirirdi. Buna görə meşəliyi metrə-metrə yoxlamaq lazım idi.

Səhər saat 4:30 radələrində qüvvələrimiz əsas məqama çatdı, kəşfiyyat-axtarış əməliyyatı bitdi. Bütün hal-qəziyyə aydın oldu: helikopterin göyərtəsində olmuş şəxslər şəhid olub. Bundan sonra cəsədlərin yeri və onların şəxsiyyətinin müəyyənləşdirilməsi məsələsi gündəmə gətirildi. Bu əməliyyatda ordu çox böyük iş gördü.

Geri qayıt