Əsas Səhifə > Güney Press, Manşet > `Azəriqaz` camaatla MƏZƏLƏNİR?

`Azəriqaz` camaatla MƏZƏLƏNİR?


23-05-2024, 17:11
`Azəriqaz` camaatla MƏZƏLƏNİR?
Salyan rayonunun bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyindən şikayətçidir. Onlar iddia edirlər ki, “Azəriqaz” İB tərəfindən qaz borularına mavi yanacaq əvəzinə, hava vurulur:

“Salyan rayonu, Marışlı magistralının üstündəki qaz borularına “Azəriqaz” şirkəti tərəfindən kompressor vasitəsilə hava vurulur. Üstəlik, bəzi yerlərə hazırda qaz da verilmir. Bu səbəbdən, vəziyyət olduqca acınacaqlıdır. Qaz verilən evlərdə isə, maviz yanacaq əvəzinə, hava gəlir. Bir sözlə, “Azəriqaz” istədiyi kimi “at oynadır”.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevlə söhbətləşdik. O dedi ki, vətəndaşların narahatçılığı əsassızdır: “Bu üsül dünyada tətbiq olunur. Alternativi olmayan bir üsüldur. Deməli, abonentlərə verilən qaz mənbəyindən bağlanır, müəyyən məsafədən, hansı ki, təmizlənəcəyi ərazidən, əvvəlcədən açılmış dəliklərə yüksək atmosferli, təzyiqli hava kütləsi vurulur. Mənsəbdə də yenə həmin dəlik olur, yüksək atmosferli hava kütləsi boru xəttində olan su kütləsi və digər qırıntıların hamısını xaric edir. Bu proses baş verən zaman abonentlərə verilən qaz bağlanır. Həmin abonentlər hava kütləsini görmürlər. Həmin ərazi təmizləndikdən sonra, yəni hava kütləsi tam çıxarıldıqdan sonra dəliklər bağlanır və ərazidə yaşayan abonentlərə qaz verilir”.

Bu baxımdan, E.Vəliyev şikayətçilərin “Azəriqaz”ın vətəndaşların “cibinə girdiyi” haqda iddialarını qəbul etmir: “Hansısa bir abonentin cibinə girmək, ona satılan qaza hava vurmaq kimi şayiələr, böhtan və s. bu sahəni bilməməkdən irəli gəlir. Yəni biz dəfələrlə müxtəlif platformalarda, müxtəlif səviyyələrdə bunun niyə baş verdiyini izah etmişik. Boruda sızma olan zaman da hava kütləsindən istifadə olunur. Mən abonentlərdən xahiş edirəm ki, sosial şəbəkələrdə savadsız, qeyri-peşəkarcasına hava kütləsi ilə bağlı yazılan və deyilənlərə inanmasınlar. “Azəriqaz” İstehsalat Birliyi çox yaxşı dərk edir ki, hansısa yüksək atmosferli hava kütləsi boru xəttinə vurularsa və bu maye yanacaqla, qazla birgə obanentin mənzilinə gedərsə və istifadə olunarsa, çox böyük təhlükələrə, partlayışlara səbəb ola bilər. Bu baxımdan, “Azəriqaz” İstehsalat Birliyində hansısa bir region, hansısa bir idarə özbaşına və yaxud da hansısa məqsədlərlə bağlı bu addımı ata bilməz”.




Geri qayıt