Əsas Səhifə > Güney Press > Yas mərasimlərində ehsan ənənəsi aradan götürülməlidir

Yas mərasimlərində ehsan ənənəsi aradan götürülməlidir


23-05-2024, 16:46
Yas mərasimlərində ehsan ənənəsi aradan götürülməlidir
Bir neçə gün öncə Türkiyənin İzmir şəhərində yaşayan şanlıurfalılar yas mərasimlərində yemək vermək adətini ləğv ediblər. Buna səbəb isə son illərdə Türkiyədə güclü bahalaşmanın olmasıdır.

İzmir Şanlıurfa Federasiyasını prezidenti Ferit Mızraklı yasda verilən yeməyin mərhumun ailəsi üçün böyük xərc olduğunu və bu səbəbdən həmin adətin dayandırıldığını bildirib.

O, əlavə edib ki, başsağlığına gələn qonaqlara verilən yeməyin dəfn sahiblərinə mənfi təsir göstərir.

Dəfn və yas mərasimlərinin keçirilməsi ictimaiyyətdə ciddi narahatlıq doğuran məsələ kimi bu gün də aktualdır. Bu gün Azərbaycanın bir çox şəhər və əyalətlərində də dəfn mərasimlərin dəmdəsgah halına çevrilib. Xüsusən yas mərasimlərində verilən ehsan israfçılığı cəmiyyəti ciddi narahat edir.

Çox təəssüf ki, ehsan mövzusu negativ mənada öz aktuallığını saxlamaqdadır. Hətta bu qədər israfçılıq içərisində borca düşən insanların da şahidi oluruq.

Bəs görəsən İslam dinində bu qədər israfçılıq nə dərəcədə doğrudur? Yas mərasimlərində ehsan süfrələri necə olmalıdır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan deyir ki, dində ümumiyyətlə üç gündən artıq yas deyə bir şey yoxdur:

“Həmçinin ehsan vermək də yoxdur. Ölənin varisinin imkanı olarsa təkcə yeməkdən yox, başqa şeylərdən də ehsan verə bilər. Ehsan deyəndə bizdə ancaq qarın, yemək ağıla gəlir. Ancaq bu belə deyil. Ehsan yaxşılıq deməkdir. İstənilən adam istənilən xeyirli iş etmək ehsandır. Vəfat edən adam üçün dərhal borca düşüb, əziyyətə düçar olub yemək dalıyca qaçmaq doğru deyil. İslam dinində ölü sahibinin qonaqlara yemək verməsi qəbul edilmir. Əksinə gələnlər yas sahibinə ərzaq, yemək gətirməlidir ki, onun başı yasa qarışıb. Bu mövzuda ən çox danışan ilahiyyatçı bəlkə də mənəm. Başqaları o qədər də danışmır. Çünki bəzi din xadimlərinə bu sərf edir. Gedib toqqanın altını bərkidirlər. Ancaq Şəkidə və Şərurda bir neçə kəndin ağsaqqalları yığılıb bunu ləğv etdilər. Demək başqa yerlərdə də ola bilər. Türkiyədə bizi kimi çox da təmtəraqlı yas məclisləri olmur. Buna baxmayaraq onlar da yığışdırır. Çünki bunun dini cəhətdən əsası yoxdur və israfçılıqdır, ölü sahibinə əziyyətdir”.

İlahiyyatçı deyir ki, gələnlər də dəftərə pul yazdırırsa bunun adı ehsan olmur:”Sanki kafedə yeyib pulunu da verirlər. Çünki ehsan pulsuz olan bir şeyə deyilir. Demək bunun adını heç ehsan qoymaq da düz deyil. Yas zamanı uzaqdan gələn, uşaqlı analar, xəstə adamlar üçün yüngül qəlyanaltı hazırlana bilər. Lakin bu da yas sahibinin hesabına yox. Digər müsəlmanlar gərək özləri ərzaq alıb, yemək gətirib bunu etsinlər. Peyğəmbərin əmisi oğlu Cəfər, əmisi Həmzə vəfat edəndə Peyğəmbər buyurdu ki, onun evinə yemək aparın, çünki yaxınlarının başı qarışıqdır, ac qalmasınlar. O yeməkləri də camaat üçün yox, ev sahibi üçün təşkil etməyi əmr etdi. Ancaq indi sanki adamlar qonaqlığa gedir. Hələ adamlar var, səhər yemək yemir ki, bu gün yasa gedəcəm orada yeyərəm. Çox rüsvayçı adətdir. Toy və yaslarda olan israf, yekəxanalıq, görməmişlik dünyanın heç yerində yoxdur”.

Ağsaqqallar, ziyalılar və din xadimlərini bu məsələni təbliğ etməsini vacib bilən Tural İrfan deyir ki, bahalı qəbir daşlarından tutmuş, təmtəraqlı yemək süfrələrinə qədər hamısı ləğv edilməlidir:“Camaat da bir-biri ilə bəhsə girir. Kimin yasına daha çox adam gəldisə, kim yasında daha yağlı yemək verdisə onunla fəxr edir. Bu, mağara təfəkkürüdür. Bir çox belə adət halını almış ənənələr xalqımızın adına yaraşan işlər deyil. Acgözlük, yekəxanalıq, görməmişlik bizə yaraşmaz. İslam dinində üç gün yas olmalıdır, o günlər ərzində də camaat ölü yiyəsinin evinə ərzaq, yemək, pul aparıb onlara dəstək olmalıdırlar. Üç gündən sonra da bitməlidir. 7,40,52, il məclisi bidətdir və günahdır. Yəni, İslam dinində olmayan bir adəti dinə gətirməkdir ki, bu da dinimizdə ən pis günahlardandır”.

O, vurğulayır ki, Qurani-Kərimdə Allah-Təala israf etməyi qadağan edir:“Bizim bugünkü yas məclisləri konkret olaraq israfdır və dinin əksinədir. Aidiyyatı dövlət qurumları da bununla bağlı maarifləndirmə işləri aparmalıdır. Əvvəlcə gərək məmurlar buna rəvac versin. Əgər öncə məmurlar öz yaxınlarına məxsun olan yas mərasimlərində təmtəraqlı süfrələri ləğv etsələr onda digərləri də bundan örnək götürər”.

Sonda ilahiyyatçı əlavə edir ki, bu vəziyyətin gerçəkləşməsini arzu edən və əməl edən deputatlarımız da çoxdur: Millət vəkili Razi Nurullayev valideyninin yasında təmtəraqlı məclis əvəzinə kəndin yolunu düzəltdi, bu da oldu ehsan. Qonaqlara da yüngül qəlyanaltı ikram edildi, hamı da razı şəkildə rəhmət oxudu. Çünki təmtəraqlı yeməkləri adamlar bir dəfə yeyib gedəcəkdi. Lakin düzəldilən yoldan illərlə istifadə edib ömür boyu mərhuma rəhmət oxuyacaqlar. Yəni belə işlər görmək davamlı savab gətirən əməllərdir. Bir daha qeyd edirəm ki, gərək digər şəxslər də belə etsinlər. Özləri nümunə olsunlar”.

Geri qayıt