Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Paşinyana Avropada hansı pozucu “ev tapşırığı” veriləcək...
Paşinyana Avropada hansı pozucu “ev tapşırığı” veriləcək...16-05-2024, 12:05 |
Ermənistanda siyasi gərginliyin artdığı bir vaxtda ölkənin baş naziri Nikol Paşinyan Avropaya səfər edib. “Yeni Müsavat” xatırladır ki, o, Danimarkada keçirilən “Kopenhagen Demokratiya Sammiti”nə qatılıb. Sammit çərçivəsində baş nazirin Danimarkanın ali rəhbərliyi, həmçinin tədbirin və beynəlxalq siyasi konsaltinq təşkilatı olan “Rasmussen Global”ın təsisçisi, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə görüşləri nəzərdə tutulub. Sirr deyil ki, hazırda Ermənistanda gedən proseslər Qərbin maraqlarına ziddir, çünki bu, Qərbin adamı, “sorosçu” Nikol Paşinyanın devrilməsinə cəhdlərdir. Belə bir ərəfədə Paşinyanın Avropaya səfəri təsadüfi sayılmır. Ekspertlər hesab edirlər ki, “demokratiya sammiti” bəhanədir, Paşinyan ora yeni təlimatlar və dəstək almağa gedir. Ən maraqlısı odur ki, Paşinyan ona qarşı proses gücləndiyi bir vaxtda, Rusiyanın təzyiqlərinin daha çox artdığı dönəmdə, Avropaya səfəri öncəsi açıq şəkildə Kremlə qarşı siyasətini bir daha ifadə edib. O, ölkəsinin Avropa İttifaqına üzvlüyünün mümkünlüyü məsələsindən danışaraq “Ermənistanın Aİ-yə neçənci ildə üzv olmasını istərdiniz?” sualına Ermənistanın baş naziri sevinclə “Bu il” - deyə cavab verib. O da maraqlıdır ki, Paşinyan Azərbaycanla əldə olunan razılaşmaları sülh sazişinə əlavə etməklə, bu müqaviləni imzalamağın vaxtı çatdığını açıqlayıb. Ermənistan hökumətinin başçısı, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunub. O bildirib ki, bu sənəd 1991-ci ilə aid Almatı bəyannaməsinə əsaslanır: “Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri əsas kimi götürməliyik. Almatı bəyannaməsinə əsasən, həmin sərhədlər iki ölkə arasında dövlət sərhədi kimi müəyyənləşdirilib”. Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının başlanğıcı 2022-ci il oktyabrın 6-da Azərbaycan, Fransa, Aİ liderlərinin və onun iştirakı ilə keçirilən görüşdə əldə olunub: “Bu, Praqada baş verib. Hazırda isə bütün bu razılaşmaları sülh müqaviləsində əks etdirməyin və onu imzalamağın vaxtıdır”. O həmçinin “Sülh kəsişməsi” layihəsinə də toxunaraq, həmin təşəbbüsün tərəflər arasında nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcəyini bildirib. Bəs, sülh prosesinin intensivləşdiyi bir vaxtda Paşinyana Avropada hansı təlimatlar verilə bilər? Anti-Azərbaycan, anti-sülh dairələr onu növbəti dəfə pozuculuğa təhrik edə bilərmi, yoxsa əksinə, Paşinyan sülhün onun və Ermənistanın gələcəyi üçün yeganə yol olduğunu avropadakılara izah etməkdədir? Yeri gəlmişkən, Danimarkada Nikol Paşinyana qarşı bu ölkədə yaşayan ermənilər piket keçiriblər. Erməni icmasının üzvləri “Rüsvayçılıq” şüarı səsləndiriblər. Görünür ki, delimitasiyaya etirazlarını bildiriblər. Lakin hələlik Paşinyan danışıqlar prosesini korlayan bir bəyanat verməyib. Bəzi təhlilçilər sammitdə iştirakı Paşinyanın liberalların siyasi klubuna daxil olması ilə izah edir. Ekspertlərin fikrincə, keşiş və Kremlə bağlı siyasi güclərin aksiya keçirdiyi zamanda Nikolun Danimarka səfəri bir ismarışdır: erməni xalqını meydana çağıranların ölkəni hara, Paşinyanın hara istiqamətləndirdiyi işarə edilirlər. Üstəgəl, Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında növbəti görüş mayın 16-da Cenevrədə gerçəkləşəcək. Bundan əvvəl parlament sədrləri martın 22-də eyni şəhərdə görüşmüşdülər. Bu görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır. Görüşlərin intensivləşməsinin başqa bir əhəmiyyəti də var, ortam yumşalır, tərəflər bir-birlərinə qarşı sərt ritorikadan çəkinməyə başlayıblar. Belə vaxtda - ikitərəfli danışıqların aparıldığı halda isə Lavrovun müavini üçtərəfli danışıqlara çağırıb. Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qərarı ilə 2021-ci ildə yaradılmış üçtərəfli işçi qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Qərbin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması işi üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib. “Qərbin Paşinyana hansı ”ev tapşırıqları" verməsindən asılı olmayaraq, İrəvan sülhün alternativi olmadığını dərk edir. Bu medalın o bir üzü müharibədir. Azərbaycan 5 baza prinsipi ilə çıxış edib və prezidentin dediyi kimi, bizim şərtlərimiz altında delimitasiya həyata keçirilir. Avropada Nikola hansı təlimatlar olacaqsa, fəsadlarını Ermənistan görəcək". “Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli belə proqnozlaşdırır. Partiya rəsmisinin sözlərinə görə, Danimarkada keçirilən tədbirdə iştirak daha çox Paşinyanın anti-Rusiya demarşıdır: “Moskva səfərinin ardınca Avropaya getməsi Ermənistan hökumətinin başçısından Qərbdəki tərəfdaşlarına əl uzatmaqdır. Paşinyan demək istəyir ki, sizinlə eyni platformadayam. Onu inandırırlar ki, sona qədər dəstək verəcəyik və Rusiyanın Ermənistanda bütün hərbi varlığına son qoyulacaq. Lakin belə tezliklə buna nail olacağını gözləmirəm. Ermənistan hakimiyyəti ikiüzlü siyasətini davam etdirəcək”. S.Əsədli hesab edir ki, sülh danışıqlarına mane olan hər hansı addım atılsa, təşəbbüs Rusiyaya keçə bilər: “Əgər Qərb Rusiyasız danışıqların aparılmasını istəyirsə, o zaman Paşinyana heç bir pozucu, destruktiv niyyətli təlimatlar verməməlidirlər. Xüsusən də Cenevrədə parlamentlərin spikerləri görüşəcəklər. Zənnimcə, Avropa bu müsbət dinamikadan razı olmalıdır. Sadəcə, son zamanlar Azərbaycan əleyhinə çıxışları ilə gündəmə gələn Rasmussenlə Paşinyanın görüşündə hansısa xoşagəlməz fikirlər səslənə bilər. Rasmussen bir il öncə Ermənistana səfər etmişdi. O, Laçın rayonu ilə şərti sərhədə gələrək ”Qarabağa qayıda bilməyən" ermənilərlə görüşmüşdü. Ondan hansısa müsbət açıqlama gözləmirəm". Geri qayıt |