Əsas Səhifə > Güney Press > Ərdoğandan diqqətçəkən mesaj
Ərdoğandan diqqətçəkən mesaj16-05-2024, 14:02 |
Türkiyə və Azərbaycan birtərəfli, qərəzli kənar müdaxilələrin və regionun geosiyasi fikir ayrılıqları zonasına çevrilməsinin qarşısını almaq üçün sıx əməkdaşlığı davam etdirəcək. “RİA Novosti” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycana hər sahədə dəstəyini davam etdirəcək. Bundan başqa, Ərdoğan hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi tezliklə imzalanmalı, regionda sabitliyə nail olunmalıdır: “Azərbaycan - Ermənistan sülh prosesində əldə olunan irəliləyiş bizi sevindirir. Tezliklə sülh sazişi imzalanmalı və regionda istədiyimiz sabitliyə nail olunmalıdır”. Ərdoğan “regionu geosiyasi fikir ayrılığı zonasına çevirə biləcək birtərəfli və qərəzli kənar müdaxilə” deyəndə nəyi nəzərdə tutur? Belə bir ssenaridə hansı qüvvələr maraqlı ola bilər? Onun sözlərinə görə, Türkiyə və Azərbaycan buna birgə müqavimət göstərməlidir. Türkiyə lideri Cənubi Qafqaz üçün hansı təhlükə variantlarından danışır? AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib. Türkiyəli politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun elmi işçisi Mehmet Perincek: “Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazda yeni dövr başlayıb. Bu yeni dövr sülh, sabitlik, inteqrasiya, iqtisadi inkişafı ehtiva edir. Çünki Azərbaycanın qələbəsi kənar müdaxiləni aradan qaldırdı. Birincisi, ATƏT-in Minsk Qrupu oyundan kənarda qaldı. Fransa, ABŞ və Qərb ölkələri regional məsələlərə müdaxilə vasitələrini itirib. Region ölkələri isə sübut etdi ki, təşəbbüs göstərib Qərbin müdaxiləsindən qurtulsalar, o zaman istənilən lokal problemləri ədalətli şəkildə həll edə bilərlər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bunun bir nümunəsidir. Burada təbii ki, Ankara-Moskva-Bakı oxu öz rolunu oynadı və bu əməkdaşlıq sayəsində Gürcüstan hələlik bundan imtina etsə də, regionda “3+3” platforması yaradılır. Bu platforma həm də istənilən regional problemlərin həlli və Cənubi Qafqazda iqtisadi inteqrasiya üçün zəmin yaradır. Kənardan müdaxiləyə yol vermədən təşəbbüsü öz əlinə almaq region ölkələrinin əsas vəzifəsidir. İstənilən problemi həll etməyin əsas yolu budur. Qərb təbii ki, bu proseslərdən narazıdır. Çünki onlar oyundan kənarda qalırlar. Və yenə də regionun işlərinə qarışmaq üçün səbəblər axtarırlar. Bu, o zaman mümkündür ki, region ölkələri arasında xaos və münaqişə yaransın. Ona görə də onlar Ermənistanı daim Azərbaycana, Rusiyaya qarşı təxribatlara sövq edirlər. Qərb erməni xalqının iradəsinin reallaşmasına imkan vermir. Ermənistan hakimiyyəti vasitəsilə Qərb diktə edir və planlarını həyata keçirir, strategiyasını tətbiq edir. Bu isə, ilk növbədə, erməni xalqına ziyan vurur. Bir tərəfdən İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən isə Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarında rol oynayır. Xarici hərbi qüvvələr Ermənistana dəvət olunarsa, bu ölkə yenidən regionun bütün dövlətlərinə qarşı tramplinə çevriləcək – Ərdoğanın çıxışı məhz bundan ibarətdir. Xarici müdaxilə Paris və Vaşinqtonun Cənubi Qafqazdakı planlarıdır və bu planlar hər bir region ölkəsinə qarşı yönəlib: Türkiyəyə qarşı, Azərbaycana qarşı, Rusiyaya qarşı, İrana qarşı, Gürcüstana qarşı. İndi də Gürcüstandakı vəziyyəti görürük - onları yeni rəngli inqilaba təhrik edirlər. Eyni zamanda Ermənistanı öz tramplinlərinə çevirməyə çalışırlar”. Almanitalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar: “Türkiyə Prezidenti Almaniya və Fransanın başçılıq etdiyi Avropa İttifaqının iki ölkə arasında həll edilməmiş məsələlərin həllində az qala əsas sülhməramlı rolunu öz üzərinə götürməsindən şikayətlənir. Axı Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında diplomatik həll prosesinə Türkiyə kimi bir ölkəni dəvət etmədi. Bundan əlavə, Türkiyə görür ki, Avropa İttifaqının Qafqazda demək olar ki, yeganə marağı Rusiyanı təcrid etməkdir. Ərdoğan hesab edir ki, nəhayət, Ukrayna münaqişəsinin diplomatik həllini tapmaq və Rusiya ilə danışıqlara başlamaq lazımdır. Türkiyə, görünür, Rusiya ilə Qafqazdakı mühüm məsələlərdə razılığa gələ bilib. Ərdoğan etiraf edir ki, Avropa Türkiyəni Qafqazda sabitləşmə prosesindən kənarlaşdırmağa çalışır”. Türkiyəli analitik, siyasi elmlər doktoru, professor Haydar Çakmak: “Keçmiş gücünü, yəni Sovet İttifaqı dövründə əldə etdiyi gücü bərpa etmək üçün Rusiyaya öz regionu daxilində və mümkünsə, ondan kənarda da nəzarət edəcəyi ölkələr lazımdır. Lakin problem ondadır ki, Rusiyanın repressiv ənənəvi siyasəti indi ətraf ölkələri narahat edir. Ruslar bu ölkələrə bərabər yanaşmırlar, həmişə rəis və qərar qəbul edənlər olmaq istəyirlər. Müstəqil dövlətlər, hörmətli insanlar belə münasibətləri istəmirlər. Ruslar inkişaf, demokratiya, qanunun aliliyi, insan haqları, bərabərlik, müstəqillik və iqtisadi inkişaf kimi Qərb dəyərlərini təmin edə bilməzlər. Beləliklə, Moskva bir çox postsovet respublikalarını itirdi və indi Ermənistan və Gürcüstan kimi qalan ölkələri itirmək üzrədir, çünki ruslar repressiv, cəlbedici olmayan və ziyan vurmağa hazır imici yaradırlar. Ermənistan həqiqətən də Rusiya və İrandan qurtulmaq istəyir, lakin onun şərtləri buna imkan vermir. Çünki Qərblə tamhüquqlu ittifaq bağlamaq üçün Rusiya və İrandan uzaqlaşmaq lazımdır. Qərb marşrutu Türkiyədir. Türkiyənin isə şərti Azərbaycanla sülh bağlamaqdır. Rusiya və İranın təzyiqi altında olan Azərbaycan və Ermənistanın regiondan kənardan dəstəyə ehtiyacı olduğu aydındır. Burada Türkiyə dolayısı ilə Rusiya və İranı region ölkələrinin qərarlarına hörmətlə yanaşmağa, sülhə nail olmağa kömək etməyə və onlara qarışmamağa çağırır. Azərbaycan və Ermənistan Qərb ölkələrinə qoşulsa, Gürcüstan da onların ardınca gedəcək. Bu, Rusiya və İran üçün ciddi itkilər deməkdir. Türkiyə Qafqaz ölkələrinin Rusiya və İranın təsirindən azad edilməsinin tərəfdarı olduğu üçün bu ölkələri bu istiqamətdə dəstəkləyir”. Geri qayıt |