Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Tezliklə çərçivə sazişi imzalana bilər
Tezliklə çərçivə sazişi imzalana bilər16-05-2024, 09:52 |
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qurumla bağlı rəsmi Bakının mövqeyini birmənalı ortaya qoydu. Dövlət başçısı dedi ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Əslində, ATƏT-in Minsk qrupunun fəaliyyəti faktiki olaraq 24 iyun 2022-ci ildən dayanıb. Özü də bunu nə Azərbaycan, nə də Ermənistan tələb edib. Keçmiş həmsədrlərdən olan Rusiya özü həmsədrlik institutunun fəliyyətinə son verildiyini açıqlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovla görüşündə “Minsk qrupu fəaliyyətini dayandırıb” açıqlamasını vermişdi. Sergey Lavrovun bu sözlərini 2022-ci il noyabrın 17-də ABŞ Dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker də təkrarlayıb və “Minsk qrupu mexanizmi işləmir” deyib. Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Minsk qrupunun iki həmsədr ölkəsinin belə açıqlaması onsuz da işləməyən qurumun fəaliyyətinə tam xitam vermişdi: "Dövlət başçısı qeyd etdi ki, bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Çünki həmsədr ölkələrin hər üçündə də gücü olan erməni lobbisi və diasporu uzun illər həmsədrləri “konyak diplomatiyası” ilə ələ alır, onların qərarlarına müdaxilə edirdi. Yəni sülhü təmin etmək üçün mandat verilən ATƏT-in Minsk qrupu həmsədrləri faktiki olaraq işğalın davamlı olmasına çalışırdı. ATƏT-in Minsk qrupu keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin həlli üçün yaradılmışdı. Azərbaycan hərbi yolla münaqişənin "Dağlıq Qarabağ" etapını sonlandırdı. Təbii olaraq ATƏT-in Minsk qrupunun həll etməli olduğu münaqişə də yoxdur. Qurum Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandata malik deyil. Buna görə də ATƏT-in hazırkı sədri mövcud reallıqları qəbul edib MQ-ni buraxmalıdır". Ekspertin fikrincə, Minsk qrupuna sərf edilən vəsaitin ATƏT-in digər müvafiq qurumlarına sərf edilməsi daha məqsədəuyğun olar: "Azərbaycan və Ermənistana gəldikdə isə iki ölkə arasında danışıqlar gedir, sülh prosesində mühüm irəliləyiş əldə edilib. Danışıqlar masasında müzakirə edilən bir sənəd var və tezliklə çərçivə sazişi imzalana bilər. Yəni hazırda Minsk qrupunun heç bir missiyası yoxdur və fəaliyyətini dayandırdığını elan etməlidir". Geri qayıt |