Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bayram günlərinin maaşı necə hesablanacaq?

Bayram günlərinin maaşı necə hesablanacaq?


15-05-2024, 16:00
Bayram günlərinin maaşı necə hesablanacaq?
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı təsdiq edilib. Müvafiq sənəd Komissiyanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən təsdiqlənib. Fəaliyyət Planında əməyin azadlığı indiqatoru ilə bağlı bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub.

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabr ayının 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlamalı və aidiyyəti üzrə təqdim edilməlidir. Nazirliyə, həmçinin noyabr ayının 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb.

Hazırda Azərbaycanda minimum əməkhaqqının məbləği 345 manatdır. Son günlər saatlıq minimum əməkhaqqının hesablanması qaydası ictimaiyyət tərəfindən geniş müzakirə olunur. Maraq doğuran məqamlardan biri də odur ki, bayramlarla əlaqədar qeyri-iş günləri ilə bağlıdır.

Məsələn, yanvar, mart aylarında ardıcıl bir həftə və ya daha çox istirahət günləri olur. Həmin günlərlə bağlı saatlıq əməkhaqqı necə hesablanacaq?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, Baş nazirin birinci müavini tərəfindən işçi qaydasında təklif etdiyi "yol xəritəsi" var və orada ƏƏSMN-nə tapşırılıb ki, bu barədə təkliflər hazırlasın:

“Bu tapşırıq hələ ki, qanunda yoxdur. İşçi qrup şəklində müzakirə nəzərdə tutulub. Bu, hələlik hökumətdaxili bir müzakirədir. Ancaq çox müsbət haldır ki, hökumətdaxili müzakirələr də ictimaiyyətin diqqətinə çatdırılır. Yəni təkcə qanun layihəsi kimi Milli Məclisə təqdim ediləndən sonra məlumat verilmir. Digər tərəfdən, əgər son nəticədə illik göstəricini götürürüksə, bunun fərqi yoxdur. Yəni aylıq minimum əməkhaqqıdır, yoxsa saatlıqdır. Bu, “keçəl Həsən, Həsən keçəl” söhbətidir. Ancaq yanvar, mart aylarında iş günləri bayramla bağlı, fevralda günlərin sayı az olduğuna görə azalır. Əksinə iyul, avqustda bayramlar yoxdur və 31 gündür. Bu, o deməkdir ki, işçi bu aylarda daha çox, digər aylarda isə əksinə, daha az maaş alacaq”.

Ekpert bildirib ki, ancaq bunun illik göstəriciyə təsiri yoxdur:

“Bu, o şəxslərə təsirli olacaq ki, onlarla əməkhaqqı müqaviləsi qısamüddətli, yəni 1-3 aylıqdır, şəxsin hansı aylarda işləməsinə baxır. Xarici təcrübəni götürsək, orada xidmət haqqı, əməkhaqqı saatı daha çox olur. Bu kimi yanaşma orada daha çoxdur, nəinki Azərbaycanda”.

Geri qayıt