Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısından Avropa Məhkəməsinə şikayət ünvanlandı
İcra başçısından Avropa Məhkəməsinə şikayət ünvanlandı15-03-2014, 14:43 |
![]() Redaksiyamıza Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevlə bağlı qalmaqlda iştirakına dair yeni məlumatlar daxil olub. Xatırladaq ki, bir müddət əvvəl qəzetimizin səhifələrində A.Qocayevin istər Bakının Binəqədi rayonunda, istərsə də hazırda Samux rayonunda tutduğu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində göstərdiyi fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunmuşdu. Əslində, E.Abdullayevlə bağlı qalmaqallarda bu yüksək çinli məmurun iştirakı da məhz elə tutduğu vəzifədən yaranan imkanlar səbəbindən baş vermişdi.Məlum olduğu kimi, A.Qocayevin həmin dövrdə Binəqədinin icra başçısı olaraq rayon ərazisində deputat seçkilərinin təşkilinə və keçirilməsinə görə əsas məsul şəxslərdən biri kimi, E.Abdullayevlə aralarında nəğd pul mübadilələri olması faktı indiyədək heç bir mənbə tərəfindən danılmır. Bununla belə sabiq rektordan alınan vəsaitin artıq əks istiqamətdə hərəkətinə, yəni pulların yenidən onun özünə qayıtmasına dair məlumatlarda ziddiyyətlər var. İlkin olaraq məlumat yayılmışdı ki, Binəqədinin sabiq icra başçısı “deputat Abdullayev” əməliyyatı iflasa uğradıqdan dərhal sonra Elşad Abdullayevin pullarını elə onun çantasındaca özünə geri qaytarmışdır. Lakin bir müddət sonra sabiq rektorun yayımladığı başqa məlumatda fərqli açıqlamalar verildi. Artıq iddia olunurdu ki, Alı Qocayev əvvəlcə pulları mənimsəməyə cəhd göstərib və yalnız Gülər Əhmədovadan bilavasitə göstəriş aldıqdan sonra, üçüncü bir şəxsin vasitəçiliyi ilə müəyyən məbləği sahibinə çatdırıb. Həm də qeyd olundu ki, E.Abdullayev guya verdiyi məbləğin yalnız yarısını geri alıb. Təbii ki, öz növbəsində kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Alı Qocayev ona qarşı irəli sürülən bütün ittihamları təkzib etmişdi: “Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev müxtəlif kütləvi informasiya vasitələrində guya mənim ona çatdırılması üçün köməkçim vasitəsilə pul əvəzi olaraq kağız parçaları göndərdiyim, köməkçimlə birlikdə Elşad Abdullayevin görüşünə gələn şəxslərin ona zorakılıq tətbiq etmələri, Elşad Abdullayevə çemodanda pul göndərməyim barədə heç bir hüquqi əsası olmayan, yalan və böhtan xarakterli məlumatları yayaraq içtimaiyyət qarşısında yenidən özünü gündəmə gətirməyə cəhd edib...” Lakin sonradan Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəmə prosesinin başa çatmasıyla A.Qocayevin onsuz da zəif bəyanatları öz çəkisini bir qədər də itirmiş oldu. Məlum olduğu kimi Elşad Abdullayevin şikayəti əsasında məsuliyyətə cəlb edilən və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirələkbər Seyidova 2 il sınaq müddəti olmaqla 7 il şərti cəza verildi. Lakin hadisələrin inkişafı göstərir ki, sözügedən qalmaqalla bağlı xəbərlər Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəmə prosesinin başa çatması haqda məlumatla tamamlanmayacaq. Belə ki, yeni aldığımız və hələlik təsdiqlənməmiş məlumatlarda, ABU-nun sabiq rektoru tərəfindən Alı Qocayevə qarşı artıq Avropa məhkəməsi qarşısında iddia qaldırılacağı bildirilir. Belə bir iddianın qaldırılacağı halda, bunun Samux RİH başçısının karyerası üçün hansı nəticələr verə biləcəyi barədə hələ ki, bir söz demək çətindir. Bu arada isə fərqli mənbənin verdiyi digər məlumata görə, hazırda A.Qocayevin oğlu İlham Qocayev öz karyerasının növbəti mərhələsinə keçməyə hazırlaşır. Mənbənin sözlərinə görə İ.Qocayev bu yaxınlarda Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat almaq gözləntisindədir. Hazırda bu vəzifəni tutan polkovnik Şükür Mehdiyevin isə Bakının Binəqədi RPİ-nə rəis təyin ediləcəyi gözlənilir... Geri qayıt |