Əsas Səhifə > Güney Press / Ana xəbər > “Xəzər Dəniz Gəmiciliyi”nin poliklinikasından maraqlı izahat

“Xəzər Dəniz Gəmiciliyi”nin poliklinikasından maraqlı izahat


13-03-2014, 17:29
“Xəzər Dəniz Gəmiciliyi”nin poliklinikasından maraqlı izahat
“Xəzər Dəniz Gəmiciliyi” Qapalı Səhmdar Cəmiyyətinin 1 saylı Hövzə Poliklinikasının kollektivi adından prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Mətni dünən yayılan müraciətdə deyilirdi ki, 75 ildən cox fəaliyyət göstərən poliklinika ilə əlaqəli gizli sövdələşmələr gedir: “Poliklinika paytaxtın mərkəzində (bulvarın qarşısında, Musiqili Komediya Teatrının yanında) yerləşdiyindən bu ünvanı özününküləşdirmək istəyənlər var. Artıq poliklinikanın bir hissəsi ələ keçirilib və burada iaşə müəssisələri açılıb. Belə ki, 1 saylı Hövzə Poliklinikasının Əziz Əliyev kücəsinə baxan hissəsində “Kofe evi” fəaliyyətə başlayıb. Bununla kifayətlənməyən şəxslər poliklinikanın digər sahəsində gecə klubu yaratmaq fikrinə düşüblər. Həyatlarını dənizçilərin sağlamlığına həsr etmiş, onların sağlamlıqlarının keşiyində duran tibb işçilərini hiddətləndirən hansısa qüvvələrin hədələri ilə üzləşmələridir.

1 saylı Hövzə Poliklinikasının tibbi personalı bu qədim tibb oçağının hansısa işbazın pul qazanmaq ünvanına çevrilməsini istəmir. Bu hal eyni zamanda Azərbaycan qanunvericiliyinin, insan haqlarının pozulmasıdır”.

Müraciət mətbuatda gedəndən sonra “Xəzər Dəniz Gəmiciliyi” QSC tərəfindən təkzib xarakterli məlumatlar yayıldı. Hətta kollektivi yalan danışmaqda günahlandıranlar da oldu.

Virtualaz.org saytının əməkdaşları isə poliklinika ətrafında baş verən hadisələri araşdırıb.

Poliklinikanın baş həkimi Təranə Nurəliyeva saytımıza açıqlamasında kollektivin prezidentə müraciətindən xəbərsiz olduğunu dedi: “Poliklinika bağlanmayıb, fəaliyyət göstərir. Poliklinikanın bağlanılılacağı ilə bağlı deyilənlər yalandır”.

Kollektivin müraciətinə gəldikdə isə baş həkim bunun kimlər tərəfindənsə qəsdən yayıldığına əmin olduğunu bildirdi: “Müraciəti imzalayanlar olmalıdır. Belə müraciət varsa, onun kimlər tərəfindən imzalandığını desinlər. Bizim kollektiv belə müraciət imzalamayıb”.

Poliklinikanın binasının satılması, binanın gecə barına çevriləcəyi ilə bağlı suallara cavab vermək istəməyən baş həkim “Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat xidmətinə müraciət etməyimizi məsləhət gördü.

Baş həkimin təkzibindən sonra məsələyə kollektiv üzvlərinin münasibətini öyrənməyə çalışdıq. Dəhlizdə toplaşan həkimlərlə söhbətləşməyə mane olmağa çalışan mühafizəçi baş həkim və ya “Xəzər Dəniz Gəmiçiliyi” tərəfindən rəsmi icazə almağımızı tələb etdi. Mühafizəçinin poliklinikanı tərk etmək göstərişinə baxmayaraq ayrı-ayrı tib işçilərinin məsələyə münasibətini öyrənə bildik.

Həkimlər prezident İlham Əliyevə ünvanlanmış müraciətin kollektiv tərəfindən yazıldığını təsdiqlədilər: “Müraciət əsasən həkimlər tərəfindən yazılıb və ona 30-dan çox imza atılıb”.

Qeyd edək ki, müraciət mətbuatda işıqlandırılandan sonra rəhbərlik tərəfindən sənədi imzalayan həkimlərə qarşı təzyiqlər başlayıb. Buna görə də həkimlər hələlik adlarının açıqlanmamasını istəyirlər: “Müraciəti kollektiv olaraq imzalamışıq. Poliklinika bir-iki aya köçürüləcək. Biz poliklinikanın köçürülməsinə qarşıyıq”.

Həkimlərin narahatçılığının bir səbəbi də poliklinika köçürüləndən sonra onların taleyinin necə olacağıdır: “Hazırda poliklinikada 100-dən artıq tibb işçisi çalışır. Həkimlərə deyirlər ki, işdən azad olunmaq üçün ərizə yazın. Bizi xəzinəyə pul keçirməyə məcbur edillər. Bizi Yasamal rayonu ərazisindəki hövzə xəstəxanasının həyətindəki keçmiş morqda yerləşdirmək istəyirlər. Orada 30-dan artıq adam yerləşmir. Buna görə də əksəriyyət işdən çıxacaq”.

Həkimlər yeni binada narazılıq edənlərin işlə təmin olunmayacaqlarından da narahatdır. Buna görə də adlarının hallandırılmasını istəmirlər: “Qərar verməzdən əvvəl məsləhətləşirik. Müraciətə veriləcək qərarı gözləyirik. Poliklinikanın nəyə görə bu ərazidən köçürüldüyünü açıqlamalıdırlar. Hamımız narahatıq”.

Məsələyə münasibət bildirən “Xəzər Dəniz Gəmiçiliyi” QSC mətbuat xidməti rəsmisi Vüqar Seyidov maraqlı açıqlama verdi. V.Seyidov saytımıza bildirdi ki, poliklinikaya gələn xəstələr maşınlarını saxlamağa yer tapmırlar: “Poliklinika fəaliyyətini dayandırmır. Sadəcə olaraq başqa əraziyə köçürülür. 1 saylı Hövzə Poliklinikası cəmiyyətə məxsus xəstəxanada fəaliyyətini davam etdirəcək”.

V.Seyidovun poliklinikanın hazırkı binasının taleyindən xəbərsiz olduğunu qeyd etdi: “Poliklinikanın bizim, yoxsa Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olduğunu dəqiq bilmirəm. Əslində bunun elə bir fərqi yoxdur, hər bir halda dövlətin binasıdır”.

Əslində binanın çoxdan, poliklinikanın köçürüləcəyi qərarı açıqlanmadan əvvəl satıldığı bildirilir. Hətta binaya sahib olmaq istəyən şəxslərin adları da çəkilir. Deyilənlərə inansaq, binaya məmurlardan biri sahib çıxıb. Kollektiv isə deyir ki, bina özəlləşdirilməyə çıxarılarkən ilk növbədə kollektivə təqdim olunmalıdır. Amma kollektivin fikirlərinə əhəmiyyət verən yoxdur. Hələlik kollektiv gözləmə mövqeyindədir.

Geri qayıt