Əsas Səhifə > Güney Press > Fransanın Cənubi Qafqazla bağlı planları nə vəd edir
Fransanın Cənubi Qafqazla bağlı planları nə vəd edir18-04-2024, 19:20 |
Bölgəmizdə baş verənlər Fransanın bir neçə il əvvəl formalaşan siyasətinin nəticəsidir. Bunu Sputnik Azərbaycan-a Fransa - Cənubi Qafqaz münasibətlərini və onun perspektivlərini şərh edərkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Keçmiş XİN rəhbəri hesab edir ki, Fransa bölgədə nüfuzunu artırmağa çalışır. "Bunun üçün Gürcüstanda müxtəlif addımlar atılırdı. Ermənistanda bu addımların 2020-ci ildən sonra atıldığına şahidlik etdik. Fransa Aİ-nin imkanlarından istifadə edərək bölgədə Türkiyəyə qarşı ikinci cəbhə açmaq istəyir. Bəllidir ki, Aralıq dənizində Türkiyənin hərbi, siyasi, iqtisadi imkanları genişlənir. Fransa isə ənənəvi olaraq Aralıq dənizini öz nəzarəti altında saxlamağa iddialıdır. Biz görürük ki, Yunanıstan Fransa yaxınlaşması, Fransanın Misirlə silah alveri, Liviyadakı fəallığı Aralıq dənizi ilə bağlı planların səngimədiyini sübut edir. İndi Cənubi Qafqazda öz rəqibinə ziyan vurmaq üçün Fransa bölgəmizdə Türkiyə üçün ikinci gərginlik cəbhəsi açmaq niyyətindədir. Bu, onların məqsədidir. Təəssüf ki, Ermənistan bu reallığı görmədən Fransanın təşəbbüskar olduğu oyunlarda iştiraka razılıq verib. Bölgədə gərginliyin artmasının siqnalları görünür" - T.Zülfüqarov bildirib. Politoloq onu da bildirir ki, artıq Cənubi Qafqazda güclənən yeni geosiyasi reallıq mövcuddur: "Bu Azərbaycan-Türkiyə tandemi və Türk dövlətləri birliyidir. Bunun güclənməsi bir çox dünya oyunçularını narahat edir. Fransa təzyiq elementlərini formalaşdırmaq üçün həm Azərbaycana, həm Türkiyəyə qarşı bu cür addımlar atır. Buna da diqqət etməliyik ki, indi Fransanın ən əsas geostrateji maraqlarından biri Mərkəzi Asiyada olan uran ehtiyatları ilə bağlıdır. Afrikadan sonra Qazaxıstan və Özbəkistan Fransanın enerji təminatında önəmli rol oynamaqdadır. Fransa prezidentinin bu ölkələrə olan səfərləri də bunu göstərir". T.Zülfüqarovun qənaətinə görə, bu baxımdan hansısa mərhələdə Fransa rəhbərliyi bunu başa düşəcək və Azərbaycanla dil tapmalıdırlar. "Çünki bəllidir ki, yaxın müddətdə Rusiya və Qərb münasibətlərinin gələcəyi ümidverici deyil. Cənubumuzda İranın problemləri genişlənir və bu baxımdan Azərbaycan Fransa üçün böyük əhəmiyyət kəsb edir. Gələcəkdə bu münasibətlərin geniş şəkildə müzakirəsi qaçılmazdır. Uzun müddətli bir posesdir və bu baş verənlər onun bir mərhələsidir" - politoloq fikrini tamamlayıb. Geri qayıt |