Əsas Səhifə > Güney Press > “Manatlıq” taksilər yoxa çıxır:
“Manatlıq” taksilər yoxa çıxır:16-04-2024, 13:56 |
İyunun 1-dən taksilərlə bağlı gözlənilən dəyişiklik “manatlıq” taksilərlə bağlı məsələni gündəmə gətirib. Qəbul edilmiş qərardan sonra taksi sürücülərində təşviş yaranıb. Son günlər yollarda “manatlıq” taksilərin sayında kəskin azalma hiss olunur. “Manatlıq” taksiləri əvəz edəcək avtobuslar olmadığı halda sərnişinlər nə etməlidir? Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya bildirib ki, taksilər yalnız onlar haqqında qəbul edilmiş qərara əsasən fəaliyyət göstərə bilər: “İyunun 1-dən başlayaraq taksilər haqqında yeni qanun qüvvəyə minəcək. Bu qanundan sonra taksilər yalnız standartlara cavab verəcək şəkildə fəaliyyət göstərə bilər. Taksilərdə taksometr quraşdırılmalı, taksilərin texniki durumu qaydasında olmalı və digər qaydalara əməl edilməlidir. Başqa cür fəaliyyət göstərə bilməz. Əks halda cərimələnəcək”. Ekspert qeyd edib ki, “manatlıq” taksi fəaliyyəti ilə məşğul olanlara qarşı da mübarizə aparılacaq: “Taksilərə qarşı dəfələrlə reydlər keçirilir. İnzibati qaydada cərimələr, protokollar tərtib edilir. Lakin hər şeyə rəğmən bu hallar yenidən təkrarlanır. O baxımdan, təkcə Dövlət Yol Polisinin deyil, eyni zamanda AYNA -nın əməkdaşları da İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq edəcəklər”. Geri qayıt |