Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Hesab edirdilər ki, nə zamansa Azərbaycan reallıqlarla barışacaq və...

"Hesab edirdilər ki, nə zamansa Azərbaycan reallıqlarla barışacaq və...


13-04-2024, 08:58
"Hesab edirdilər ki, nə zamansa Azərbaycan reallıqlarla barışacaq və...
"Otuz il ərzində ATƏT-nin Minsk qrupunun həmsədr ölkələri Ermənistandan öz geosiyasi maraqları üçün siyasi alət kimi istifadə ediblər".

Bu sözləri politoloq Oqtay Qasımov "Cebhe.info"-ya açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın ATƏT-nin Minsk qrupunun otuzillik fəaliyyəti ilə bağlı bəyanatını şərh edərkən bildirib.

O qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsindən kifayət qədər yararlanıblar:

"Nikol Paşinyanın parlamentdəki çıxışı bir çox məqamlara diqqət çəkir. Paşinyan Ermənistanın son otuz ildə böyük güclər tərəfindən istifadə olunduğunu etiraf edib. O ki qaldı ATƏT-nin Minsk qrupuna, bu qurum 1992-ci ilin martında yaradılıb və onun konkret funksiyaları olub.

Minsk qrupu münaqişə tərəflərini sülh prosesinə hazırlamaq və iki tərəf arasında sülh sazişinin imzalanması üçün Minsk konfransı ilə bağlı hazırlıqlar görmək idi. Sonrakı mərhələdə ATƏT-nin Minsk qrupunun üç həmsədr ölkəsi seçildi. Həmin ölkələr ABŞ, Fransa və Rusiya idi.

Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin nizamlanması istiqamətində heç bir nəticəyönlü addım atmayıblar. Onların əsas məqsədi Azərbaycan ərazilərini qeyri-müəyyən müddətə qədər işğal altında qalmasına şərait yaratmaq idi. Hesab edirdilər ki, nə zamansa Azərbaycan reallıqlarla barışacaq və öz ərazilərini güzəştə gedəcək.

Dövlət rəhbəri İlham Əliyev də dəfələrlə bunu öz çıxışlarında bəyan edib. Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiyanın beynəlxalq məsələlərdə maraqları bir-birinə zidd olmasına baxmayaraq, onların Qarabağ məsələsində, ən əsası da Ermənistana münasibətdə mövqeləri üst-üstə düşüb. Həmsədr ölkələrin üçü də Azərbaycanın hesabına Ermənistanın maraqlarını təmin etmək istəyiblər".

Oqtay Qasımov vurğulayıb ki, otuz il ərzində Minsk qrupunun həmsədr ölkələri Ermənistandan öz geosiyasi ambissiyalarını həyata keçirmək üçün siyasi alət kimi istifadə ediblər:

"Münaqişə dövründə Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya tərəfindən dəfələrlə Azərbaycan üçün qeyri-məqbul olan variantlar təklif ediblər. Həmin variantlardan biri - Qarabağla Azərbaycanın daxil olduğu vahid dövlət konsepsiyası idi.

Rəsmi Bakı bu təklifi rədd etdi. Bundan başqa, Minsk rupunun həmsədrləri bəyan edirdilər ki, münaqişəni hərbi yola həll etmək qeyri-mümkündür. Onların bu kimi bəyanatlarına çox şahidi olmuşuq. Bu baxımdan həmsədr ölkələr həm öz maraqlarını, həm də Ermənistanın maraqlarını təmin etməyə çalışıblar".

Geri qayıt