Əsas Səhifə > Güney Press > Süleyman Tatlıyev vəfat edib
Süleyman Tatlıyev vəfat edib10-03-2014, 15:04 |
![]() Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev martın 9-da vəfat edib. Bu barədə yayılan rəsmi nekroloqda deyilir: - Süleyman Tatlıyev 1925-ci il fevral ayının 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Orta məktəbin yuxarı sinfində oxuyarkən, 1943-cü ildə hərbi xidmətə çağırılıb. Cəbhədə ağır yaralandıqdan sonra vətənə qayıdaraq Qazax şəhər orta məktəbini bitirib və 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1951-ci ildən Rusiya Federasiyasının Qroznı şəhərindəki yeni neftayırma zavodunda mühəndis kimi başlayan Süleyman Tatlıyev 1956-1961-ci illərdə Sumqayıt sintetik kauçuk zavodunda məsul vəzifələr tutub, 1961-1963-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının kimya sənayesi idarəsində şöbə müdiri, 1963-1965-ci illərdə isə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində neft-kimya şöbəsi müdirinin müavini və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Zaqafqaziya Bürosunun inspektoru olub. Süleyman Tatlıyev 1965-1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin kimya sənayesi idarəsinin rəisi, 1970-1978-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində işlər müdiri, 1978-1985-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini işləyib. O, 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilərək 1989-cu ilədək həmin vəzifədə çalışıb. Süleyman Tatlıyev 1994-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti idi. O, bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görülüb. Tanınmış ictimai-siyasi və dövlət xadimi, təvazökar və səmimi insan Süleyman Bayram oğlu Tatlıyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin! AzərTAc-ın məlumatına görə, nekroloqu prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri imzalayıb. Geri qayıt |