Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Mikayıl Cabbarov uşaq bağçalarını tezliklə geri almazsa...

Mikayıl Cabbarov uşaq bağçalarını tezliklə geri almazsa...


7-03-2014, 15:06
Mikayıl Cabbarov uşaq bağçalarını tezliklə geri almazsa...
DİA.AZ: - Bir neçə gün əvvəl Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 263 saylı uşaq bağçasında yer almış bir sıra neqativ faktları diqqətinizə təqdim etmişdik. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda qeyd olunurdu ki, Rəhilə Şıxəliyevanın rəhbərlik etdiyi bu müəssisədə rüşvət yığımları bu gün çox yüksək həddə çatmışdır. İlk növbədə övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlərdən təxminən 150-200 manat məbləğində pul ödəmək tələb olunur. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər ilkin ödənişdə nəzərdə tutulmur.

Bəzi mənbələrin iddiasına görə isə 263 saylı bağçada “bağça fondu”nun hesabına və tərbiyyəçi-müəllimlərin mükafatlandırılmasına hər uşağa görə valideynlərdən ayda 20-30 manat pul yığılır. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, uşaq məktəbəqədər müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaratmışdır.

Göründüyü kimi bəzi müəssisə rəhbərləri bu yenilikdən də öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək məqsədilə yararlanmaq qərarına gəliblər. Belə ki, bir çox bağça müdirləri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, rəhbərlik etdikləri müəssisələrdə həyata keçirilən pul yığımlarının intensivliyini bir qədər də artırmışlar.

Bu yöndən DİA.AZ-a daxil olan məlumatlarda 263 saylı uşaq bağçasında da məhz bu xüsusda çeşidli qanun pozuntularının müşahidə olunduğu bildirilir. Lakin biz belə bir məqamı da qeyd etmək istəyirik ki, sözügedən materialın dərcindən dərhal sonra Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi redaksiyamızla telefon əlaqəsi saxlamış və mövzu ətrafında redaksiyamızın rəhbərliyi ilə dolğun və konstruktiv müzakirələr aparmışdır. Söhbət əsnasında qeyd olunmuşdur ki, istənilən bir uşaq bağçasında yer almış pul yığımının təsdiq olunduğu halda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Və istənilən halda bu neqativ təzahürlərin BŞİH ilə hər hansı formada əlaqələndirilməsi qətiyyən yolverilməzdir.

DİA.AZ bildirir ki, BŞİH rəsmisinin bu bəyanatından uşaq bağçalarında rüşvət tələbləri ilə rastlaşan bütün valideynlər yetərincə yararlana bilərlər. Konkret olaraq 263 saylı bağçada baş verən qanun pozuntularına gəlincə isə, düşünürük ki, bu müəssisənin fəaliyyəti daha səlahiyyətli orqanlar tərəfindən təftiş olunmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün Rəhilə Şıxəliyevanın rəhbərlik etdiyi bu müəssisədə pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu xüsusda daxil olan məlumatlarda 263 saylı bağçada uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, tərbiyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçaya ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu da xüsusi olaraq vurğulanır.

Birdəfəlik olaraq belə bir həqiqəti qəbul etmək lazımdır ki, uşaq müəssisələrində əsaslı islahatların aparılması və ən əsası da bu islahatların real müsbət nəticələr verə bilməsi üçün, ilk növbədə həmin müəssisələrə rəhbərlik edən şəxslərin fəaliyyətləri tam ciddiliyi ilə təftiş olunmalı, korrupsiya hallarına və digər qanun pozuntularına yol verən məmurlar cəzalandırılaraq uşaq bağçalarında əmək fəaliyyəti gösərmək imkanlarından həmişəlik məhrum olunmalıdırlar.

Geri qayıt