Əsas Səhifə > Güney Press > “Ülviyyə Muradova ilə bağlı epizodda..."
“Ülviyyə Muradova ilə bağlı epizodda..."2-03-2024, 11:16 |
İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyev ifadə verib. O bildirib ki, xuliqanlıq ittihamı da daxil, ona verilən ittihamların hamısı heç bir gerçək sübut-dəlilə əsaslanmır: “Ülviyyə Muradova ilə bağlı epizodda iki ifadə var. Bu ifadələrdəki 1200 sözdən 900-ü nöqtə-vergülünə, hətta hərf səhvlərinə qədər eynidir. Çünki ifadə alınmayıb. Bir ifadəni başqa birinin adına köçürüblər. Mənə iqtisadi məsələlərlə bağlı ittihamlar veriblər – qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitləri leqallaşdırma, qaçaqmalçılıq. Amma iş materiallarının təhlili göstərir ki, bu ittihamı verənlər müxbir hesabla cari hesabı ayıra bilmir. Bank hesabındakı balansla dövriyyəni ayırd edə bilmir”. Bəxtiyar Hacıyevin sözlərinə görə, pul qaçaqmalçılığında suçlanır. Lakin həmin vəsaiti nə vaxt, hansı gömrük orqanından gizli ölkəyə gətirməsi barədə heç nə yoxdur. Deyib ki, ona vergidən yayınma ittihamı vermək üçün gəlirləri şişirdilib, xərcləri isə əksinə, azaldılıb. O, ifadəsinin sonunda vurğulayıb ki, təqsirsizdir, siyasi baxışlarına, insan haqlarının müdafiəsilə bağlı fəaliyyətinə, bir də hüquqları pozan məmurlara qarşı sanksiya çağırışlarına görə cəzalandırılıb. B.Hacıyevin məhkəməsi martın 15-də davam edəcək. O, prokurorun və müdafiəçilərinin suallarını cavablandıracaq. Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib. İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib. Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb. Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Bəxtiyar Hacıyevin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir. Adları çəkilən şəxslərin hər iksi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb. Geri qayıt |