Əsas Səhifə > Güney Press > Azərbaycanda devalvasiya gözlənilir?

Azərbaycanda devalvasiya gözlənilir?


12-02-2024, 15:58
Azərbaycanda devalvasiya gözlənilir?
"Hazırda manatın xarici valyutalara nisbətən kursu inzibati qaydalarla saxlanılır. Bu isə devalvasiya riskinin qarşısını alır".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın hazırkı monetar siyasəti və dövlətimizin əsas götürdüyü iqtisadi prinsiplər fonunda yaxın müddət ərzində devalvasiyanın baş verəcəyi real görünmür:

"Devalvasiya iqtisadi proses olmaqla yanaşı, eyni zamanda beynəlxalq aləmdə baş verən hadisələrin nəticəsidir. Yəni devalvasiya sıradan bir qərar deyil. Azərbaycanın hazırkı iqtisadi gücü və 30 ildən artıq işğalda qalmış ərazilərin azad ediləndən sonra bərpa-quruculuq işlərinin aparılması ölkəyə böyük investisiya marağı yaradıb. Bu baxımdan devalvasiya təhlükəsi müəyyən dövr üçün kənarlaşıb. Bütün hallarda 2024-cü ildə devalvasiya riskinin qarşısı inzibati yollarla alınacaq".

V.Oruc hesab edir ki, yaxın gələcəkdə hər hansısa fors-major hadisə yaşanmazsa, devalvasiya üçün əsas olmayacaq: "Məlumdur ki, Azərbaycan manatı həm də neftin qiyməti ilə tənzimlənir. Bu tənzimləmə formasında hələlik ciddi dəyişiklik baş verməyib. Baxmayaraq ki, mütəmadi olaraq neftin qimətində cüzi bahalaşma və ya ucuzlaşma baş verir. Bu, bazarın daxili normal proseslərindən biridir".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, bu il Azərbaycanda devalvasiyanın baş verəcəyi gözlənilmir.

Onun sözlərinə görə, milli valyuta ehtiyatının çox olması devalvasiya təhlükəsinin qarşısını alır: "Eyni zamanda neftin qiyməti sabitdir. Neft hasilatımız azalsa da, valyuta ehtiyatlarımız kifayət qədər çoxdur. Bu baxımdan devalvasiya təhlükəsi ilə bağlı risk çox aşağıdır".

Geri qayıt