Əsas Səhifə > Güney Press > İrəvanın manipulyasiya cəhdi:

İrəvanın manipulyasiya cəhdi:


12-02-2024, 15:02
İrəvanın manipulyasiya cəhdi:
Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.
Bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.
Normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ermənistanın növbəti təxribatını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, İkinci Qarabağ müharibəsi sona çatsa da, savaş hələ davam edir:

"Hazırda müharibə mina terroru formatında mövcuddur. 2020-ci ildən sonra mütəmadi olaraq Azərbaycan ermənilərin minaladığı ərazilərdə vətəndaşlarının zərər çəkməsi ilə bağlı bəyanatlar verir. Bu müddət ərzində yüzlərlə Azərbaycan vətəndaşı mina terroruna görə xəsarət alıb və həyatını itirib. Bu inkar olunmayacaq faktdır. Azərbaycan beynəlxalq səviyyədə mövzunu gündəmə gətirir. Müharibədən sonra belə Ermənistan Azərbaycan ərazisinə milyonlarla mina basdırıb. Bütün bunlar isə Ermənistan üçün neqativ mövzudur. Mina terroru Azərbaycanın Ermənistanı sərt şəkildə ittiham etməsi üçün əsas verir. Ermənistanda da bunu başa düşürlər və rəsmi İrəvan problemi üzərindən atmaq niyyətinə düşüb. Ona görə də Azərbaycana mina xəritələrini vermək qərarına gəlib. Amma Ermənistan mina terrorunu davam etdirmək niyyətində olduğuna görə Azərbaycana xəritələri yenə yanlış verib. Burada Ermənistanın əsas məqsədi beynəlxalq aləmə mina xəritələrini təhvil verməklə bağlı car çəkməkdir. Azərbaycanın isə tez bir zamanda mina xəritələrini yoxlayıb yalan olduğunu bildirməsi olduqca vacib idi. Beləliklə Ermənistan mina xəritələrinin verilməsi ilə bağlı beynəlxalq səviyyədə manipulyasiya etmək şansını itirdi".

Geri qayıt