Əsas Səhifə > Güney Press / Ana xəbər > ABŞ səfiri “Bank of Baku” və Şəhram Oromi haqda nə yazırdı...
ABŞ səfiri “Bank of Baku” və Şəhram Oromi haqda nə yazırdı...5-03-2014, 08:46 |
![]() Bu gün ölkənin ən aparıcı və ən geniş müştəri şəbəkəsinə malik olan banklarından “Bank of Baku”da MTN-in əməliyyat keçirdiyinə dair yayılan xəbərlər maliyyə çevrələrində, habelə bankın müştərilərində ciddi narahatlıq yaradıb. Virtualaz.org saytına daxil olmuş məlumatda bildirilir ki, əslində bu əməliyyat Türkiyədə həbs edilmiş və iki gün əvvəl azadlığa buraxılmış İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab, habelə İran pullarının beynəlxalq sanksiyalardan yayındırılmaqla dövriyyəsi ilə bağlı ola bilər. Əməliyyatın əsas hədəflərindən biri də bankın iranlı sahibi, Rza Zərrabın bacısının əri olan Şəhram Oromidir. Virtualaz.org saytı qeyd edir ki, “Bank of Baku” və Oromi, habelə İranın Bakıdakı gizli şəbəkəsi barədə ABŞ-ın Bakıdakı səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona - Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi. Həmin teleqramı 2011-ci ilin yayında WikiLeaks saytı yaymışdı. Virtualaz.org Enn Dersinin həmin məxfi qrifli teleqramının məzmununu oxuculara çatdırır: * * * Sənəddə deyilir ki, Bakıda İranla bağlı müşahidə aparan mənbə çoxsaylı qaynaqlardan, o cümlədən Bakıdakı iranlı tələbələrdən, işgüzar fiqurlardan, insan haqları müdafiəçilərindən, Tehranda ixracla məşğul olan biznesmendən, bu ölkədə işləyən tanınmış iş adamından, Azərbaycandakı neft şirkətinin rəhbərindən, konsaltinq və menecment üzrə beynəlxalq firmanın yerli tərəfdaşından əldə edilən məlumatlara əsaslanıb. Səfir E.Dersi teleqramda bu informasiya mənbələrinin adlarının ciddi məxfilik altında qalmalı olduğunu bildirib. Qeyd edib ki, bütün hallarda həmin mənbələrin verdikləri informasiyalar azı üç digər mənbədən təsdiqlənib. * * * Daha sonra teleqramda İranın Azərbaycan üzərindən sanksiyalar altına düşən malların daşınmasını, pul trafikini təşkil edən və Tehran rejiminə bağlı olan şəxslərin siyahısı göstərilir. Bunlardan biri Camal Ələvidir: “Üç mənbə təsdiq edir ki, Ərdəbilin keçmiş merinin yaxın qohumu olan Ələvi prezident Mahmud Əhmədinejadın dostu və keçmiş həmkarıdır. O, hazırda bir neçə İran ticarət firmasının rəhbəridir, həmçinin “Tavanee Marzneshinan Fedayan Velayat” adlı Səhmdar Cəmiyyətin ortağıdır. Bu cəmiyyət idxal-ixrac əməliyyatları ilə məşğuldur. Ələvinin Bakıda evi var, tez-tez işlə bağlı Azərbaycana, Rusiyaya, Çinə və Qazaxıstana səfərlər edir. O, öz firmalarından İnqilab Keşikçiləri Korpusu və digər İran təhlükəsizlik orqanları üçün hərbi avadanlıq, ehtiyat hissələri və digər malların daşınması məqsədi ilə istifadə edir. Zərurət yarananda bu malları daşımaq üçün Azərbaycan gömrüyünə rüşvət verir. Dörd mənbədən biri deyir ki, Ələvini şəxsən tanımasa da onun firması İnqilab Keşikçiləri Korpusuna bağlıdır”. * * * Siyahıdakı digər iranlı FHU “Lütfi” kimi göstərilir. O, Ərdəbildə iri süni dəri fabrikinin (“Kharkhaneye Charmeh Masnui”) sahibidir. Digər firması isə İran Azərbaycanında yerləşir. “Lütfi” Camal Ələvinin tərəfdaşıdır və onunla qaçaqmalçılıq işlərində əməkdaşlıq edir. Həmçinin “Lütfi”nin İnqilab Keşikçiləri Korpusunun əməkdaşı olduğu məlumdur, lakin mümkündür ki, hazırda o, istefadadır. “Lütfi”nin firması faktiki olaraq İnqilab Keşikçiləri Korpusunun mülkiyyətindədir. O, tez-tez Malayziya, Sinqapur, Dubay, Türkiyə, İraq və Azərbaycana səfərlər edir. * * * Siyahıdakı növbəti şəxs Adil Şərəbanidir. O, iranlı valyuta alverçisi və Tehranda “sıx əlaqələri” olan şəxsdir. A.Şərəbani əvvəllər İran Milli Bankında menecer işləyib, hazırda Bakıdakı “Xalq Bank”la yaxın biznesi var. A.Şərəbani İranda müəmmalı şəraitdə müflis olduqdan sonra Bakıya köçüb. O, kifayət qədər varlı biridir və məlumatlara görə, İranın Fədailər Fondu (“Banyadeh Mostazafan” ) ilə işləyir. Bu fondun Azərbaycandakı biznesinə və investisiya fəaliyyətlərinə nəzarət edir. Fondun Bakıda yuyucu vasitələr, o cümlədən “Darya” sabunları istehsal edən fabriki var. İranlı mənbənin dediyinə görə, onun dostu bu yaxınlarda (2009-cu il) Şərəbaninin İrandan daxil olan 5 milyon dollar nağd pulu “Bank of Baku”ya yatırdığını görüb, bu pullar kitablarda əks olunmayıb. Mənbə pulların Şərəbaniyə hansı məqsədlə verildiyini bilməyib. İran rejiminə müxalif digər mənbə isə deyib ki, Şərəbani tez-tez “Bank of Baku”ya belə yatırımlar edir. İranlı biznesmen isə Şərəbaninin İran hakimiyyəti ilə yaxşı əlaqələri olduğunu, Tehran rejiminin pullarının yuyulmasını təşkil edən fiqur kimi tanındığını deyib. Teleqramda Enn Dersinin bu qeydi yer alır: “Xalq Bank “Bank of Baku”nun keçmiş işçiləri tərəfindən qurulub. O, İran firmaları və biznesmenləri arasında çox populyardır. Həmçinin iranlılar “Royal Bank of Baku” ilə də sıx işləyir, bu bank əslən iranlı olan amerikalınındır”. * * * Teleqramda adı çəkilən iranlılardan biri də Kamal Dərvişidir. ABŞ səfirliyi müəyyən edib ki, Dərvişi və onun üç qardaşı vaxtilə İran-İraq müharibəsində şücaətlər göstəriblər. Qardaşlardan biri Kamal Dərvişi İnqilab Keşikçiləri Korpusunda general rütbəsinə qədər yüksəlib. Əvvəllər Tehran vilayətində mühüm təhlükəsizlik postu tutub, kəşfiyyatçı olub. O və qardaşı Keyumars 10 il əvvəldən müntəzəm olaraq Azərbaycana gəlib-getməyə başlayıblar. Onlar kasıb ailədən çıxsalar da hazırda çox varlıdırlar. Kamalın İranda yol və digər infrastruktur işləri görən bir neçə şirkəti var. İranlı biznesmen deyir ki, bu ölkədə heç bir yol Kamal Dərvişinin və onun adamlarının iştirakı olmadan çəkilə bilməz. K.Dərvişi əvvəllər İnqilab Keşikçiləri Korpusunun İrandakı biznesində yer alan “NASR” adlı şirkəti idarə edib. Onun biznesinin bir qismi şübhə doğurduqdan sonra K.Dərvişi Keşikçilər Korpusundan rəsmən “istefa” verib. Ancaq onun hazırda da bu qurumda işlədiyi bildirilir. Son illər K.Dərvişi Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədovla yaxın dostluq və biznes əlaqələri qurub. Z.Məmmədovun köməyi ilə Azərbaycanda azı 8 yol tikintisi layihəsini udub. Bura Bakı-Astara, Bakı-Quba şoselərinin və Bakı Dairəvi Yolunun tikintisi də daxildir. Enn Dersinin şərhi: “Hesab edirik ki, Ziya Məmmədov bu kontraktlarda gizli ortaqdır. Məmmədovun yaxın qohumları və ailə üzvləri Azərbaycanda iri tikinti şirkətinə malikdir. O, hətta Azərbaycan üçün də ən çox korrupsiyalaşmış məmurlardan biri kimi tanınır. İranlı müşahidəçi Azərbaycandakı əlaqələrindən ölkədəki yol tikinti layihələrində necə yaradıcı korrupsiya metodlarının tətbiq olunduğuna dair çoxsaylı iddialar eşidib”. * * * Teleqramda deyilir ki, iranlı işgüzar mənbələr və tələbələr K.Dərvişinin Keşikçilər Korpusu və İran kəşfiyyatı ilə sıx əlaqələrinin olduğunu təsdiq edirlər. İki mənbə onun sərbəst şəkildə xarici ölkələrə səfərlər etdiyini deyib, baxmayaraq ki, Keşikçilər Korpusunun istefada olan zabitlərinin xaricə səfərlər etməsinə dair 10 ildir hüquqi qadağalar mövcuddur. Mənbənin dediyinə görə, K.Dərvişi Azərbaycandakı iranlı tələbələrlə də sıx işləyir və Bakıda yeni şirkət qurur. Siyahıda yer alan Cəmşid (“Juşkar”) Mahmudoğlu kimi göstərilən iranlının milliyyətcə azərbaycanlı olduğu bildirilir. O və qardaşları Türkiyə vətəndaşlığı alıb. Mahmudoğlu və qardaşları “Bank of Baku”da iri səhmdarlardır. “Bank of Baku” bəzən türk bankı kimi də təqdim olunur. Mahmudoğlu qardaşları əslən Təbrizdəndir, varlı ailədən çıxıblar, qızıl və valyuta alveri ilə məşğul olublar, ancaq İran inqilabından sonra biznesləri əllərindən çıxıb. Ailə Türkiyəyə qaçıb və bu ölkənin pasportlarını alıb. Onların Azərbaycan və Türkiyədəki biznes sövdələşmələrində tez-tez Oromi qardaşlarının adları da yer alır. Oromi qardaşları da əslən Təbrizdəndir, hazırda Türkiyə vətəndaşıdır, Azərbaycan və İranda fəal biznes fəaliyyətləri ilə məşğuldur. Mahmudoğlu və Oromi qardaşları Dubayda “Silsila General Trading” adlı şirkət təsis ediblər, bu şirkət “NAB Group”un tərkibinə daxildir. Onlar Almaniyanın “Bosh” şirkətinin lisenziyası əsasında istilik sistemləri istehsal edir. Azərbaycanda adı çəkilən şəxslər “Baku Electronics” şirkəti və “Bank of Baku” ilə ortaqdır. “Bank of Baku”nun əvvəllər iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumlarına məxsus olduğu deyilirdi. Oromi qardaşlarından fərqli olaraq Cəmşid Mahmudoğlunun həmin bankda səhmdar olduğu bildirilir. * * * İki iranlı mənbə təsdiq edir ki, Cəmşid Mahmudoğlunun oğlu İranda keçmiş prezident, ayətullah Haşimi Rəfsəncaninin oğlu ilə biznes ortağıdır. Həmçinin Cəmşidin Azərbaycanın tanınmış biznes xadimləri və rəsmi şəxsləri ilə yaxın münasibətləri var. Çox güman ki, o, İran hakimiyyətinin təmsilçiləri üçün pulları yuyulması əməliyyatlarını, xaricdən lazım olan malların alınıb daşınmasını təşkil edir. Siyahıya görə, Şəhram Oromi milliyyətcə azərbaycanlı olan iranlıdır. İran inqilabından sonra Türkiyə vətəndaşlığı alıb. Bununla belə, İranda təhsil alıb. O və qardaşı Bəhran 1988-ci ildə Türkiyədə “Dış Ticarət Limited” şirkətini təsis edib. İstanbulda yerləşən bu şirkətin Türkiyə, Yaxın Şərq və İranda geniş biznesi var. Bu şirkət Azərbaycanda da fəaldır. 1995-ci ildən şirkət “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olub. Mənbə deyir ki, Orominin biznes metodu müxtəlif ölkələrdəki nüfuzlu hökumət adamları vasitəsilə inhisar yaratmaq, rüşvət və hədiyyələrlə vəzifəli şəxsləri ələ almaq üzərində qurulub. Ş.Oromi “Bank of Baku”nun qurulmasına da kömək edib, bu bankda 1999-2007-ci illər ərzində məsul vəzifə tutub, ancaq bu yaxınlarda bankdakı hissələrini nüfuzlu azərbaycanlıya satıb. Orominin firmalarının İran rejiminin maraqları üçün işlədiyi bildirilir. Şəhram Oromi həm də İranın Bakdakı keçmiş səfiri, hazırda bu ölkənin Ali Təhlükəsizlik Şurasında işləyən Əhəd Qəzayinin yaxın dostudur. * * * “Əsgər” LNU. Bakıda əsasən “Ağayi Əsgər” kimi tanınır. Onun şirkəti Bakıda, “Nizami” metrosu yaxınlığında, Qurbanov küçəsi, 16-da yerləşir. Formal biznesi Azərbaycan üzərindən İranla Rusiya arasında ağac və ağac məhsullarının idxal-ixracıdır. İran Azərbaycanından olan Əsgər azərbaycanlı ilə ailə qurub, son bir neçə ildə Bakıda yaşayır. İran hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələri var. Arvadı təhsil naziri Misir Mərdanovun qohumudur. M.Mərdanovun qardaşı isə onun biznes ortağıdır (Xatırladaq ki, “Ağayi Əsgər” və onun təhsil naziri ilə bağlılığı haqda Enn Dersinin WikiLeaks tərəfindən bu ilin yanvarında açıqlanan digər teleqramında da bəzi məlumatlar yer almışdı). * * * Teleqrama görə, “Ağayi Əsgər”in Bakıda iki evi var, onun evinə tez-tez İranın İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli məmurları, iranlı din xadimləri və İran rejiminin mənsublarının yaxın qohumları baş çəkirlər. “Ağayi Əsgər” tez-tez Moskvaya da gedib-gəlir. * * * Cəbrayıl Navid. Milliyyətcə azərbaycanlıdır. Azərbaycandakı iranlılar arasında yaxşı tanınır. O, İran rejimi ilə Azərbaycan hakimiyyəti arasında beynəlxalq sanksiyaların təsiri altına düşən malların daşınmasını təşkil etmək üçün əsas vasitəçidir. Cəbrayıl Navid çox varlı adamdır, ancaq bunu büruzə verməməyə çalışır. İranlı mənbə deyir ki, onun arvadı əvvəllər İran Milli Bankında işləyib, rejimin “şişka”larına və onların yaxın dostlarına asan yolla kreditlər verib. Ayrı-ayrılıqda üç mənbə təsdiq edib ki, Navid İranın ARDNŞ ilə enerji biznesini qurmasına kömək edib, həmçinin başqa adlar altında, saxta sənədlərlə İrana “Pelite” və neft-qaz yataqlarında istifadə olunan digər qazma avadanlıqları ixrac edir. Tehranlı biznesmenin dediyinə görə, Navid sanksiyaların təsiri altına düşən malların Rusiyadan və digər ölkələrdən İrana Naxçıvandan keçməklə idxalını da həyata keçirir. Həmçinin C.Navid Bakıdakı İran məscidinin axundu, Ocaqnejadın yaxın dostudur. Ocaqnejad mərhum ayətullah Miskinin kürəkənidir və İranın ali dini liderinin Bakıdakı təmsilçisidir. Səfa Navid. Cəbrayıl Navidin oğludur. Bakıdakı Qafqaz Universitetini bitirib, Keşikçilər Korpusunun zabitidir və Bakıdakı İran səfirliyində işləyir. O, Azərbaycandakı iranlı tələbələr arasında ideoloji işlərə cavabdehdir. Mənbələrin dediyinə görə, Səfa Bakıdakı iranlı tələbələri izlədir və tez-tez deyir ki, Azərbaycanda onun böyük informasiya şəbəkəsi var. Həmçinin istədiyi şəxsə çıxmaq imkanlarına malikdir. Bir mənbə Səfanın “fanatik dərəcədə anti-Qərb mövqeli olduğunu” deyib. * * * Əsgər Cabbari. Bakıdakı iranlılar arasında məşhur olan “iki Əsgər”dən biridir. Arvadı Azərbaycan vətəndaşıdır. Bakıda evi var, tez-tez İrana gedib-gəlir. Əsas biznesi İsfahandan mərmər idxal etməkdir. Orada onun iri fabriki var, həmin fabrik əslində Keşikçilər Korpusuna məxsusdur. Ə.Cabbarinin İran hakimiyyətində güclü əlaqələri var, onlara daşınmaz əmlak alır və biznes əlaqələrini təmin edir. * * * Sabir Şahin. Xəbərlərə görə, qısaboylu və yaxşı bəzənən S.Şahin İran, Azərbaycan və Rusiyadakı narkotik tacirləri arasında əlaqəni təmin edir. Rəsmi olaraq o, Bakıda, keçmiş Karl Marks heykəli tərəfdəki mərmər mağazasının sahibidir. Ancaq mağaza bağlıdır və S.Şahin vaxtının çoxunu “28 may” metrosunun həndəvərindəki kafe və restoranlarda keçirir. Geri qayıt |