Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputat və deputat oğlu arasında qarşıdurma davam edir
Deputat və deputat oğlu arasında qarşıdurma davam edir27-02-2014, 12:40 |
![]() Kikboksinq turniri iki ictimai şəxsi üz-üzə qoyub. Bunlar millət vəkilləri - Azərbaycan Kikboksinq Federasiyasının sədri Adil Əliyev və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovdur. E.Məmmədovun oğlu Elnur Məmmədov Bakıda kikboksinq turniri keçirir. “Best of the Best” şirkətinin təşkilatçılığı ilə keçiriləcəyi elan olunan yarışda bir sıra məşhur idmançılar iştirak edir. Hafta.az bildirir ki, turnirin fəxri qonaqları “K-1”in ulduz simaları Bədr Xari, Remi Bonjaski, Gokhan Saki və Melvin Manhufdur. Turnirin 80 televiziya kanalı vasitəsilə 155 ölkədə yayımlanacağı qeyd olunub. Elnur Məmmədov yarış öncəsi yerli saytlardan birinə müsahibəsində deyib ki, hazırlıq işləri yüksək səviyyədə aparılır. “Azərbaycan döyüşçüləri K-1 brendinin rəhbərliyi tərəfindən bəyənilsin, peşəkar qaydada müqavilələr bağlanılsın deyə əlimizdən gələni edirik. Bunun üçün Bakıda təşkil edilən döyüşlərdə daha çox yerli idmançılarımızın çıxışını təmin edirik. Reytinq döyüşlərində bacarığını göstərməklə yanaşı, onlar həm də təcrübə yığırlar”. Federasiya sədri Adil Əliyev isə bu turnirin qanunsuz keçirildiyini deyib: “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışları” guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnur nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur. Bu ona bənzəyir ki, kimsə yeni yaradılan Qolf Federasiyasının icazəsini və rəyini nəzərə almadan Bakıda hansısa qolf turniri keçirir. Görəsən, Qolf Federasiyasının rəhbərliyinin həmin qondarma turnirə münasibəti necə olar? İdman və Gənclər Nazirliyi kikboksinq yarışlarını keçirməyi bizə həvalə edib. Onu da xatırlatmağı lazım bilirəm ki, 1992-1993-cü illərdən fəaliyyət göstərən Kikboksinq Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Buna görə də kimsə bizim məsləhətimiz olmadan, özbaşına kikboksinqin k-1 versiyası üzrə hansısa turnir keçirirsə, bununla Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirir. Bu yolla dövlətimizin uğurla həyata keçirdiyi idman siyasətinə də kölgə salmağa təşəbbüs göstərirlər. Turnirin 23 fevralda keçirilməsi daha bir ciddi sual yaradır: Dövlətimiz ölkədə və beynəlxalq aləmdə Xocalı soyqırımının 22-ci ildönümünə hazırlaşarkən, matəm tədbirləri planlaşdırarkən, belə bir ərəfədə Bakıda turnir təşkil etmək, başqa ölkələrdən qonaqlar dəvət edərək, deyib-gülmək, qaliblərə əl çalmaq, ardınca da gurultulu mərasim keçirmək və buna böyük pullar xərcləmək hansı məntiqə sığar? Yaxşı olmazdımı həmin pulları mənasız turnirə deyil, xalqımızın acı gününün beynəlxalq aləmdə tanıtdırılmasına xərcləyərdiniz? Göründüyü kimi, suallarımız çoxdur, icazəsiz turnir keçirənlərdən isə indiyə qədər məntiqli cavab almamışam”. Elnur Məmmədov isə cavabında bildirib ki, Adil Əliyevin mövqeyini qısqanclıq kimi dəyərləndirib: “K-1 “World Max Final Four” Azərbaycanda idmanın bu növünün inkişafına töhfə verib. Yarışda K-1 brendinin sahibi Mayk Kim brendin Azərbaycanda rəsmisi kimi bizi tanıdığını dedi. Bəziləri k-1 World Max kimi mötəbər yarışın Bakıda yüksək səviyyədə təşkilinə qəsqanclıqla yanaşır. Şəxsi prinsiplərdən irəli gələrək K-1 kimi yarışın yüksək təşkilatçılığını etiraf etmək istəmirlər. Hər kəsi həqiqəti qəbul etməyə və ədalətli olmağa dəvət edir, Azərbaycanda peşəkar idmanın inkişafına dəstək olmağa çağırıram”. Geri qayıt |