Əsas Səhifə > Güney Press / Ana xəbər > "1993-1994-cü illərdə hətta MTN-nin qapıçısı da “nurçu” idi"

"1993-1994-cü illərdə hətta MTN-nin qapıçısı da “nurçu” idi"


26-02-2014, 12:24
"1993-1994-cü illərdə hətta MTN-nin qapıçısı da “nurçu” idi"
Son vaxtlar əsasən Türkiyə mətbuatında Azərbaycan hakimiyyət dairələrində “nurçu”ların təmsil olunduğuna dair yazılara rast gəlmək mümkündür. Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Virtualaz.org saytına müsahibəsində bu kimi məsələlərə toxunub. R.Əliyev “nurçu”ların Prezident Administrasiyasından, Nazirlər Kabinetindən tutmuş polisə və xüsusi xidmət orqanlarına qədər hər yerdə təmsil olunduqlarını deyib.

O həmçinin digər təhlükələrin də olduğunu qed edərək Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının Həcc ziyarəti zamanı azərbaycanlıları ələ aldığını bildirib və MTN-də dini məsələlərdən və sektalardan baş çıxaran mütəxəssislərin azlığından şikayətlənib.

Rafiq Əliyevin müsahibəsində əks olunan məqamlarla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayılın fikirlərini öyrəndik.

- Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev “nurçu”ların hakimiyyət dairələrində təmsil olunduğunu deyir. Bu ilk belə açıqlama deyil. Iddialar nə dərəcədə əsaslıdır?

- Vaxtilə 1993-1994-cü illərdə Göyçayda işləyəndə hətta MTN-nin qapıçısı da “nurçu” idi. Amma məsələ burasındadır ki, bu “nurçu”luq terrorçu təşkilat deyil. Sadəcə olaraq təriqətdir və geniş yayılıb. Bu, perspektivdə nəyə gətirib çıxaracaq, bununla artıq dövlətin təhlükəsizlik sisteminə cavabdeh qurumlar məşğul olmalıdır. “Nurçu”lara “niyə nurçusan” demək mümkün deyil. Əgər Rafiq Əliyev deyirsə ki, “nurçu”luq geniş yayılıb, deməli, daha çox informasiyası var. Çünki bu sahə üzrə xeyli müddət fəaliyyət göstərib. Amma bunun təhlükə olub-olmayacağını araşdırmaq lazımdır.

- Rafiq Əliyev Azərbaycanın şimalında fəaliyyət göstərən “Hizbut-Təhrir” təşkilatı ilə bağlı MTN-ə müraciət etdiklərini, lakin bu qurumda dini məsələlərdən və sektalardan baş çıxaran mütəxəssislərin az olduğunu deyib. Bu iddia ilə razısınız?

- Əgər Rafiq Əliyev təhlükə görübsə və MTN-ə müraciət edibsə, deməli, məsələnin təhlükəli tərəfləri var. Ona görə də müraciət edib. Bu sahə üzrə MTN-də mütəxəssislərin olmamasına gəldikdə, ola bilsin Rafiq Əliyev verdiyi suallara, qaldırdığı məsələlərə kifayət qədər dolğun cavab tapa bilmədiyi üçün belə bir qənaətə gəlib. Hər halda radikal dindarlarla mübarizə məsələsinə gəlsək, MTN-nin birinci uğuru varsa, o da elə bu istiqamətdədir. Amma Rafiq Əliyevin dediklərində də bir həqiqət var. Bu sahə üzrə sıradan bir adamlara yox, kifayət dərəcədə biliyi və peşəkarlığı olan insanlar məşğul olmalıdır. Çünki bu sadəcə inanc kimi görsənə bilər. Amma bunun təhlükəli tərəflərini dini işlər üzrə komitə, xüsusilə də təhlükəsizliyə cavabdeh olan qurumlar bilməlidir. Təhlükə varsa, bununla məşğul olmalıdırlar.

- Keçmiş komitə sədri Həcc ziyarəti zamanı azərbaycanlıların ələ alındığını da iddia edir. Bu nə dərəcədə mümkün görünür?

- Bir dəfə Həccə gedən adamı Səudiyyə Ərəbistanında ələ almaq çətin məsələdir. Amma dəfələrlə gedənləri, xüsusilə gəncləri ələ almaq mümkündür. Maksimum çalışırlar ki, bu adamlarla işləsinlər. Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının Həcc ziyarətində kimlərisə ələ alması mümkündür. Amma bu, total şəkildə mümkün deyil.

- Rafiq Əliyevin qeyd etdiyi məqamlarla bağlı ölkədə ciddi təhlükə varmı?

- Din həssas məsələdir. Bu gün təhlükə kimi ortalıqda görünməyə bilər. Böyük dini liderləri, onun arxasınca gedən təşkilatlanma işləri yoxdur. Amma xırda detallar var. Bunlar nəzarətdən çıxarsa, təhlükə olar. Bu gün o təhlükənin işartılar görsənib və sürətlə davam edir. Bu cür idarəetmə prinsiplərinə əsaslanan bir ölkədə dini radikallaşma perspektivdə təhlükə ola bilər. Bu gün təhlükə səviyyəsində deyil. Amma pesrpektivdə təhlükəyə çevrilə bilər.

Geri qayıt