Əsas Səhifə > Güney Press / Ana xəbər > Həkimdən qorxanlar

Həkimdən qorxanlar


25-02-2014, 11:56
Həkimdən qorxanlar
“РЎənubi Qafqazda və Rusiya Federasiyasında İİV/QİCS və miqrasiya ilə mübarizə Layihəsi” çərçivəsində Miqrasiya və İİV/QİCS mövzusunda ən yaxşı məqalə konkursuna təqdim edilir. Layihə QİCS-lə Mübarizə İB tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.

İran İslam Respublikası HİV-lə mübarizədə fərqli üsul seçib. 2008-ci ilədək cinsi əlaqə zamanı qoruyucu rezinlərdən istifadə etmək haqda məlumat verənləri həbsə atan İran virusun qarşısını almaq üçün pulsuz dərman paylayan klinikaların sayını 86-dan 290-a qaldırıb. Məlumatlandırma işinə isə dövlət xəstəxanalarını cəlb edib. İran Səhiyyə Nazirliyi düşünür ki, xəstəliyin qarşısını əvvəlcədən almaq üsulu ilə narkotika istifadəçilərinin də sayını aşkarlaya biləcək.

Bizdə isə hələ də maarifləndirmə daha çox qeyri-hökumət təşkilatlarının üzərindədir. Gizli narkotik istifadəçiləri, qeydiyyatda olmayanların xəstəliklərinin aşkarlanması və müalicəsi isə qeyri-hökümət təşkilatının səlahiyyətləri və maddi-texniki bazasının imkanları xaricindədir. Dəqiq rəqəmlər isə deyir ki, HİV-ə yoluxanların 60%-i narkotika aludəçilərinin üzərinə düşür. Onlar isə xəstəxanaya gəlib analiz verməkdən, müalicədən boyun qaçırır.

Yeniyetmələr və gənclər üçün bu xidmətlərdən sərbəst şəkildə istifadə bəzən daxili diskriminasiya, psixoloji basqılar, ya da sadəcə, xəstəxana xofu üzündən istifadə edə bilmirlər. Xəstəxana qapılarını döyüb HİV müayinə üçün gəldiyni demək, gənc və hələ bu virus barədə tam məlumatlı olmayan şəxs üçün çox ağırdır. Bu qapının arxasında onu nə gözləydiyini də bilmir, analizi verdikdən sonra cavabını almağa da qorxur. Amma bildiyi bir şey var, o da odur ki, günlərin birində öz yaşıdları ilə birlikdə əylənib və özü üçün, sağlamlığı üçün ciddi təhlükəyə çevrilə biləcək qorunmamış cinsi münasibətə girib. Bəs evdə bunu necə deyəcək? Analiz vermək üçün səbəbini necə izah edəcək? Bütün bunlar onu deməyə əsas verir ki, gənclərimiz və yeniyetmələr üçün valideyn icazəsi olmadan və xof, vahimə yaşamadan, onu daha yaxşı anlaya bilən və başa düşən insanların əhatəsində bu müayinələrdən keçməlidirlər. Onların öz sağlamlığını təmin etmək, HİV statusunu sərbəst olaraq öyrənmək yolunda heç bir baryer qalmamalıdır.
Zərərin azaldılması proqramı da həyata keçirilən tədbirlərin ən mühüm hissələrindən biri kimi, birbaşa olaraq HİV-ə yoluxma risqi daha çox olan qruplara yönəldilib. Ümumiyyətlə, HİV-in yoluxmasının qarşısının alınması istiqamətində Azərbaycanda bir sıra işlər görülür. Əsasən də bu işlər maarifləndirmə xarakterlidir. Məlumat kitabçaları və bu kimi digər vasitələr bizim xəstəliklə mübarizə üçün ən çox istifadə etdiyimiz üsullardır. Bununla yanaşı, xəstələrin müayinə və müalicəyə cəlb edilməsi də kifayət qədər önəmlidir. Çünki xəstəliklə mübarizə nə qədər tez başlasa və müdaxilə nə qədər tez olsa bu o qədər yaxşıdır. Hazırda Zərərin Azaldılması proqramları bölgələrdə də xəstəliklə mübarizə tədbirlərini genişləndirir. Nəticə isə dəyişmir ki, dəyişmir... Çünki nə qədər ki, müayinələr və könüllü müalicələrin sayı azdır, bu xəstəliyə yoluxanların sayının artmasına zəmin yaradır. Eyni zmanda nəzərə almalıyıq ki, statistika yanlız rəsmi qeydiyyatdan keçənləri hesablayır. Lakin məlumdur ki, qeydiyyatdan keçməyən yüzlərlə bəlkə də minlərlə belə xəstələr var.

Nə etməli?

Dünya dəyişdikcə insanların düşüncəsində hadisələri qavramaq sarıdan çox şey dəyişir. Əvvələr dəhşət kimi qəbul edilən HİV o qədər çoxalıb ki, HİV-lə bağlı statistika artıq heç kimi qorxutmur. Rəqəmlər artır, bu isə bizi ümumilikdə təsirləndirmir. Qoruyucudan istifadə etmədən, vaxtında həkim müayinəsindən keçmədən hamı özünü xəstəliklərdən sığortalanmış hiss edir. Lakin bu belə deyil. Xəstəlikdən sığortalanmasaq da pulsuz həkim müayinəsi və müalicə zərəri ikiyə azalda bilər.

Həkimdən yox, xəstəlikdən qorxun.

Lalə Səlimqızı

Geri qayıt