Əsas Səhifə > Güney Press / Ana xəbər > “Bir də gördük ki, icra hakimiyyəti traktorları gətirib bura töküb”

“Bir də gördük ki, icra hakimiyyəti traktorları gətirib bura töküb”


24-02-2014, 17:57
“Bir də gördük ki, icra hakimiyyəti traktorları gətirib bura töküb”
Bu gün söküləcəyi haqda məlumatlar yayılan “Bakıxanov” bazarında (daha çox “Razin talkuçkası” kimi tanınır - red.) olduq.

Bazarda və ətrafında nə rəsmi şəxslər, nə də texnika yox idi. Bazarın kənarında dayanacağa nəzarət edən şəxs buranın sökülməyəcəyi haqda ilk məlumatı verdi. Bundan sonra bazarda alver edən şəxslərlə söhbət etməyə başladıq. Ticarət mərkəzinin tinində fəaliyyət göstərən meyvə-tərəvəz dükanının bir hissəsi sökülüb və sonradan satıcılar tərəfindən təmir edilib.


İcarədar Mirzəyev Akif bizimlə söhbətində deyib ki, bazardan və rəhbərlikdən tam razıdı: “Sökülmə xəbəri yalandı, sökmürlər. Rahat formada alverimizi edirik. Bu bazar kimi ucuzluq heç yerdə yoxdu”.
Satıcı Hümbətova Reyhan Hafta.az-a bildirib ki, söküntü haqda onlara öncədən xəbərdarlıq etməyiblər: “Bir də gördük ki, icra hakimiyyəti traktorları gətirib bura töküb. Adicə hasar sökəndə adama xəbər verirlər. Bunlar heç nə demədən sökmək istəyirdilər. Burada dörd min nəfər satıcı dolanır, ailəsinə çörək aparır. Burada neçə-neçə qadınlar işləyirlər. Əllərimə baxın, heç qadın əllərinə oxşayırmı? Nə istəyirlər bu adamdan? Şəxsən burada mənim ayağıma tərəzinin 5 kiloqramlıq daşı düşdü. Əməliyyat üçün 3 min manat lazım idi. Hacı özü o pulu ödəməyə köməklik göstərdi. Neçə ay işə çıxa bilmədim, Hacı mənim ailəmə kömək etdi. Niyə imkan vermirlər çörəyimizi qazanaq?!

R.Hümbətova söküntü davam ediləcəyi təqdirdə aksiya edəcəklərini dedi: “Biz iş yerimizi itirmək istəmirik. Biz Ermənistandan gəlmişik, zəlzələdən, müharibədən qorxmamışıq, amma o gün bunlar traktorları ilə buranı sökmək istəyəndə qorxduq. Bunu bilsinlər ki, sökmək istəsələr Prezident Aparatının qarşısına kimi yürüş edəcəyik. Aclıq elan edəcəyik”.
Bu vaxt orta yaşlı digər satıcı kişi söhbətə müdaxilə edir: “Burada yerpulu bütün bazarlardan ucuzdur. Hacı tez-tez bizə güzəşt edir. İnflyasiya bütün dünyada var, Azərbaycana da təsir edir. Buna görə bazarda alver zəif olanda yerpuluna da güzəşt edirlər. Başqa bazarlarda yerpulu 1 gün gecikəndə adamı təpiklə vurub çölə atırlar”.

Füzuli rayonundan qaçqın olduğunu deyən Əliyeva Qönçə Məhərrəm qızı isə bazarda çoxlu köçkünlərin işlədiyini dedi:“Bizim dövlətimiz gözəldir. Mən buradan ölkə prezidentinə müraciət edirəm. Biz onu dəstəkləyirik. Ölkəmiz sakitçilikdi, biz bununla fəxr edirik. İndi biz çörək pulunu buradan qazanırıq. Burada neçə min adam işləyir. Hər birinin də ailəsi var. Hacı bizə imkan yaradıb işləyirik. Nə vaxt xeyir işimiz olub, özü bizə yardım edib. Əsgər yanına gedəndə şəxsi cibindən pul verib. Mən də əlaqədar təşkilatlardan xahiş edirəm, bizim xeyrimizə bura toxunmasınlar. Burada çoxlu qaçqınlar işləyir. Heydər Əliyev deyib ki, qaçqınlar toxunulmazdır. Fevralın 7-də prezident İlham Əliyev də öz müşavirəsində dedi ki, məmurlar vətəndaşı incidir. Xahiş edirəm bunu da nəzərə alsınlar”.

İcarədarlardan biri müdaxilə edərək icra nümayəndələrinin tələblərini açıqlayır: “Tələb edirlər ki, bura sökülsün, yeraltı dayanacaq tikilsin, sonra da onun üstündə iki mərtəbələri ticarət mərkəzi olsun. Həm də yolun qıraqlarını, mebel mağazaları olan dükanları sökməyi tələb edirdilər. Bir də deyiblər ki, bazarın içində kameralar quraşdırılsın. Rəhbərliyin buranın sökülməsindən xəbəri yoxdur”.

Satıcı Tağıyev İsgəndər deyir ki, heç bir narazılığı yoxdur: “Biraz problem oldu, biz də narahat olduq. Çünki burada işləyənlərin çoxu bankla işləyir. Yaxud da topdansatışdan nisyə mal götürür. Biz Türkiyədən yarı nağd, yarı nisyə mal alırıq. Onlar da bizə görə narahat olur ki, bazar sökülsə, pullarını verə bilməyəcəyik. İşimiz yaxşıdır, bazarın da rəhbərliyindən heç bir narahatlığımız yoxdur.

BTM "AzərBiznes" şirkətinin nəzdində fəaliyyət göstərir

“AzərBiznes” ticarət mərkəzinin direktoru Vahid Abdulov Hafta.az-ın əməkdaşına bildirib ki, bazarın sökülməməsi barədə razılığa gəlinib: “Mən 20 ildir bu bazarın baş direktoruyam. Bu 20 il ərzində həmişə deyilir ki, bu bazar sökülür, amma heç vaxt sökülməyib. Çünki qeyri-qanuni söhbətlərdir. Bazar hərtərəfli yaxşıdır. Həftənin 5-ci günü (21 fevral 2014 - red.) icra hakimiyyətindən gəlmişdilər. İstədilər bazarı söksünlər. Bazar camaatı ayağa qalxdı. Buna görə onlar işlərini yarımçıq qoyub getdilər. Gedəndə icra başçısı mənə dedi ki, 30-40 nəfərlə gəlin icra hakimiyyətinə, söhbət edək. Sonra mən həmin adamlarla icra hakimiyyətinə getdim. Görüşdə polis rəisi, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon bölməsinin rəhbəri, icra başçısı və müavinləri ordaydılar. İşin səhv olduğunu və bundan sonra bizim haqda heç bir söz-söhbət olmayacağını dedilər. Ancaq bazarın abadlaşması, tıxacların yaranmaması üçün bəzi məsləhətlər verdilər”.

V.Abdulov bildirib ki, “Bakıxanov” bazarının yaxınlığındakı “Roys” ticarət mərkəzinin töküləcəyinə söz verilib: “Yolun bərpası, tıxacların aradan qaldırılması üçün onlar tərəfindən böyük işlər görüldüyü zaman biz də onlara kömək edəcəyik. Bu məsələlərdə bazardan bir dükanın da sökülməsi daxil deyil. Gənclik prospektinin ən enli tərəfi bu bazarın qarşısından keçir. Bu hissədə yolun eni 24, digər tərəflərə isə 11 metrdi. Asfaltın təmiri də nəzərdə tutulub. Bazarın qarşısındakı hissə pis deyil, amma biz yenə də oranı təmir edəcəyik. Əsas problem “Roys” ticarət mərkəzi və yeni tikilən 15 mərtəbəli binanın qarşısındadı. Çünki hər iki tərəfdə yolun eni 11 metrdi. Söz veriblər ki, “Roys”un yolun qırağında səkinin üstündə tikilən mağazaları söküləcək. Əgər onları söksələr, tıxac olmayacaq”.

Baş direktor bazarın daxilində bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü deyib: “Hər bir mağazada təhlükəsizlik siqnalzasiyası quraşdırılıb. Su çəkilib, krantlar qoyulub. Mağazalar yanğınsöndürən balonları ilə təchiz edilib. Hazırda bazarın daxilində təmizlik də öz qaydasındadır”.

Bizim orada olduğumuz vaxt bazar rəhbərliyi sökülmə problemi ilə bağlı bir görüş keçirdi. V.Abdulov görüş haqda da məlumat verib: “Özəl mühafizə xidmətlərinin birinin rəisi ilə indi görüş oldu. Bu görüş əlavə post yaradılması üçün idi. Bizim 20 mühafizəçimiz var. Onlardan 10-u bir gecə, digər 10 nəfəri isə sonrakı gecə işləyir. İndi isə dövlət tərəfindən iki post yaratmaq istəyirlər. Biz də söz verdik ki, yaradacağıq”.

Bakıxanov bazarının nəzdində və bazara bitişik bir məscid də fəaliyyət göstərir. Əgər bu bazar sökülərsə, həmin məscid də sökülməlidi. Bazarda işləyən və ətraf ərazidə yaşayan dini kəsimin nümayəndələri isə buna qarşıdırlar. İndi əldə edilən razılığa görə bu məscid də daxil olmaqla bazar sökülməyəcək.

Rəsmi açıqlama

“Razin talkuçka”sının sökülməsi ilə bağlı yaranmış gərginliyə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev münasibət bildirib. İcra başçısı problemin elə yerindəcə həll edildiyini diqqətə çatdırıb. Adil Vəliyev bildirib ki, yaranmış vəziyyət, yəni bazarın yol hissəsinin sökülməsi ilə bağlı verilən qərar səliqə-sahmanın, nizam-intizamın yaradılması məqsədilə həyata keçirilib. Dünən icra hakimiyyətinin qarşısına yığışan satıcılara da deyilib və satıcılar qurumun bu mövqeyini razılıqla qarşılayıblar. Bazarın rəhbərliyi tələb olunan şərtlərin tezliklə həyata keçiriləcəyini bildirib: “Məqsəd sadəcə olaraq, həmin bazarın qarşısındakı küçədə tıxacın aradan qaldırılmasını və ticarət mərkəzinin təhlükəsizlik sistemi ilə təmin edilməsini təşkil etməkdir. Bundan başqa, bazarda müasir tələblərə cavab verən şəraitin yaradılmasını həyata keçirmək olub. Yol tərəfdən sökülən ticarət obyektlərinin yerinə bazarın arxa tərəfində bir neçə mərtəbəli müasir standartlara cavab verən obyekt tikiləcək. İndiki satıcılar orada yerləşdiriləcəklər. Məsələni bazar əməkdaşlarının diqqətinə çatdırıb izah etdikdən sonra onlar yüksək razılığını bildirərək geri qayıtdılar və ölkədə dövlət başçısının həyata keçirdiyi böyük quruculuq işlərinə dəstək olduqlarını qeyd etdilər".

Geri qayıt