Əsas Səhifə > Güney Press / Ana xəbər > "Razin" bazarının sahibkarları müddətciaz aclıq aksiyasına başlayır

"Razin" bazarının sahibkarları müddətciaz aclıq aksiyasına başlayır


24-02-2014, 11:26
"Razin" bazarının sahibkarları müddətciaz aclıq aksiyasına başlayır
Paytaxtın Sabunçu rayonu ərazisində - Bakıxanov qəsəbəsində yerləşən və “Razin bazarı” kimi tanınan “Bakıxanov” Ticarət Mərkəzində aparılan söküntü işlərilə əlaqədar sahibkarlar fevralın 22-də rayon icra hakimiyyətinin binası qarşısında aksiya keçirmişdilər. Təxminən 500 sahibkar baş verənlərə aydınlıq gətirilməsini tələb edirdi. Icra başçısı isə sahibkarların bir qrupunu qəbul edərək, məsələni fevralın 23-də həll edəcəyinə dair vəd vermişdi. Bu cavabdan sonra etirazçılar dağılışmaq qərarına gəlmişdilər. Onlar eyni zamanda, bəyan etmişdilər ki, məsələ həllini tapmasa, müddətsiz aksiyalara başlayacaqlar.
Dünən sözügedən ünvana baş çəkib məsələnin təfərrüatlarıyla maraqlandıq. Sahibkarlar “Azadlıq”a açıqlamalarında bildirdilər ki, bir qrup dükan sahibi icra hakimiyyətində olub və problem yoluna qoyulub. Onların sözlərinə görə, yolun genişləndirilməsi və abadlıq adı altında bazarın bir hissəsi söküləcək. Yəni, ümumilikdə bazar bağlanmayacaq.
Adının çəkilməsini istəməyən başqa bir dükan sahibi isə bizimlə söhbətində bildirdi ki, iki aydan çoxdur, sahibkarlara təzyiq göstərilir: “Elə bir vəziyyətə gətirib çıxarıblar ki, biz bezib gedək. Biz isə getmək istəmirik, öz haqqımızı tələb edirik”.
Bu arada, “musavat.com” məlumat yayıb ki, Hacı Fərhad Mirzəyevə aid olan bazarın birinci cərgəsini Sabunçu rayon Icra Hakimiyyəti almaq istəyir. Sayta danışan sahibkarlar deyiblər ki, insanlar təhdid edilir, yer pullarının Icra Hakimiyyətinə ödənilməsi tələb olunur.
Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı Adil Vəliyev də məsələyə münasibət bildirib. Icra başçısının sözlərinə görə, problem elə yerindəcə həll edilib. Adil Vəliyev deyib ki, yaranmış vəziyyət, yəni bazarın yol hissəsinin sökülməsi ilə bağlı verilən qərar səliqə-sahmanın, nizam-intizamın yaradılması məqsədilə həyata keçirilib. Bu, fevralın 22-də Icra Hakimiyyətinin qarşısına yığışan satıcılara da deyilib və satıcılar qurumun bu mövqeyini razılıqla qarşılayıblar. Bazarın rəhbərliyi tələb olunan şərtlərin tezliklə həyata keçiriləcəyini bildirib: “Məqsəd sadəcə, həmin bazarın qarşısındakı küçədə tıxacın aradan qaldırılmasını və ticarət mərkəzinin təhlükəsizlik sistemilə təmin edilməsini təşkil etməkdir. Bundan başqa, bazarda müasir tələblərə cavab verən şəraitin yaradılmasını həyata keçirmək olub. Yol tərəfdən sökülən ticarət obyektlərinin yerinə bazarın arxa hissəsində bir neçə mərtəbəli müasir standartlara cavab verən obyekt tikiləcək. Indiki satıcılar orada yerləşdiriləcək”.

Geri qayıt