Əsas Səhifə > Güney Press, Şou-biznes > ADP sədri: “BMT səlahiyyətini yerinə yetirə bilmir”

ADP sədri: “BMT səlahiyyətini yerinə yetirə bilmir”


19-10-2023, 16:28
ADP sədri: “BMT səlahiyyətini yerinə yetirə bilmir”
“Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası, eləcə də ümumi yığıncağı olan sessiyası çoxdandır ki, effektsiz bir quruma çevrilib, dünyada baş verən ciddi olaylara operativ, funksional və nüfuz baxımından təsirlər göstərə bilmir. Əgər BMT öz məsuliyyətini dərk edərək ciddi fəaliyyət göstərə bilsəydi, Rusiya Ukraynaya soxula, İran nüvə silahına çatmaq üçün addımlar ata, Şimali Koreya isə nüvə silahına sahib ola bilməzdi”.

DİA.AZ bidirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu xatırladıb ki, BMT-ni II Dünya Müharibəsindən sonra dörd dövlət - SSRİ, ABŞ, Fransa və İngiltərə yaradıb və sonra Çini də bu prosesə cəlb ediblər. Bundan sonra qərara gəliblər ki, bu ölkələrin veto hüququ olsun.

ADP sədri əlavə edib ki, BMT Baş katibi, Təhlükəsizlik Şurası, ümumi yığıncaq kimi təsisatları yaratmaqla beynəlxalq hüququn pilləli şəkildə fəaliyyətinə şərait yaradılıb: “Amma biz diqqət edəndə görürük ki, Təhlükəsizlik Şurasının veto hüququ olan üzvlərinin maraqları üst-üstə düşəndə istənilən ciddi məsələni dərhal və operatuv formada həll etmək mümkün olur. Yox, əgər Təhlükəsizlik Şurası üzvlərinin maraqları üst-üstə düşməyən məsələ olursa, onu illərlə həll etmək müşgülə çevrilir. Bu da onu göstərir ki, əslində, dünyanı dörd-beş ölkə idarə edir, BMT isə burada formal platforma kimidir. Harada ki bu ölkələrin maraqları üzs-üstə düşmür, orada qanlı müharibələr, xaos, gərginliklər yaşanır”.

S. Cəlaloğlu bildirib ki, indi BMT Təhlükəsizlik Şurasının üzvləri arasında ziddiyyətlər daha çoxdur, nəinki mövqelərin üst-üstə düşməsi: “BMT-ni yaradan II Dünya Müharibəsinin qalib dövlətləri ötən əsrin 80-cı illərinə qədər normal münsibətlərdə idi və dünyada da sabitlik olurdu. Məsələn, bu ölkələr bir-birinin daxili işlərinə müdaxilə etməmək, sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyü, ölkələrin suverenliyinə hörmət kimi prinsiplərdə həmrəy idilər. Yalnız SSRİ və ABŞ arasında müəyyən ziddiyyətlər Koreya, Veytnam, Kuba kimi müharibə və böranları yaradırdı. SSRİ-nin süqutundan sonra dünya dəyişdi, ziddiyyətlər daha çox ortaya çıxdı. Nəticədə veto hüququ olan ölkələr BMT-də beynəlxalq hüquqdan daha çox öz maraqlarını əsas götürürlər ki, bu da Təhlükəsizlik Şurasını, bütövlükdə BMT-ni bu qüvvələr arasında polemika platformasına çevirir. Bu baxımdan dünyada baş verən ciddi hadisələrə vaxtında və effektiv münasibət sərgilənmir. Məsələn, beynəlxalq hüquqa görə, dünyada sülhməramlılar BMT-dən mandat almalıdır, amma rus hərbçiləri sülhməramlı adı altında Qarabağdadır. Belə nümunələr dünyada çoxdur”.

Cəlaloğlunun fikrincə, BMT-nin tədricən lazımsız quruma çevrildiyini çoxları anlayır və buna görə də islahatlar təklifi edirlər: “Məsələn, bir neçə təklif var. Bir təklif Təhlükəsizlik Şurası üzvlərinin sayını çoxaltmaq, digəri veto hüququnun ortadan qaldırması ilə bağlıdır. Hətta BMT-nin buraxılması, əvəzində yeni qurumun təsis edilməsi də təklif olunur”.

Partiya sədri deyib ki, məsələlər çox ciddidir: “1980-cı illərdən sonra regional təşkilatlar - Avropa İttifaqı, Avropa Şurası, Afrika Birliyi, Ərəb Birliyi, Cənubi Amerika ölkələri birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, Türk Dövlətlər Birliyi və s. qurumlar yaradılıb. Bu regional qurumların dünyəvi qurum olan BMT ilə münasibətləri necə tənzimlənməlidir? BMT bir, MDB digər qərar verə bilər, bu qərarlarda ziddiyyət varsa, necə olacaq? Bütün bunlar ciddi məsələlərdir. Əgər prinsiplər eynidirsə, onda bu qədər təşkilatlara nə ehtiyac var idi? Odur ki, BMT-nin fəaliyyətsizliyi, proseslərə adekvat münasibət sərgiləyə bilməməsi haqda tənqidlər əsaslıdır”.

Geri qayıt