Əsas Səhifə > Güney Press / Ana xəbər > İsrail-Fələstin qarşıdurması bizim davamızdırmı?
İsrail-Fələstin qarşıdurması bizim davamızdırmı?8-10-2023, 13:26 |
![]() İsrail-Fələstin qarşıdurmasının tarixi əslində çox qədimlərə gedir. O torpaqlarda Musa peyğəmbərin dövründə yəhudilər yaşayıb. Misir fironları yəhudi tayfalarını zorla Misir ərazisinə köçürüb. Yəhudilər o torpaqlardan çıxarılandan sonra orda fələstinlilər dominantlıq ediblər. Lakin Musa peyğəmbərin Misir fironu ilə qarşıdurmasından sonra yəhudi tayfaları yenidən bugünkü İsrail-Fələstin torpaqlarına qayıdıblar. İslamdan əvvəl, İsa peyğəmbər də məhz o ərazidə doğulub. Genetik olaraq İsa peyğəmbər də yəhudilərə aiddir. İsrail xalqı ən çox peyğəmbər göndərilən xalq olub. Göndərilən peyğəmbərlərin çoxunu öldürdükləri üçün Allah yəhudiləri lənətləyib. Burda bir qədər dayanmaq istəyirəm. Allahın lənəti bütün yəhudilərə şamil edilməlidir ya Allahın elçilərinə qarşı çıxanlara? Yəni məsələ budur ki, yəhudilərə göndərilən peyğəmbərlərin çoxlu tərəfdarları da olub. Əgər onlar Allahın əmrlərinə itaət ediblərsə, niyə Allahın lənəti onlara da şamil olmalıdır? Bu günkü yəhudilərin inanclarında Adəm, İbrahim, Davud, Süleyman, Musa və s. peyğəmbərlər müqəddəs hesab olunurlar. Yəni bugünkü yəhudilərin çoxu Allahın göndərdiyi elçiləri qəbul edir. Məsələ İslam peyğəmbərinə gələndə, burda da bəzi ikitirəliklər var. İslam Peyğəmbərinin dövründə də onu peyğəmbər kimi qəbul edən yəhudilər olub. Amma eyni zamanda qəbul etməyən, hətta düşmənlik, müharibə edənlər də olub. İslam tarixindən az çox xəbəri olanlar bilir ki, indiki Səudiyyə Ərəbistanının ərazisində ərəb və yəhudi tayfaları əsrlər boyu birgə yaşayıblar. Yəhudilərin içində İslam peyğəmbərini qəbul etməyənlərin olduğu kimi, xristianlar da O həzrəti peyğəmbər kimi qəbul etməyib. Yəni İslam peyğəmbərinə münasibətdə yəhudilərin və xristianların o qədər də fərqi yoxdur. Qəbul edənlər də, etməyənlər də prinsip etibarilə fərqsizdir. İndi keçək bugünkü İsrail-Fələstin münasibətlərinə. Fələstin torpağı birinci dünya müharibəsindən sonra Böyük Britaniyanın idarəçiliyinə verilib. İkinci dünya müharibəsindən sonra B. Britaniya üçün "Fələstin yükü"nü də daşımaq çətinləşib. Ona görə də ingilislər yəhudi camaatının xahişləri ilə o torpaqlarda yəhudi dövlətinin yaradılmasına razılıq verib. Sonradan o torpaqlara dünyanın hər yerindən yəhudilərin toplanması prosesi başlayır. Gələn əhali o qədər çox olur ki, ingilislərin ayırdığı ərazilər bəs etmir. Çox varlı yəhudilərin (Rotşild kimi) köməyi ilə ətraf zonalarda yaşayan fələstinlilərdən pulla torpaqlar alınmağa başlayır. Ərəblər öz torpaqlarını pul müqabilində kütləvi şəkildə yəhudilərə satır. Vəziyyət o yerə çatır ki, fələstinlilərin özlərinin yaşaması üçün, demək olar ki, torpaq qalmır. İlk qarşıdurmalar da məhz bundan sonra başlayır. İsrail qısa müddətdə güclü ordu qurub ərəb ölkələrinə qarşı bir neçə müharibədə iştirak edir və demək olar ki, hamısında qalib gəlir. Müharibələrin nəticələrinə görə İsrail torpaqlarını bir az da genişlədir. Lakin müharibənin nəticələrini qəbul etməyən fələstinlilər mübarizələrini bu gün də davam etdirir. Bu müharibədə kim haqlıdır, kim haqsızdır, mən deyə bilmərəm. Çünki qarşıdurmanın əsl səbəbləri qaranlığa qərq olmuş tarix səhifələrində itib. Hadisələrə bu günün tələbləri ilə yanaşmaq lazımdır. Hər "Allahu Əkbər" deyəni mən özümə din qardaşı bilmirəm. İŞİD terrorçuları da "Allahu Əkbər" deyib insan başı kəsirdilər. Mən hadisələrə öz dövlətimizin nəzərindən yanaşıram. Heç bir halda dinc əhalinin qətlə yetirilməsinə haqq qazandırmaq olmaz. Kimliyindən asılı olmayaraq, dinc əhalinin ölümünə səbəb olursa, onlar insanlığa qarşı cinayətkarlardır. İsrail-Fələstin qarşıdurması bizim davamız deyil. Biz xalq olaraq, dövlət olaraq öz düşmənlərimizdən kifayət qədər zülmlər görmüşük. Bu gün ərazi bütövlüyümüz bərpa olunubsa, bütün gücümüzü bu bütövlüyü qoruyub saxlamağa yönəltməliyik. Min illər keçsə də, torpaqlarımıza göz dikmiş düşmənlərimizə heç bir fürsət verməməliyik. Hə, bir də dostlarımızın, düşmənlərimizin kimə tərəf olmalarını da nəzərdən qaçırmamalıyıq. Yalçın Cavad Şuşalı DİA.AZ Geri qayıt |