Əsas Səhifə > Güney Press / Ana xəbər > Bərdədə oksigen ehtiyatımıza kimlər qənim kəsilib?
Bərdədə oksigen ehtiyatımıza kimlər qənim kəsilib?17-02-2014, 10:13 |
![]() Bərdə meşələrinin hazırki acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aydın Məmmədov daşıyır. Belə ki, məhz bu məmurun fəaliyyəti nəticəsində Bərdənin onsuz da kasad olan və müharibə səbəbindən bir az da seyrəkləşmiş meşələri indi də ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir. Məlum olduğu kimi Bərdə Rayonunun təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri vardır. Bu meşələrin qorunması məqsədilə 1966-cı ildə Bərdə Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yasaqlığın yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Qoruğun ərazisinə təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleks, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlik, yulğunun üstünlük təşkil etdiyi kolluqlar, palıdın üstünlük təşkil etdiyi meşəlik daxildir. Lakin bu gün Bərdə ərazisində meşə massivi, demək olar, məhv edilib. Müəyyən sahələrdə sonradan salınmış şam və çinar meşələrinə, kiçik ərazidə isə baxımsızlıqdan xeyli hissəsi qurumuş nar bağlarına rast gəlinsə də, həmin ərazilərdə otlayan mal-qara və qoyun sürüləri ümumiyyətlə meşəyə nəzarət edilmədiyindən xəbər verir. Bir tərəfdən də son vaxtlar şəxsi təsərrüfatların yaradılması tendensiyası da Bərdə meşələrinin talan olunmasını stimullaşdıran amil kimi çıxış etməyə başlamışdır. Mövzuya dair son dərc etdiyimiz materialda qeyd olunduğu kimi artıq bu gün Aydın Məmmədovun və müəssisənin digər əməkdaşlarının yarıtmaz fəaliyyətinə dair açıqlamalar təkcə Bərdədən daxil olmur. Belə ki, Ağdaş rayonunda olan mənbələr bildirirlər ki, Ağdaş rayonunun Qaradeyin kəndi yaxınlığında yerləşən məhşur Zülfalı meşəliyi də Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin nəzarətində olan əraziyə aiddir. Meşəliyin ərazisi 1300 hektar sahəni əhatə etsə də, son vaxtlar bu meşəlik daha çox seyrək park massivini xatırlatmaqdadır. Buna səbəb isə Zülfalı meşəsinin ərazilərinin Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aydın Məmmədov tərəfindən hissə-hissə Qaradeyin kəndinin sakinlərinə satılması olub. Mənbənin sözlərinə görə hazırda həmin ərazilərdə kəsilmiş ağacların yerində kənd sakinləri tərəfindən salınmış yonca sahələrini görmək olar.Artıq qeyd olunduğu kimi bu gün meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Kəsilən meşə zolaqlarının yerində tikilən obyektlərin sahibləri isə bu “əməkdaşlığın” müqabilində Aydın müəllimə külli miqdarda pul ödəyirlər. Etiraf etmək lazımdır ki, Azərbaycan dövləti tərəfindən həqiqətən də təbii sərvətlərimizin qorunması istiqamətində kifayət qədər əhəmiyyətli addımlar atılır, islahatlar həyata keçirilir. Lakin bu da faktdır ki, yuxarıda qeyd olunduğu kimi bilavasitə ətraf mühitin mühafizəsi məqsədilə təsis edilmiş bir çox struktur təşkilatlarına rəhbərlik bəzi hallarda tamamilə arzuolunmaz kadrlara həvalə olunur. Nəticədə isə həmin kadrların ətraf mühitə əsil talançılıq münasibəti qısa müddət ərzində bütün ictimaiyyəti yeni problemlər və daha gərgin vəziyyətlə üz-üzə qoyur.Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsində törədilən bütün bu və digər yaramazlıqlar barədə dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən şıkayətlər ünvanlansa da, nazirlik hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir. Geri qayıt |