Əsas Səhifə > Güney Press / Ana xəbər > Prezidentin icra aparatının sabiq idarə müdirinin səhhəti ağırdır

Prezidentin icra aparatının sabiq idarə müdirinin səhhəti ağırdır


13-02-2014, 16:57
Prezidentin icra aparatının sabiq idarə müdirinin səhhəti ağırdır
Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin səhhəti ağırdır, müalicə müəssisəsində olmasına baxmayaraq ağırları günü-gündən artır. Vəkil Rəşad Mirmehdizadə fevralın 13-də “Media forum” saytına belə deyib.

Müdafiəçi qeyd edib ki, Muradverdiyev səhhətində olan problemlərə görə Bakı Apellyasiya Məhkəməsində keçirilən proseslərin əksəriyyətində iştirak edə bilməyib: “Vəziyyəti o qədər ağırdır ki, hətta məhkəmə proseslərinə gələ bilmədi. Aldığı müalicənin effekti yoxdur”.

Mirmehdizadə bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib-verməyəcəkləri dəqiqləşməyib: “Məsələni Muradverdiyevlə müzakirə etməliyəm. Həftə sonunda görüşəcəm və kassasiya şikayəti verib-verməmək məsələsini müzakirə edəcəm”.

Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Muradverdiyev hazırda Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində müalicə olunur. Onun boyun onurğasında yırtıq var.

Geri qayıt