Əsas Səhifə > Güney Press / Ana xəbər > “Sovetski” söküntüsü qiymət artımına gətirib çıxaracaq

“Sovetski” söküntüsü qiymət artımına gətirib çıxaracaq


10-02-2014, 12:14
“Sovetski” söküntüsü qiymət artımına gətirib çıxaracaq
Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənir. “Sovetski” adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı bazara yeni axına gətirib çıxaracaq. “Media forum” saytının məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, evlərin köçürülməsi fonunda yalnız nağd kompensasiyaların ödənilməsi 10 min yeni alıcı deməkdir: “Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması tələbin yüksəlməsinə və qiymət artımına yol açacaq. Bu baxımdan ötən il mənzil bazarında müşahidə edilən bahalaşmanın 2014-cü ildə də davam edəcəyi şübhə doğurmur. Müstəqil hesablamalara görə, 2013-cü ildə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımı qeydə alınıb.

Kompensasiyaların məbləğini nəzərə alaraq mərkəzə yaxın rayonlarda 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənir. Əmlak bazarındakı qiymət artımlarının paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır.

Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı psixoloji olaraq da qiymət artımını şərtləndirəcək. Proqnozlaşdırılan qiymət artımından ehtiyatlanan potensial alıcılar daha qısa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə mənzil problemini həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Mənzil bazarındakı dəllalların süni qiymət artımlarına gedəcəyi də güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları var. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanır, amma bazarda qiymət artımları müşahidə olunur”.

Ekspertin fikrincə, Bakının yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə kompensasiyalar deyil, sökülən evlərin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsədəuyğundur.

Geri qayıt