Əsas Səhifə > Güney Press / Ana xəbər > Avropa Şurasından Azərbaycana talış təxribatı

Avropa Şurasından Azərbaycana talış təxribatı


7-02-2014, 16:32
Avropa Şurasından Azərbaycana talış təxribatı
Avropa Şurasının baş katibi qondarma “Talış-Muğan Respublikası”nın “prezidenti”, bədnam separatçı Ələkrəm Hümbətova dəvət göndərib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə İranın “İRİB” agentliyinin talış redaksiyasına istinadən erməni qaynaqları xəbər yayıb.

Xəbərdə bildirilir ki, Avropa Şurasının baş katibi Ələkrəm Hümbətovu fevralın 19-da Brüsseldə keçiriləcək “Cənubi Qafqazda sülh və birgəmövcudluq” mövzusunda foruma qatılmağa dəvət edir. Forum Avropa Şurasının təşəbbüsü ilə keçirilir. Xəbərə görə, Avropa Şurası regionun münaqişəyə cəlb olunmuş ölkələrinin rəhbərlərinə də bu foruma dəvət göndərib.

Hazırda Hollandiyada yaşayan, Azərbaycan vətəndaşlığından məhrum edilmiş Hümbətova dəvətin hansı statusda göndərildiyi məlum deyil.

Xatırladaq ki, Ə.Hümbətov ötən ilin oktyabrında Ermənistan və işğal altındakı Dağlıq Qarabağa da səfər etmişdi. O, İrəvan Dövlət Universitetində Azərbaycanda “talışların hüquqlarının pozulduğu” barədə məruzə söyləmişdi. Talış separatçısının bu səfəri Azərbaycanda ona qarşı sərt qınaq dalğasına səbəb olmuşdu.

İndi isə Avropa Şurasının baş katibinin Ə.Hümbətovu Cənubi Qafqazda sülh və münaqişələr barədə təşkil etdiyi konfransa dəvət etməsi kifayət qədər ciddi suallar meydana çıxarır. Axı Azərbaycanda talışlarla bağlı münaqişə və ya münaqişə ocağı mövcud deyil. Süni şəkildə şişirdilmiş talış separatçılığı 90-cı illərin əvvəllərində Ə.Hümbətovun avantürası ilə məhdudlaşıb və xarici dairələrin vaxtaşırı olaraq bu məsələni qızışdırmaq cəhdləri istisna olunmaqla ölkədə talış probleminin mövcud olduğunu heç kim iddia edə bilməz.

O zaman Avropa Şurasından Hümbətova göndərilmiş dəvət təxribat və Azərbaycana qarşı etnik separatçılıq kartından istifadənin növbəti cəhdi deyil ki?

Belə görünür ki, rəsmi Bakı Avropa Şurasından bu dəvətlə bağlı ciddi şəkildə izahat tələb etməlidir. Virtualaz.org saytı məsələni diqqətdə saxlayacaq.

Geri qayıt