Əsas Səhifə > Güney Press / Ana xəbər > ABŞ kəşfiyyatçısı Qarabağda müharibənin necə olacağını açıqladı

ABŞ kəşfiyyatçısı Qarabağda müharibənin necə olacağını açıqladı


7-02-2014, 15:05
ABŞ kəşfiyyatçısı Qarabağda müharibənin necə olacağını açıqladı
Ermənistanla Azərbaycan arasında yeni müharibə 90-cı illərin əvvəllərindəki müharibədən güclü şəkildə fərqlənəcək.

Virtualaz.org saytı xəbər verir ki, bu fikirlə Pentaqonun və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək vəzifəli əməkdaşı, Amerika Xarici Siyasət Mərkəzinin Avropa və Avrasiya məsələləri üzrə analitiki Uayan Meri çıxış edib.

“Yeni müharibə, əgər birdən başlayarsa, yüksək texnologiyalara əsaslanan silahlarla aparılacaq və tərəflər bir-birlərini uzaq məsafələrdən vurmağa çalışacaqlar. Lakin quru qoşunları işə salınmayana qədər toqquşmalar nəticə verməyəcək” - deyə analitik “Amerikanın səsi” radiosunun erməni xidmətinə şərhində bildirib.

Uayan Meri əlavə edib ki, bu günlər təmas xəttində insidentlərin artdığı bir vaxtda müharibənin qaçılmaz olduğuna dair fikirlər çoxlarının başından çıxmır.

Keçmiş Pentaqon əməkdaşının sözlərinə görə, tərəflər çox güman ki, dünya nəhənglərinin işə qarışmasını gözləyərək uzaq zərbə radiusuna malik silahları işə salmaqla qısamüddətli müharibə başlamaq istəyirlər: “Bununla belə məsələnin hərbi yolla həlli üçün daha amansız müharibə lazımdır. Yəni tərəflər sərhədi keçməli, əraziləri ələ keçirməli və mülki əhali arasında tələfata səbəb olmalıdır. Mən bu cür silahlı toqquşmaların münaqişənin siyasi həllinə imkan açacağına şübhə edirəm”.

Uayan Meri hesab edir ki, tərəflərin hərbi imkanları da eyni deyil. Həmçinin onların hərbi vərdişləri də eyni deyil və belə vəziyyətdə müharibə tərəflərdən hansısa biri üçün həlledici nəticə verə bilməz.

“Bundan əlavə, müharibə hər iki tərəf üçün böyük məğlubiyyət ola bilər” - deyə amerikalı ekspert bildirib.

U.Meri deyib ki, o, Ermənistanda tez-tez olur və görür ki, ermənilər müharibə başlasa düşmənə tez qalib gələ biləcəklərinə əmindirlər. Azərbaycan isə hərbi sahəyə iri investisiyalar qoyur. U.Meri bildirib ki, Azərbaycan yüksək texnologiyaya əsaslanan silahlar alır, eyni zamanda öz hərbi sənayesini gücləndirir.

U.Merinin fikrincə, müharibə başlasa və böyüsə, regional oyunçular da kənarda dayanıb baxmayacaq. Status-kvonun dəyişməsindən söhbət gedəndə Moskva və Ankara da münaqişəyə qoşulacaqlar.

Keçmiş amerikalı rəsmi deyib ki, Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər etdiyi üçün onun adını Azərbaycan XİN-in “qara siyahısı”na salıblar. Onun sözlərinə görə, bu, düzgün siyasət deyil. Çünki adları həmin siyahıda olan ekspertlər Azərbaycana səfər edərək Dağlıq Qarabağ münaqişəsini rəsmi Bakının nöqteyi-nəzərindən araşdırmaq imkanlarını itiriblər.

Geri qayıt