Əsas Səhifə > Güney Press / Manşet > Vilayət Eyvazova keçmiş işçisindən şikayət: `Dələduz qardaşı qızını himayə edir...`

Vilayət Eyvazova keçmiş işçisindən şikayət: `Dələduz qardaşı qızını himayə edir...`


8-07-2023, 18:12
Vilayət Eyvazova keçmiş işçisindən şikayət: `Dələduz qardaşı qızını himayə edir...`
DİA.AZ: - Mingəçevir şəhərində dələduz peyda olub. Həm də nüfuzlu keçmiş polis işçilərindən birinin çətiri altında yerli sakinlərin etimadından sui-istifadə edərək onların pullarını mənimsəməsi bir yana, onları "mənə kimsə bata bilməz" deyərək hədələməsi ilə diqqətə gəlir.

Elə buna görə də son ümid yeri kimi Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarını görən Mingəçevir şəhər sakini Ellada Məmmədova başına gələnlərin DİN rəhbərinə DİA.AZ vasitəsilə çatdırılmasını istəyir. Qeyd edək ki, ortalıqda onlarla vətəndaşın 1 milyon manatdan yuxarı pullarının mənimsənilməsi iddiası var.

Ellada Məmmədova isə onlardan yalnız biridir və onun qohumu ilə birgə 115 min manata yaxın pulu dələduzluq yolu ilə talanıb.

Zərərçəkən DİA.AZ vasitəsilə cənab Vilayət Eyvazova xitab edərək bildirir: "Hörmətli cənab nazirimiz. Biz Sizin ədalətinizə inanır və sığınırıq. Bəri başdan qeyd edim ki, etdiyimiz müraciətlərdən, başımıza gələn oyunlardan yerli Mingəçevir polisi məlumatlı olsa da, işin miqyası daha İRİ DAİRƏLƏRƏ sirayət etdiyindən hansısa tədbir xarakterli addım atılmır".

Narazı vətəndaş başına gələnləri nəql edir: "Mən Məmmədova Ellada keçən ilin dekabr ayının axırlarında baldızımın araçılığı ilə yoldaşımın 2-ci qrup əlilliyinin təsdiqi üçün vasitəçilik edəcəyinə söz vermiş Əhmədbəyli Müşərrəf Bəhlul qızı ilə tanış oldum. O bizi inandırmaq üçün bildirdi ki, dövlətlə iş görür. Bir zamanlar YPX alayının komandiri olmuş, keşmiş polis polkovniki Balakişi Əhmədovun adını çəkərək bizi tam inandıdı. Beləcə məni inandıra bildiyindən, mən də digər qohumlarımın sənədləşmə problemlərinin onun vasitəsilə həllinə ümid edərək ümumilikdə 53 min 100 manat pulu ona verdim. Hazırda, həmin pulu ala bilmirəm və mənə deyir ki, əli uzundur, hara şikayət etsəm də xeyri olmayacaq. Bu vaxta qədər də gördüyüm odur ki, həqiqətən də elədir və hara şikayət etsəm də, xeyri olmur.

Amma mənim ümidim Sizsiniz və inanıram ki, Siz ədaləti bərpa edib bu dələduzdan bizim pulun geri alınmasına yardım edəcəksiniz.

Mənimlə yanaşı baldızımın da 51 min 500 manatı həmin dələduz - Əhmədbəyli Müşərrəf Bəhlul qızı tərəfindən mənimsənilib və bu gün biz onlarla vətəndaşın qarşısında aciz qalmışıq, özümüz çətin duruma düşmüşük. Çünki Müşərrəf Əhmədbəyli tərəfindən mənimsənilən pullar qaytarılmalıdır".

Daha sonra Vilayət Eyvazovdan xüsusi xahişdə bulunan zərərçəkən bildirir: "Cənab nazir, mən hətta bu gün o dələduzdan alınacaq pulumuzun 10 min manatının YAŞAT fonduna köçürülməsinə də hazıram. Xahiş edirəm, bizim pulumuzun qaytarılmasına köməklik edin və imkan verməyin ki, bu ölkədə ƏDALƏT hansısa dələduz şəbəkəsinin qarşısında aciz duruma düşsün.

Cənab nazir, Müşərrəf Əhmədbəyli hər yerdə keçmiş polis podpolkovniki Balakişi Əhmədovun adından istifadə edir və bu yolla 44 günlük savaşda xüsusi qəhrəmanlıq göstərmiş, mübarək qələbəmizdə müstəsna rolu olan və ümumiyyətlə, dövlətimizin BEL SÜTUNU kimi qəbul etdiyimiz polisimizin də adına böhtan atır, onu nüfuzdan salmağa çalışır.

Cənab nazir, Sizə ümid edirik və inanırıq ki, bizim problemimizin həllində yardımçı olacaqsınız..."

Geri qayıt