Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azəriqaz” və “Azərenerji” rəhbərlərinin başı dərddə

“Azəriqaz” və “Azərenerji” rəhbərlərinin başı dərddə


5-02-2014, 11:56
“Azəriqaz” və “Azərenerji” rəhbərlərinin başı dərddə
Son bir neçə gündür ki, ölkə boyunca müşahidə olunan sərt hava şəraiti bəzi dövlət qurumlarının fəaliyyətindəki nöqsanları bütün çılpaqlığı ilə ortaya qoydu. Yağan qar və şaxtalı hava şəraiti həm paytaxtda, həm də regionlarda qaz və enerji təchizatında problemlər yaratdı ki, bu da əhalinin haqlı narazılığına səbəb oldu. Müvafiq dövlət qurumları – “Azərenerji” və “Azəriqaz” rəsmiləri isə verdikləri açıqlamalarda problemləri etiraf edərək (etiraf etməmək mümkün deyildi, zatən-red) nöqsanların yaxın saatlarda aradan qaldırılacağını vəd edirdilər.

Amma saatlar keçsə, günlər dəyişsə də problemlər aradan qalxmaq əvəzinə onların siyahısına yeniləri əvəz olunmaqdaydı. Məlumat üçün bildirək ki, ölkəboyunca müşahidə edilən və müvafiq dövlət qurumlarının reaksiyasızlığı ilə yadda qalan bu mənzərə haqda bir neçə gün bundan öncə “Unikal” qəzeti olaraq yazmış və işıq-qaz probleminin yaratdığı çətinliklərlə bağlı həyacan təbili çalmışdıq. Sözügedən məqalədə “Azərenerji” rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə çox ciddi enerji böhranının yaşandığı əks olunmuşdu.
Ötən müddət ərzində isə qaz və işığın verilməsində problem olan məntəqələrin sayı daha da artıb. Məsələn, məlumatlara görə artıq Siyəzənin 4, Xızının isə 5 kəndində qaz verilişi tamamilə dayandırılıb. Hər iki rayonun sakinləri şaxtalı gündə soyuqda qaldıqları üçün etirazlarını bildiriblər. Qaz kəsintisinin Sumqayıt-Yaşma xəttində olan texniki nasazlıq nəticəsində yarandığı bildirilir.
Amma bu, baş verən ilk hadisə deyil. Belə ki, ötən həftənin cümə günü - 31 yanvarda yağan qar ümumiyyətlə "Azəriqaz" və "Azərenerji" adlı dövlət qurumlarının qışa hazır olmadığını üzə çıxardı. Qar yağdıqdan bir neçə saat sonra yüklənmələr nəticəsində "Sumqayıtelektrikşəbəkə" əhatə dairəsində olan ərazilərdən işıqla bağlı etiraz səsləri gəlməyə başladı. Qeyd edək ki, artıq bir neçə gündür Sumqayıtda elektrik enerjisinin tam bərpası hələ də həyata keçirilməyib. Analoji hadisə 31 yanvar-1 fevral tarixlərində Xırdalanda da baş verdi. Həmçinin Masazır, Güzdək, Sulutəpə kimi böyük qəsəbələr də elektrik enerjisindəki kəsilmələrdən əziyyət çəkdi. Havaların kəskin soyumasına görə, mavi yanacağa olan tələbatın artması, "Azəriqaz"ın isə bu tələbi yerinə yetirə bilməməsi paytaxt Bakıda belə gərginlik yaratdı. Paytaxtətrafı qəsəbə və kəndlərdə qaz tamamilə kəsildi.
Bütün bunlar isə əhalinin səbr kasasını daşdırmaqda davam edir. Axı hər kəsə bəllidir ki, hər il dövlət büdcəsindən həm “Azəriqaz”a, həm də “Azərenerji”yə milyonlarla manat ayrılır. İndi yaranan biabırçı mənzərə isə belə düşünməyə əsas verir ki, həmin milyonlar heç də təyinatı üzrə xərclənməyib və adıçəkilən qurum rəhbərləri çox böyük korrupsiya mənimsəmələrinə yol veriblər. Hər halda adıçəkilən qurumların hər ikisinin qışa tam hazırlıqsız girməsinə başqa ad vermək mümkün deyil. Qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, artıq “Azəriqaz” və “Azərenerji”-nin yarıtmaz fəaliyyətinin yaratdığı rüsvayçı durumla bağlı prezident İlham Əliyevə bütün təfərrüatı ilə məruzə edilib. Bundan dərhal sonar isə prezident hər iki quruma sərt şəkildə xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, narazılığın yarandığı sahələrə məsul rəhbər şəxslərə ilk və son xəbərdarlıq olunsun.
Xatırladaq ki, "Azəriqaz"-ın sədri Əkbər Hacıyev ARDNŞ prezidenti Rövnəq Abdullayevə, “Azərenerji” rəhbəri Etibar Pirverdiyev isə baş nazirin müavini Yaqub Eyyubova yaxın şəxslər sayılır. Amma artıq prezidentin məlum sonuncu xəbərdarlığından sonra adıçəkilən qurum rəhbərlərini nə Rövnəq Abdullayev, nə də Yaqub Eyyubov müdafiə edə bilməyəcək. Hətta araşdırmaların və prosesin gedişatından asılı olaraq Əkbər Hacıyevlə Etibar Pirverdiyevin canlarını təkcə xəbərdarlıqla qurtarmayacağını da proqnozlaşdırmaq mümkündür. Hər halda dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin təyinatı üzrə xərclənməməsi sıradan bir ittiham deyil.

Geri qayıt