Əsas Səhifə > Güney Press / Ana xəbər > Rza Pəhləvinin Güney torpaqlarında ŞAHLIQ XƏYALI...

Rza Pəhləvinin Güney torpaqlarında ŞAHLIQ XƏYALI...


22-06-2023, 07:38
Rza Pəhləvinin Güney torpaqlarında ŞAHLIQ XƏYALI...
“İranda molla rejimi devrildikdən sonra monarxiya sistemi yenidən bərqərar oluna bilər”.

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi yenidən siyasi meydanda görünməklə bunu arzulayır. ABŞ-da müharicət həyatı yaşayan Rza Pəhləvi sosial şəbəkədəki səhifəsində İranda molla rejimindən sonrakı yeni idarəçilik sistemi barədə maraqlı status paylaşıb.

O, statusunda İran üçün sərfəli idarəçilik sistemin konstitusiyalı monarxiya olduğunu qeyd edib. İranın gələcəyi üçün milli və vətənpərvər bir hökumətin qurulmasından söz açan Rza Pəhləvi iddia edib ki, İranda güclü dəyərlərə əsaslanan idarəçilik sistemini, o cümlədən xalqın xoşbəxtliyini və sosial rifahını yalnız monarxiya sistemi təmin edə bilər.

Rza Pəhləvi İranda hakimiyyətə gəlmək istəyini belə açıqlayıb.

“İran xalqı konstitusiyalı monarxiya sistemini seçib, onu yenidən qurmaq istəyərsə, sonuncu qanuni vəliəhd monarxiya üçün yeganə seçimdir. Amma son seçki gününə hələ çox var, diqqəti indiki zamana yönəltməliyik. İndiki dövrdə sonuncu qanuni vəliəhdi İran xalqının əksəriyyətinin etibar etdiyi və inandığı ən görkəmli milli şəxsiyyət hesab etmək olar”, - deyə Rza Pəhləvi bildirib.

Ümumiyyətlə, Rza Pəhləvi bu statusunda nə demək istəyir? Nə məqsəd güdür? Həqiqətənmi, molla rejimindən sonra ölkənin demokratik və qanuni idarəçiliyi üçün konstitusiyalı monarxiya sistemi münasib hesab oluna bilər? Hazırda Rza Pəhləvi İranda nə dərəcədə təsir imkanlarına malikdir?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı güneyli yazar, araşdırmaçı və siyasi şərhçi Məhəmməd Rəhmanifər Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Pəhləvilərin məqsədi İranı yenidən öz əllərinə almaqdır:

“Uzun müddət müxalifət cəbhəsində at oynadan Rza Pəhləvi və onun komandası vaxtilə özlərinə elə göstəriblər ki, guya onlar İranda şahlıq sisteminin qurulmasının tərəfdarı deyillər. Lakin öz milli dövlətçiliyi və öz azadlığı uğrunda mübarizə aparan biz Azərbaycan türkləri əvvəlcədən onların niyyətinin nədən ibarət olduğunu bilirdik. Çox yaxşı bilirdik ki, onlar İranda hakimiyyəti ələ alsalar, yenidən sərt diktaturaya söykənən şahlıq sistemi quracaqlar. Rza Pəhləvi və onun komandası öz məkrli niyyətlərini məqsədyönlü şəkildə gizlədirdilər və ictimaiyyətə açıqlamırdılar. Öz çıxışlarında gah cümhuriyyətin, gah da İran xalqının istədiyi sistemin qurulmasından danışırdılar. Amma zaman keçdikcə, xüsusilə İranda son genişmiqyaslı etirazlardan sonra gördük ki, Rza Pəhləvi və onun tərəfdarları ölkədə yenidən öz səltənətini bərqərar etmək niyyətindədirlər.

Onlar öz niyyətləri barədə açıq şəkildə fikirlər səsləndirməyə başlayıblar. Bu, çox maraqlı məsələdir. Vurğulamaq istəyirəm ki, bu barədə Rza Pəhləviyə tez-tez suallar ünvanlanıb. Öz cavabında gah nala, gah mıxa vuran Pəhləvi deyirdi ki, guya onun üçün hansı idarəçilik sisteminin qurulmasının fərqi yoxdur. Amma zaman görsərtdi ki, Rza Pəhləvi hansı məkrli niyyəti güdür”.

Rəhmanifər vurğulayıb ki, İranda hər hansı formada monarxiya sisteminin bərqərar olunması qeyri-mümkündür:

“İranı bütöv bir dövlət kimi görmək düzgün deyil. Bu regionda əsrlər boyu farslarla yanaşı, Azərbaycan türkləri, kürdlər, ərəblər, bəluclar, türkmənlər və digər millətlər yaşayıblar. Ölkədə baş verən son siyasi proseslər görsədir ki, bu millətlərdən bəziləri, xüsusilə Azərbaycan türkləri, ərəblər və bəluclar öz milli müqəddaratı uğrunda mübarizə aparırlar. Onlar şahlıq rejiminin bərqərar olunmasının qatı əleyhinədirlər. Hətta farslar və kürdlərin əksəriyyəti belə şahlıq sisteminə müsbət yanaşmırlar. Ölkədə yalnız xalqın az bir qismi bu sistemin yenidən qurulmasını dəstəkləyir. Bu da Pəhləvilərə məxsus medianın təsiri ilə bağlıdır.

44 il bundan öncə Rza Pəhləvinin atası Məhəmməd Rza Pəhləvi inqilab yolu ilə devrilərək ölkədən qaçıb. İranda hər hansı formada şahlıq sisteminin bərpası problemləri həll etmək əvəzinə daha da artıracaq. Buna görə də Azərbaycan türkləri Rza Pəhləvinin ölkəyə qayıdıb səltənət qurmasına qarşı çıxacaqlar. Rza Pəhləvi İranda heç bir güclü təsir imkanlarına malik deyil. Yaxın gələcəkdə Pəhləvinin İranda öz məqsədlərinə nail olması mümkün görünmür”.

Geri qayıt