Əsas Səhifə > Güney Press, Manşet, Reklam > `Bazarstore` başqa bir aləm..: Burda adamın cibinə FƏRQLİ FORMADA GİRİRLƏR...

`Bazarstore` başqa bir aləm..: Burda adamın cibinə FƏRQLİ FORMADA GİRİRLƏR...


6-06-2023, 10:58
`Bazarstore` başqa bir aləm..: Burda adamın cibinə FƏRQLİ FORMADA GİRİRLƏR...
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Aygün Moll”un yaxınlığında fəaliyyət göstərən ,,Bazarstore” mağazasının çoxsaylı müştərilərə necə xidmət göstərməsi haqda az-çox məlumatı olan hər kəs, az qalır ki, bu məmləkətdən baş götürüb qaçsın. Çünki, bu ,,Bazarstroe”nin özünə məxsus fırıldaq əməlləri, “minbir oyun” qaydaları var desək, heç də yanılmarıq. Axı, niyə də ki, yanılaq? Çünki, bunu isbatlamaq heç də o qədər çətin iş deyil. Belə ki, təqribən dörd-beş gün bundan öncə həmin ,,Bazarstroe”dən bir qədər alış-veriş etdim və kassaya yaxınlaşıb ödəmələri həyata keçirmək istədim. Həmin vaxt kassada çalışan xanım mənə bildirdi ki, “sizin etdiyiniz bazarlıq 62 manat təşkil edir”. Düzdür, həmin vaxt ödəniş edib yoluma davam etdim. Bir qədər aralı məsafəyə getdikdən sonra, alış-veriş etdiyim malların qiymətinə baxıb onu dəqiqləşdirə bildim ki, kassada işləyən xanımın mənə verdiyi ƏDV-də 1 neçə kq çəkidə olan pomidorun üstünə ərik meyvəsinin qiyməti, yəni 27 manata yaxın pul yazılıb. Bunu görüb dərhal geri qayıtdım və bu məsələni araşdırmağa başladım. Mağaza əməkdaşlarının iştirakı ilə apardığım araşdırma zamanı məlum oldu ki, ,,Bazarstore” mağazasında çalışan əməkdaşlar ya bilərəkdən, ya da ki, bilməyərəkdən ciddi səhvə yol veriblər. Həmin vaxt kassada işləyən xanım mənə “Müəllim, səhv düşüb, sizdən üzr istəyirik” deməklə, bir növ o, vəziyyətdən çıxmağa çalışdı. Deməli, mən öz haqqımı- hüququmu bilməsəydim, yaxud da üzüyola çıxıb getsəydim, o halda bu cür fırıldaq əməli ilə hesablaşılmalı idi. Qeyd edim ki, həmin “Bazarstore” böyük marketdir və elə hallar olur ki, adicə bu mağazanın şirniyyat şöbəsindən şirniyyat alan müştəri, alış-veriş etdiyi mallara görə ödəniş edərkən, kassiri təqribən 40 dəqiqə ərzində gözləməli olur. Çünki, bu mağazanın kassasında çalışan işçi kassaya gəlməlidir ki, müştəri etdiyi bazarlığını götürüb gedə bilsin. Onu da unutmaq olmaz ki, bu mağazanın kassalarında işləyənlər meyvə-tərəvəz şöbəsində maldaşıyan, fəhlə işləyən şəxslərin də görməli olduqları işləri görürlər. Belə bir səbəbdən də, çox zaman onları kassa arxasında tapmaq müşkül məsələyə çevrilir. Bu mağazada yaşanan əsas problemlərdən biri də ondan ibarət olur ki, meyvə-tərəvəz şöbəsində çalışanlar satdıqları məhsulların qiymətini mükəmməl bilmədiklərindən, çox zaman onlar gedib malların qiymətini baş admistratordan soruşurlar və daha sonra müştəriyə aldığı məhsulları çəkib verirlər. Həmin gün belə bir olayla üz-üzə qaldığımdan kassada çalışan xanım satıcıya ərkyanə şəkildə “Ay xanım, əgər bu mağazada işçi tapılmırsa məni də işə götürün, vallah-billah canbaşla işləyərəm. Axı, mən burada təqribən 40 dəqiqədir ki, sizi gözləyirəm” dedikdə, o, mənə “Yox, yox, heç cür olmaz! Bizə yaşlı adamlar yox, yalnız gənclər lazımdır” cavabını verdi.

Onu da qeyd edim ki, ötən ayların birində ev şəraitində xaş bişirmək məqsədilə bu mağazadan iribuynuzlu mal-qaraya aid dəst ayaq almışdım. Elə ki, həmin ayaqları bişirməyə başladıq, o halda qonşuluğumuzda yaşayan qonşular da dilə gəldilər. Yəni, birbirinə yaxın məsafədə yerləşən həyət evlərində yaşadığımızdan, evdə bişirdiyimiz xaşın iy-qoxusu ətrafa yayılır və qonuşulardan bəziləri “Ay qonşu bu nə iy-qoxudur?” deyib, sanki bizə qarşı əməlli-başlıca narazılıq etməyə başladılar. O halda dərk edib başa düşdüm ki, “Bazarstore”dən bağlı şəkildə, don vəziyyətdə aldığım ayaqlar xarab imiş. Düzdür, bununla bağlı mağazanın səlahiyyətli şəxslərinə narazılığımı ifadə etdim. Az sonra xəbər bildim ki, rəhbərlik həmin ayaqları mənə satan işçini işdən çıxarıb. Bu cür addımı atmaq, heç də ümumi vəziyyətdən çıxış yolu deyil.

Bəli, “Bazarstore”də bu cür xoşagəlməz vəziyyətin əmələ gəlməsinə əsas səbəb, işi-gücü az-çox bilən işçilərin uzun müddət ərzində burada qalıb çalışmamaları olur. Bu yöndə əldə etdiyimiz məlumatlara görə, iş axtaran gənclər bir neçə gün bu mağazada çalışıb işi-gücü az-çox öyrənsələr də, onlar çox keçmir ki, əmək haqlarının az olması səbəbindən işdən çıxıb gedirlər. Belə bir səbəbdən də, bu mağazada ixtisaslaşmış işçi tapmağın özü müşkül məsələ olur. Təəccüblü hal odur ki, kifayət qədər mal dövriyyəsi və gəlirləri olan “Bazarstore” mağazasında işçilərə normal əmək haqqı verilmir. Amma, onu da unutmaq olmaz ki, bu cür vəziyyətlərdə daha çox əziyyət çəkən çoxsaylı müştərilər olurlar. Deməli, bu gün Bakıxanov qəsəbəsindəki ,,Bazarstore” mağazasının rəhbərliyini müştərilərə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq yox, hər nə yolla olursa-olsun, daha çox var-dövlətə sahib olmaq istəyi düşündürür. Yazida adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq.
//deryaz.az//
Geri qayıt