Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Neftçalada fermerlər üsyana qalxa bilər - Məmur özbaşınalığı pik həddə
Neftçalada fermerlər üsyana qalxa bilər - Məmur özbaşınalığı pik həddə30-01-2014, 16:10 |
![]() DİA.AZ: - Neftçala rayonunda iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən rayon iqtisadiyyatının inkişafı üçün Neftçala Suvarma Sistemləri İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Rəsmi məlumatlara görə hazırda rayonun suvarma şəbəkəsində 40 nasos stansiyasında 96 nasos aqreqatı və bunlara xidmət edən 40-a yaxın vakuum nasosları fəaliyyət göstərir. Bununla belə yerli fermerlər Neftçala Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Elçin Əsədov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. DİA.AZ-a müraciət edən şəxsi təsərrüfat sahibləri isə iddia edirlər ki, idarənin sıravi işçiləri də öz rəislərindən örmək alaraq saysız özbaşınalıqlara yol verirlər. Redaksiyamıza ünvanlanmış əksər şikayət məktublarının müəllifləri belə bir fikirdə həmrəydilər ki, Suvarma Sistemləri İdarəsinin fəaliyyətində müşahidə olunan nöqsanların çoxu məhz bu idarəyə E.Əsədovun rəhbərlik etdiyi dövrdə yaranmışdır. Mənbələr iddia edirlər ki, idarənin keçmiş rəhbərliyi dövründə hazırda yaşanan problemlərdən demək olar ki, heç biri mövcud deyildi. İdarə rayonda 2600 hektar pambıq, 23789 hektar taxıl, 10120 hektar yonca, 1400 hektar həyətyanı sahələrin, 12 hektar bostan-tərəvəz sahələrinin və 34123 nəfərə verilmiş pay torpaqlarının suvarılmasını böyük zəhmət bahasına da olsa vaxtlı-vaxtında həyata keçirirdi. Ərazilərdəki əkinlərin suvarılması işini həyata keçirən 21 Sudan İstifadə Birliyinin fəaliyyətini də Suvarma Sistemləri İdarəsi daima nəzarətdə saxlayır, hər zaman lazım olan köməkliyi göstərirdi. Təəssüflər olsun ki, Neftçala fermerlərinin “qızıl dövr” kimi xatırladıqları həmin illərdə suvarma idarəsinin rəis müavini işləmiş E.Əsədov, özü rəhbərliyə gəldikdən sonra bu idarənin ənənələrini yaşada bilməmişdir. Suvarma idarəsinin fəaliyyəti ketdikcə tənəzzülə uğramış, bu isə yerli sakinlərin işlərinə olduqca mənfi təsir göstərmişdir. Bu gün isə narazı fermerlər hətta iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Bütün bunlar Neftçalanın kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərini, yerli fermerləri həyəcan təbili çalmağa vadar etmişdir. Onların fikrincə, əgər vəziyyət belə davam edərsə, yaxın vaxtlarda rayonda kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri kəskin şəkildə aşağı enə bilər. Geri qayıt |