Əsas Səhifə > Güney Press / Manşet > Qarabağ əlili "Azərsığorta"nın əlindən dad deyir
Qarabağ əlili "Azərsığorta"nın əlindən dad deyir28-01-2014, 16:28 |
![]() Azərbaycanda daha bir Qarabağ müharibəsi veteranı süründürməçiliyə salınıb. Bu barədə redaksiyamıza Qarabağ əlili özü müraciət edib. Qarabağ uğrunda döyüşlərdə yaralanaraq əlil olmuş Asif Yusifli “Azsığorta” Dövlət Şirkətindən şikayətçidir. Müharibə veteranı illərdir ki, bu şirkətin rəhbərliyi tərəfindən süründürülür, mənəvi əzab verilir. Səbəb isə torpaqlarımızın müdafiəsi uğrunda sağlamlığını itirən Asif Yusifliyə verilməli olan kompensasiyadır. Şikayətçi deyir ki, “Azsığorta” Dövlət Şirkəti heç bir əsas olmadan onun 4000 (dörd min) manat kompensasiyasını mənimsəmək istəyir. Daha doğrusu, şirkət rəhbərliyi artıq buna nail olub da. Qurum Qarabağ əlilinə bunun müqabilində cüzi sığorta pulu ödəməklə işi bitirmək istəyir: “Mən Qarabağ döyüşlərində iştirak etmişəm və ağır yaralanmışam. Hazırda birinci qrup Qarabağ əliliyəm. “Azsığorta” Dövlət Şirkəti isə mənim kompensasiyamı vermək istəmir. Mənə birinci qrup əlilliyə görə verilməli olan 4000 manat kompensasiyanı heç bir əsas olmadan itirmək istəyirlər. Təklif edirlər ki gəl sənə I qrup kimi(Əmək qabiliyyətini tam itirmiş şəxs kimi) yox, ağır xəsarətə görə kompensasiya rəsmiləşdirək. Bu isə 4000 manat deyil, 1500 manat ödəniş deməkdir. 1993-cü ildən 2-ci qrup ömürlük Qarabağ əlili idim. 14 iyun 2012-ci ildə avtoqəza nəticəsində dəhşətli xəsarətlər aldım. Sol ayağımın bud və baldır hissədən qəlpəli sınığı, 7 qabırğa sınığı, ciyər və diafraqma cırılması ilə müşayiət olunan xəsarətlər aldım. 6 ay ancaq arxası üstə yataqda oldum. Növbəti 6 ayı isə iki kastellə çətinliklə hərəkət edirdim. Indi də səhhətimdə çox ciddi problemlər var. Sol ayağımın bud hissəsində metal çubuq və məftillə 3 yerdən bərkitmə, baldır sümüyündə metal lövhə 8 boltla sümüyə bərkidilib. Qəzadan az sonra Tibbi Sosial Ekspert Komissiyasına müraciət etdim. Bildirdilər ki, qanunvericiliyə görə, alınan xəsarətdən altı ay sonra komissiyadan keçməliyəm. Altı ay sonra TSEK-dən keçdim. Ikinci qrup Qarabağ əlilliyimi gücləndirərək, 13 yanvar 2014-cü ildə iki illik 1-ci qrupla əvəz etdilər. Icbari sığortalar haqqında qanuna əsasən (24 iyul 2011), avtoqəza nəticəsində 1-ci qrup əlil olanlar 4000 manat sığorta ödənişi almalıdır. Sənədlərimi götürüb “Azsığorta” Dövlət Şirkətinə təqdim etdim. Bütün problemlər də ondan sonra başladı”. Qarabağ əlilinin sözlərinə görə, “Azsığorta”Dövlət Şirkətindən ona əvvəlcə deyiblər ki, 1-ci qrup əlilliyi təsdiq edən sənəddə əlilliyin səbəbi kimi, “Azərbaycan Respublikasının müdafiəsi zamanı” göstərilib. Asif Yusifli isə izah edib ki, 2-ci qrup ömürlük əlilliyi qəzadan sonra 1-ci qrupla əvəz ediblər: “Hər şey gözlə görünən səviyyədədir. Üstəlik, xəstəxanadan xeyli arayışlar, ağır xəsarət almağım haqda ekspert rəyi, hətta məhkəmə hökm və qətnamələri var, hamısında da dediklərim təsdiq olunur. Xeyri olmadı, tələb etdilər ki, TSEK-dən xüsusi arayış gətirim. Həmin arayışı da gətirdim və orada qeyd olunurdu ki, ”Azərbaycan Respublikasının müdafiəsi zamanı ikinci qrup ömürlük əlil olmuşam, avtoqəzada aldığım xəsarətlər nəticəsində əlillik dərəcəm gücləndirilərək 1-ci qrupla əvəz olunub". Ötən həftə bildirdilər ki, onda ekspert rəyini əsas götürüb ağır xəsarət aldığım üçün 1500 manat ödəniş edəcəklər. Qanunsuz olaraq, səbəb kimi göstərirlər ki, ekspert rəyində əlil olmağım əksini tapmayıb". Asif Yusifli onu da qeyd edir ki, 14 iyun 2012-ci ildə qəza keçirsə də, 2 iyulda artıq ekspert rəyi verilib: “Həmin vaxt TSEK-dən keçməyim mümkün deyildi. Həm qanuna görə, 6 ay keçməlidir, həm də həmin vaxt reanimasiyada olmuşam, ölüm-qalım arasında idim və bu heç mənim yadıma da düşməzdi. Hansı sənədi istədilər, tapıb, alıb verdim. Heç bir bəhanə üçün yer saxlamadım. Qanunla müəyyən olunan bütün sənədləri təqdim etmişəm. İndi də başqa bəhanə edirlər. “Icbari sığorta haqqında” Qanuna görə, şəxs 3 il ərzində əlil olursa, o müvafiq olaraq sığorta ödənişi alır. Digər tərəfdən, 2 iyulda verilən ekspert rəyindən sonra 4 iyul və 27 iyulda iki dəfə əməliyyat olunmuşam. Həmin əməliyyatdan sağ çıxmasaydım, o halda hansı kriteriya ilə ödəniş edəcəkdilər? Ölümə görəmi, yoxsa ağır xəsarətə görə? Demək belə çıxır ki, mən 4000 manatı almaq üçün ölməli idim? “Azsığorta” Dövlət Şirkətinin bu qanunsuzluğu heç bir həqiqətə sığmır. Bu qurum insanı bezdirmək, əlillərin pullarını mənimsəməklə məşğuldur. Mən Dağlıq Qarabağ uğrunda gedə n döyüşlərdə canımı qoymuşam, sağlamlığınmı itirmişəm, torpağımın, vətənimin uğrunda əlil olmuşam. Bunlar isə bunu dərk etmir və ümumiyyətlə bu barədə fikirləşmir. Bunların bir məqsədi var ki, kompensasiyanı az versinlər”. Asif Yusiflinin sözlərinə görə, o 2012-ci ildən etibarən “Azsığorta” Dövlət Şirkəti tərəfindən süründürülür. Şirkət heç bir əsas olmadan Qarabag müharibəsi veteranına mənəvi əzab verir, sığorta kompensasiyasını mənimsəyir. Müharibə veteranının şikayətləri isə hələ ki cavabsız qalıb. “Azsığorta” Dövlət Şirkəti rəhbərinin və onun işçilərinin bu özbaşınalıqları barədə tədbir görülmür. Nəticədə 2 ildir ki, Qarabağ əlili süründürülür, hüquqları kobud şəkildə pozulur. Geri qayıt |