Əsas Səhifə > Güney Press / Ana xəbər > Rövnəq Abdullayev Aydın Bəşirovun qudasını “girov götürüb”

Rövnəq Abdullayev Aydın Bəşirovun qudasını “girov götürüb”


24-01-2014, 19:17
Rövnəq Abdullayev Aydın Bəşirovun qudasını “girov götürüb”
Daha sonra isə XDG-də Aydın Bəşirovun və yaxınlarının iştirakıyla həyata keçirilmiş müxtəlif maliyyə maxinasiyalarının araşdırılmasına başlanıldı. Aparılan təhqiqat zamanı ortaya çox ciddi maliyyə yeyintiləri və korrupsiya faktları çıxıb. Sözügedən istintaq araşdırması hazırda da davam etdirilir. Görünən isə odur ki, başladılan təhqiqat təkcə Aydın Bəşirovu yox, həm də onun yaxın ətrafını da bitirə bilər. Belə şəxslərdən biri isə Xəzər Dəniz Neft Donanmasının sabiq rəisi, eyni zamanda Aydın Bəşirovun qudası Mübariz Mədətovdur.
Xatırladaq ki, Mübariz Mədətov uzun illər idi ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevin hədəfində idi. Belə ki, ARDNŞ rəhbəri bir neçə dəfə onun tutduğu vəzifədən uzaqlaşdırmağa çalışsa da hər dəfə işə Aydın Bəşirov qarışaraq qudasını mümkün təhlükələrdən qoruyurdu. Bu hələ o zamanlar idi ki, Aydın Bəşirov hakimiyyət düşərgəsində “arzuolunmaz şəxs” elan olunmamışdı və onun hansısa problemi həll etməyə gücü çatırdı. Amma yuxarıda ətraflı bəhs etdiyimiz struktur dəyişikliyi həyata keçirildikdən və Aydın Bəşirov “vurulduqdan” sonra çox şeylər dəyişməyə başladı. İndi Aydın Bəşirov nəinki kimisə qorumaq qüdrətində deyil, əksinə onun özünün ciddi şəkildə güclü himayədara ehtiyacı yaranıb. Belə bir situasiyanın yaranması isə ilk növbədə onun qudası Mübariz Mədətovu çıxılmaz və aciz duruma salıb.
Aparılan struktur dəyişikliyindən sonra onun rəhbərlik etdiyi Xəzər Dəniz Neft Donanması ləğv edilərək səlahiyyətləri yeni yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə verildi. Bu həm də o demək idi ki, artıq Mübariz Mədətov vəzifəsini də itirdi. Amma gözlənildiyinin əksinə olaraq onun əzəli rəqibləri Mübariz Mədətovu “vurmadılar”, o yeni yaradılan strukturda o qədər də əhəmiyyət daşımayan bir vəzifəyə gətirildi. Bu isə haqlı olaraq belə bir sual yaradır: Rövnəq Abdullayev əvvəllər dəfələrlə cəzalandırmağa çalışdığı Mübariz Mədətova indi niyə toxunmur? Axı heç kimə sirr deyil ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni rəhbəri R.Vəliyev SOCAR-ın prezidenti Rövnəq Abdullayevin kadrıdır və təyinatdan öncə ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tuturdu. Belə olan halda Aydın Bəşirovun əsas adamlarından biri sayılan Mübariz Mədətov niyə toxunulmaz qalıb? Təbii ki, bu səbəbsiz ola bilməz.
Həmin səbəblərlə bağlı “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, Mübariz Mədətova toxunmamaq göstərişi şəxsən Rövnəq Abdullayevdən gəlib və burada olduqca gizli və incə məqsədlər gizlənib:
“Hər kəsə bəllidir ki, Mübariz Mədətov Aydın Bəşirovun yaxın qohumu olmasıyla yanaşı həm də onun əsas ticarət ortaqlarından biridir. Bu baxımdan təkcə bir faktı qeyd etmək olar ki, Aydın Bəşirovun oğlunun yaratdığı və neft daşıması ilə məşğul olan şirkətində Mübariz Mədətovun da bir neçə gəmisi var. Oğul Bəşirovla iqtisadi tərəfdaş olan Mübariz Mədətovun həmin biznesdən kifayət qədər böyük paralar qazandığı da sirr deyil. Eyni zamanda Mübariz Mədətovun Xəzər Dəniz Neft Donanmasının rəhbəri olduğu dövrə aid kifayət qədər kompramatlar da onun rəqiblərinin əlindədir.İndi Mübariz Mədətovun “vurulmaması”nın sirrini də burada axtarmaq lazımdır. Başqa sözlə, Rövnəq Abdullayev Aydın Bəşirovun qudası və iqtisadi partnyorunu yanında “girov saxlamaqla” bəzi məqsədlərini həyata keçirməyə çalışır. Hazırda Mübariz Mədətov da anlayır ki, onun taleyi tam olaraq Rövnəq Abdullayevdən asılıdır, odur ki, indi onun dilindən qudasının əleyhinə ifadə almaqdan tutmuş, ortaq maxinasiyalarına qədər çox şeyləri öyrənmək olar. Mübariz Mədətovun “qorunub saxlanılması” yalnız bununla bağlıdır və Aydın Bəşirov məsələsi “həll edildikdən” sonra onun da taleyinə aydınlıq gətiriləcək. Özünü necə aparmasından asılı olaraq Mübariz Mədətov istintaqa cəlb olunaraq həbs də oluna bilər, yalnız vəzifəsini itirməklə də canını qurtara bilər. Yəni, onunla bağlı bütün şərtləri hazırda Rövnəq
Abdullayev diqtə edir”.

Geri qayıt