Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azəristiliktəchizat”dan şikayət olundu

“Azəristiliktəchizat”dan şikayət olundu


22-01-2014, 09:46
“Azəristiliktəchizat”dan şikayət olundu
Qış hələ sərt üzünü göstərməsə də məmurların soyuq üzləri artıq vətəndaşın gününü qara etməkdədir.Moderator.az-a paytaxtın o qədər də ucqar olmayan ərazisindən-“Əhmədli” metrostansiyası yaxınlığından şikayət məktubu daxil olub
51 yaşlı Əhmədov İbrahim Tacir oğlu “Azəristiliktəchizat”dan gileylənir. İ. Əhmədov bildirir ki, artıq 3-4 ildir ki, yaşadığı mənzildə istilik sistemi yoxdur: “Mənzildə 3-4 ildən artıqdır ki, istilik sistemi yoxdur. Hara müraciət etsəm də şikayətimə baxılmır. Doqquzmərtəbəli binaların bəziləri istilik sistemi ilə təmin edilir, bəziləri isə yox. İstilik sistemini vermək üçün pul tələb edirlər. Şəxsən mənə bu haqda bir söz deyilməyib, amma kimin mənzili ki, istilik sistemi ilə təmin olunub onlar deyir ki, mənzilin istilik sistemi ilə təmin olunması üçün gərək ki, “hörmət” edəsən”. Qeyd edək ki, şikayətçi Əhmədli metro stansiyasının yaxınlığında, Məhəmməd Hadi 23 ünvanında yaşayır. Onun sözlərinə görə, həmin küçədə 23, 21, 7 və 9 ünvanlı binalar yanaşıdır. Həmin binalar və eyni zamanda şikayətçinin yaşadığı 23 ünvanlı binanın bir neçə mərtəbələri istilik sistemi ilə hazırda təmin olunur. Şikayətçi tərəfindən bir neçə dəfə istilik idarəsinə müraciət olunub. Hər dəfə istilik idarəsi bir bəhanə uydurub. Sonuncu dəfə müraciətinə baxaraq, binanın istilik sisteminin ana xəttindən, yəni ümumi şəbəkədən kəsildiyini bildirərək təmirə ehtiyac olduğunu söyləyiblər. İdarə rəsmilərinin dediyi kimi əgər istilik vermə sisteminin anaxətti zədələnibsə, onda həmin binanın bir neçə mənzili necə istilik sistemi ilə təmin oluna bilər?
İ.Əhmədovun şikayəti üzrə Məhəmməd Hadi küçəsi 23 ünvanına istilik sisteminə cavabdeh olan istilik idarəsinə müraciət etsək də cavab verən olmadı.
Mövzuya qayıdacağıq və ümid edirik ki, heç olmasa yaz gələnədək problem həllini tapacaq. Ən azından gələn il İ. Əhmədov kimi minlərlə paytaxt sakini mənzilində soyuqdan palto ilə oturmayacaq...

Geri qayıt