Əsas Səhifə > Güney Press / Ana xəbər > Səttar Mehbalıyevin ayırdığı çirkli pullar və qaziyə atılan şər…

Səttar Mehbalıyevin ayırdığı çirkli pullar və qaziyə atılan şər…


15-01-2014, 12:37
Səttar Mehbalıyevin ayırdığı çirkli pullar və qaziyə atılan şər…
Müxalifət partiyalarının bir-birinə qarşı təhqiramiz savaş açması özünü yandıraraq intihar edən qazi Zaur Həsənovun faciəsini gündəmdən çıxarıb. Bu arada hadisəyə bilavasitə nədən olmuş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri S.Mehbalıyev özünü tam şəkilkdə təmizə çıxarmaq üçün “Edis Group” adlı bir şirkətin adını ortaya atıb.

Belə ki, yanvarın 10-da AHİK-in rəsmi internet səhifəsində Z.Həsənovla bağlı yeni açıqlama yer alıb. Açıqlamada iddia olunur ki, uçurulmuş kafe Z.Həsənova məxsus deyilmiş və ora çəkilən xərclərin də ona aidiyyatı olmayıb. Güya kafe ilə bağlı В«Edis GroupВ» şirkəti 2011-ci il avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinə əlavə kasasiya şikayəti verib. Saytda həmin şikayətin bir bəndi olduğu kimi təqdim olunur: “04.07.2011-ci ildə Zaur Həsənov bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yuxarıda qeyd etdiyimiz məhkəmə qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri biz çəkmişik, obyekt bizim balansımızdadır, işçilərimizin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70 kvadratmetr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Zaur Həsənov və digər 15 əlil ailələri birgə dolanırlar”.
Qeyd edək ki, verilən bu şikayət əsaslı sayılmayıb və “Edis Group” məhkəmə tərəfindən Z.Həsənovun “obyekti”nə sahib kimi tanınmayıb. Bir sözlə, bu sadəcə S.Mehbalıyevin hədəfi özündən yayındırmaq istəyi ilə atdığı addıma bənzəyir.
Bəs “Edis Gruop” nədir və bu şirkətin sahibi kimdir?

“Bizim Yol”un apardığı araşdımalara görə, eyni adlı Rusiya Federasiyasında şirkət mövcuddur. Şirkət taxta-şalban, mebel və parket satışı ilə məşğuldur. Rusiyada bu artıq brend şirkət sayılır. Başında da Eqor Qushetskiy durur. Amma eyni adlı şirkətin Azərbaycanla iş ortaqlığı və filalı yoxdur. “Edis Group” Azərbaycanda 02.04.2008-ci il tarixində 300 manatlıq nizamnamə kapitalı ilə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçıb. 2012-ci maliyyə ili üçün də müvafiq hesabatını verib. Şirkətin sahibi isə Məmmədov Samir Arif oğludur. Amma nə bu ad soyadlı şəxsin, nə də şirkətin nə işlə məşğul olması barədə internet resurslarında məlumat yoxdur. S.Məmmədovun adı isə bir neçə məhkəmə prosesində cavabdeh kimi ayrı-ayrı kreditor qurumlara olan borcun qaytarılması iddiası üzrə keçir.

Sözü gedən şirkətin hüquqi ünvanı olan AZ1023, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 35-ada isə, “Edis Group Az” adında başqa bir məhdud məsuliyətli cəmiyyət də 100 manatıq nizamnamə kapitalı ilə 31.03.2009-cu ildə qeydiyyatdan keçib. Bu şirkətin sahibi isə Əşrəfov Vaqif Əliağa oğludur. İnternet resurslarında bu şirkərin də nə işlə məşğul olması və sahibi barədə məlumat yoxdur.

Habelə Azərbaycanda S.Məmmədovun həmtəsisçiliyi ilə və faktiki hüquqi varisi olduğu başqa bir şirkətdə var. Bu 16.04.2012-ci il tarixində min manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş “EFFEKT-E.S.M.S. HOLDİNQ” Məhdud Məsuliyyətli cəmiyyətdir. Holdinqin təsisçiləri Məmmədov Samir Arif oğlu, Əliyev Rübayil Səbirulla oğlu, “AMAL+A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “EDİS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “PİRAMİDA-F.R.”Məhdud Məsuliyyətli Cəmiyyəti, “KOMPAS” Məhdud Məsuliyyətli Cəmiyyəti və Abdullayev Cavid Məzahir oğludur.

Beləliklə məlum olur ki, əslində AHİK-in arqument kimi ortaya atdığı “Edis Group” ciddi bir şirkət deyil və ciddi bir işlə də məşğul deyil.
Habelə, mediada bu şirkətin sabiq müdafiə naziri Səfər Əbiyevə aid olduğu barədə xəbərlər dolaşsa da, sabiq nazir bu məlumatları təkzib edib. Araşdırmalarımız davam edir…

Geri qayıt