Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabiq "Kür" məhbusu onu həbs etdirənlərə qarşı təzminat davası açdı
Sabiq "Kür" məhbusu onu həbs etdirənlərə qarşı təzminat davası açdı15-01-2014, 12:23 |
![]() “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov “Media forum” saytına açıqlama verərək hələ də işsiz olduğunu bildirib: “Kənd yerində nə iş olacaq? Qonşulardan odun tapıb gətirirəm ki, evdə soyuqdan donmayaq. İşlə bağlı heç bir yerə müraciət etməmişəm. Kimə lazımam?” Sabirabadın Əsgərbəyli kəndinin sakini olan İlham Əmiraslanov 2010-cu ilin yazında baş vermiş çay daşqınlarının yaratdığı problemlərin həlli, daşqınlardan ziyan çəkmiş vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərib. 2012-ci il iyunun 8-də tutulub, qanunsuz silah saxlamada təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il noyabrın 28-də vaxtından əvvəl azadlığa çıxıb. “Media forum” saytına danışan İlham Əmiraslanov birinci kursunu bitirdiyi Anadolu Universiteti ilə əlaqə saxladığını qeyd edib: “İllik təhsil haqqını köçürmək lazımdır. Ötən ilin dekabr ayından köçürmənin vaxtı bitib. Universitetdən bildirdilər ki, bu ilin mart ayına qədər təhsil haqqını ödəməlisən. Bir illik təhsil haqqı 1100 avrodur. Mart ayına qədərə bu qədər pulu haradan alım, bilmirəm. Qanunla götürəndə məni şərləyib həbsə atanlar dəyən maddi və mənəvi ziyanı ödəməlidir. Həbs olunmaqla həyatım alt-üst oldu, hər şeydən geri qaldım”. İlham Əmiraslanov ailəsində yaranan bəzi problemlər barədə də danışıb: “Oğlum birinci sinifdə oxuyur. Üç gündür qızdırmadan məktəbə gedə bilmir. Əsgərbəyli kənd orta məktəbində istilik sistemi köhnədir. Sistemin işə düşməsi üçün elektrik enerjisi lazımdır. İşıq olmadığı üçün uşaqlar sinifdə papaqla, kurtka ilə oturur. Uşağı həkimə apara bilmirəm, el təbabəti ilə müalicə edirik. Qızdırma salan dərmanları qardaşım alıb gətirir. Həbsdə olanda da, azadlıqda olanda da mənim və ailəmin bütün əziyyətini qardaşım çəkib. Aidiyyəti qurumlara demək istərdim ki, haqq-ədalətə, insafa gəlsinlər. İşi aparan müstəntiq də gördü ki, tam günahsızam. Məni şərləyənlər, üstümə silah qoyanlar, həyətimə basqın edənlər hamısı ifşa olundu. Mənə olmazın zülmü ediblər. İndi heç olmasa mənə dəyən maddi-mənəvi ziyanı, eləcə də təhsil haqqımı ödəsinlər”. Geri qayıt |