Əsas Səhifə > Güney Press / Ana xəbər > Nazim Süleymanova kimlər və necə torba tikib?
Nazim Süleymanova kimlər və necə torba tikib?9-01-2014, 18:27 |
|
Bir həftə ərzində iki istefa. Hər ikisi də müəmmalı. Şahin Diniyevin “Rəvan”ın, Nazim Süleymanovun “Neftçi”nin baş məşqçi postundan istefa verməsini futbolun peşəkar tərəfi ilə uzlaşdırmaq mümkünsüz. Hər iki istefanın arxasında pərdəarxası oyunların, futbol təsərrüfatındakı idarəetmə sisteminə xas “torbatikmə” əməliyyatının olduğu deyilir. Şahin Diniyevin istefasının təfərrüatlarını tam araşdırmağa macal tapmayan mətbuat, indi də Nazim Süleymanovun istefasını şərtləndirən səbəbləri çözür. Mətbuatın fikiri birmənalıdı: Süleymanova “torba” tikilib. “Tikişçi” də nişan verilir: “Neftçi”nin prezidenti Sadıq Sadıqovun müşaviri, “ağ-qaralar”ın keçmiş baş məşqçisi Böyükağa Hacıyev. Bir iddiada bulunmaq üçün əldə əsas da var. Biz də o əsaslara toxunacağıq. Hələ qayıdaq Süleymanov personasına. Nazim Süleymanov mətbuatda mülayim xarakterli məşqçi kimi təqdim olunur. Guya bu xarakter ona öz şərtlərini klub rəhbərlərinə diktə etməyə imkan vermir. Yanlış təsəvvürdür. Azərbaycanın ən istedadlı futbolçularından olmuş Süleymanov, məşqçi qürurunu heç bir klub rəhbərinin hikkəsinə qurban verməyib. AZAL-da çalışarkən general Vaqif Qasımovun əmrlərinə belə tabe olmayaraq, istefa vermişdi. Süleymanovun istefasına münasibət bildirərkən onun “Neftçi”yə gəlişindən başlamaq lazımdı. O, təklifi qəbul edərkən “Neftçi” rəhbərliyi qarşısında şərtlər qoymuşdu. Özü də komandanın prezidenti Sadıq Sadıqovun qarşısında: bəzi mövqelərə futbolçular alınacaq, arzuladığım məşqçilər korpusunu yanımda görmək istəyirəm. Süleymanov göylə getməmişdi, hər bir peşəkar məşqçinin tələb etdiyi minimum şərtlər irəli sürmüşdü. Ancaq “Neftçi” rəhbərliyi Süleymanovun şərtlərini yerinə yetirmədi. Əvvəlcə ona özünün istədiyi məşqçilər korpusunu formalaşdırmağa imkan vermədilər. Nazim bəy “Neftçi”yə komandasından təkcə Səmədağa Şıxlarovu gətirə bildi. Məşqçinin klub rəhbərliyi ilə münasibətləri də elə o vaxtdan gərginləşdi. “Neftçi”nin prezidenti Sadıq Sadıqov əmin oldu ki, Süleymanov onun “adamı” deyil. Klub prezidenti qısa zamanda “mülayim” Süleymonovun sərt xarakterinə bələd olunca, onunla yolları ayırmağın “yollarını” aramağa başladı. Böyükağa Hacıyevin mətbuatda Nazim Süleymanovun işinə müdaxilə sayıla biləcək açıqlamalar verməsi də bu “yol”un yolçuluğundan xəbər verirdi. Hacıyevin təzyiqləri Teleqraf.com-a verdiyi geniş müsahibədə kluminasiya nöqtəsinə çatdı. Sadıq Sadıqovun müşaviri nümayişkaranə şəkildə “Neftçi”nin baş məşqçisini sərt tənqid etdi. Buna hətta şantaj da demək olardı. Peşəkar klublarda müşavirin belə danışması cəzasız qalmazdı. Ancaq Böyükağa Hacıyevə irad bildirən olmadı. Məsəslə aydın idi, Hacıyev işarəni dənizdən yox, öz prezidentindən alırdı. Bu ərəfələrdə isə Süleymanov üçün “get” siqnalı verildi. Komandanın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə mətbuata verdiyi açıqlamada qış transfer dönəmində futbolçu almayacaqlarını bildirdi. Bu, klub sözçüsünün yox, Sadıq Sadıqovun mesajı idi. Deməli, Nazim Süleymanovun daha bir şərti qəbul olunmurdu. Sadıq Sadıqov yaxşı bilirdi ki, Süleymanovun bu şərti də qəbul olunmayınca, o, özü gedəcək. Xarakterinə bələd olmuşdu axı. Bilirdi ki, diş batırası adam deyil, qürurunu qoruyacaq. Süleymanov getdi. Kiminsə ona diş batırmasına rəvac vermədən getdi. Qalib kimi getdi. Mətbuat iddia edir ki, Süleymanova Böyükağa Hacıyev “torba” tikib. Kökündən yanlış iddiadı. Sadıq Sadıqova “dədəm” deyən müşavirin “Neftçin baş məşqçisinə “torba” tikməyə cəsarəti çatmazdı. Hacıyev Hacı Sadıq Sadıqovun sifarişi əsasında “torba” tikirdi. Amma Süleymanov da oğuldur axı. Hər adama “dədə” deyə bilməyən oğul. O, general Vaqif Qasımovun tikdiyi “torbaya” düşməmişdi, hacının tikdirdiyi “torba”ya necə düşə bilərdi? Torbada pişik qaldı. Bir də Sadıq Sadıqovlu “Neftçi”… Natiq Muxtarlı Geri qayıt |